Yuxarı

Qazaxıstan burjua inqilabı

Qazaxıstan burjua inqilabı

Qoca prezident seçim etməlidir Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkədə sabitliyi pozmağa çalışan bütün qüvvələrin zərərsizləşdirildiyini bildirib. Bununla da xüsusi xidmət orqanları iyunun 5-dən Qazaxıstanda başlanmış hakimiyyət çevrilişinə cəhdin qarşısının tam alındığını bəyan edib. Hətta prezident Nursultan Nazarbayev Dövlət Təhlükəsizlik Şurasının iyunun 10-da keçirilmiş iclasında Milli Təhlükəsizlik Komitəsinə və Daxili İşlər Nazirliyinə ekstremist qüvvələrin qarşısını vaxtında alıb zərərsizləşdirdiyinə görə təşəkkür də edib. Ancaq çox güman ki, bu təşəkkürnamə media vasitəsilə ictimai rəyə hesablanmış bir gediş idi. Səhnə arxasında isə Nur atanın həm MTK, həm də DİN rəhbərinin qəzəbinə tuş gəldiyi şübhə doğurmur. Çünki baş vermiş silahlı qiyamın səbəbləri ilə bağlı hələ cavabını tapmamış bir çox suallar var. Necə olub ki, 2011-ci ildən başlayaraq, cihadçı islamçıların Qazaxıstanın dini fəallığın ən zəif müşahidə olunduğu Qərb bölgəsində yerləşən Aktobe rayonunda kök atmasından MTK və DİN-in xəbəri olmayıb? Əslində olub. Amma məhz ölkənin təhlükəsizliyinə cavabdeh olan bu iki orqanın məsuliyyətsizliyi sayəsində radikal islamçılar kifayət qədər təşkilatlanıb, silahlanıb və dövlət üçün ciddi problemə çevrilib. Bundan isə həm hakimiyyəti ələ keçirmək istəyən daxili qüvvələr, həm də Qazaxıstanda sabitliyin pozulmasında maraqlı olan xarici dövlətlər məharətlə istifadə edə bilib. Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi isə indiyə qədər güc strukturlarına qarşı həyata keçirilən terror aktlarının siyasi məqsəd daşımasının nəinki fərqində olmayıblar, hətta həmin hadisələri ictimaiyyətdən gizlətməyə çalışıblar. Bəlkə də elə prezident Nazarbayevin öz şəxsi göstərişi ilə. Eləcə də bir qrup sabiq məmur ölkədə silahlı yolla dövlət çevriliş hazırlayıb. Qiyamın təşkilatçı, Şimkənd pivə zavodunun direktoru Toxtar Tulaşev təcrixanada oturub çevriliş prosesini idarə edir. Bu hadisənin necə baş verməsi ilə bağlı qazax diktatorun qəzəbli suallarına yəqin ki, həm Milli Təhlükəsizlik Komitəsinin rəisi Vladimir Jumakanov, həm də daxili işlər naziri Kalmuxambet Qasımov cavab verməli olacaqlar. İndi isə Nur atanın hakimiyyətinə təhlükə yarandığından onun polisin və kəşfiyyatın xidmətindən narazı qalması üçün kifayət qədər əsas var. Ona görə də böyük ehtimalla çox keçmədən hər iki qurumun rəhbərliyində ciddi kadr dəyişikliyi baş verəcək, terrorizmlə mübarizə tədbirlənin gücləndirilməsi üçün xüsusi hüquqi və struktur islahatlarının aparılacağı istisna olunmur. Bunlar öz yerində. İndi isə qayıdaq Qazaxıstanda baş verən dövlət çevrilişinə cəhdin obyektiv və subyektiv səbəblərinə. Qazaxıstanda hakimiyyət uğrunda mübarizəni şərtləndirən təhlillərə diqqət yetirsək, bu hadisələr daha çox xarici amillərlə əlaqələndirilir. Yəni yaranmış vəziyyətə daha çox xarici dövlətlərin regionda geosiyasi maraqlarının toqquşması müstəvisində baxılır. Ancaq Qazaxıstanda hakimiyyət uğrunda mübarizənin qızışmasının obyektiv tərəfləri də var ki, bunları inkar etmək olmaz. İlk növbədə, Qazaxıstan prezidenti qocalıb və onun siyasi varis planı üzərində düşündüyü artıq sirr deyil. Hələlik Nursultan Nazarbayev qızı Dariqa Nazarbayevanı vitse-spiker postundan baş nazirin müavini vəzifəsinə gətirməklə onun hakimiyyətin zirvəsinə gələn yolunu açmağa çalışır. Eyni zamanda, hakim Nur Otan Partiyasının bu ilin mart ayında keçirilmiş parlament seçkilərində şəffaf qiymətləndirilmiş nəticələri prezidentliyə gələcək namizəd kimi xanım Nazarbayevanın mövqelərini möhkəmləndirə bilər. Ancaq son hadisələrdə yüksək vəzifəli sabiq dövlət məmurlarının və iş adamlarının iştirak etməsi prezident kürsüsünə iddialı yeni şəxslərin meydana çıxmasından xəbər verir. Eyni zamanda, ölkədə konstitusiya islahatına hazırlaşması və Qazaxıstanın parlamentli respublika sisteminə keçəcəyinə dair məlumatlar hakimiyyətə gəlmək həvəskarlarını fəallaşdırıb. Ona görə də ata Nazarbayevin kürsüsünə göz dikənlərin daha qalmadığını düşünmək olmaz. “Aktobe hadisələri” yaxud “dövlət çevrilişi” adlandırılmasından asılı olmayaraq Qazaxıstanda baş verənlər bir növ gözlənilən idi. Çünki burjuaziyanın mövcud olduğu ölkədə hakimiyyətə alternativ formalaşır. Qazaxıstanda son illər azad sahibkarlığın inkişafına kifayət qədər şərait yaradılıb, iqtisadiyyatda liberallaşma aparılıb, ölkə Ümumdünya Ticarət Təşkilatının şərtləri üzrə islahatları qəbul edərək bu quruma üzv olub, korrupsiya və rüşvəxorluq minimum səviyyəyə enib. Ancaq bütün qazaxların Nur atası bu islahatları həyata keçirərkən bir nəzəri qanunauyğunluğu unudub-İqtisadi azadlıqların həcmi böyüdükcə, siyasətin həcmi kiçilir. Siyasətin həcmi böyüdükcə, iqtisadi azadlıqlar məhdudlaşır. Prezident Nazarbayev isə ölkədə azad sahibkarlıqla siyasi diktaturanı paralel aparmağa çalışıb. Bu prinsiplər isə bir araya sığmırdı. Siyasi inhisarçılıq milli burjuaziyanın hakimiyyət uğrunda sivil mübarizəyə qoşulmasına mane olurdu. Hərçənd ki, postindustrial erada burjuaziya termini özü də klassik yanaşmadır və sinifli cəmiyyətin hakimiyyət uğrunda mübarizəsini əks etdirmir. Lakin kiçik və orta sahibkarlığın yüksək səviyyədə inkişaf etdiyi istənilən ölkədə hakimiyyətə iddialı yeni təbəqə meydana çıxır. Burjuaziyanın nümayəndələri daha çoxi iqtisadi və siyasi azadlıqlar əldə etmək naminə reformist konsepsiyalarla cəmiyyəti öz ətrafında birləşdirir. Ya da hakimiyyət uğrunda mübarizəyə qoşulan siyasətçilərə maliyyə dəstəyi verir. Qazaxıstanda isə azad sahibkarlara hakimiyyətə iddia etmək bir növ qadağan olunmuşdu. Tulaşev kimi biznesmen və onun ətrafındakı müxaliflər hakimiyyət uğrunda sivil mübarizə apara bilmədiyinə görə silahlı vasitələrdən istifadə etməyə məcbur oldular. O ki, qaldı vəhabilərin bu prosesdə iştirakına, o da ölkədəki avtoritarizmin bəhrəsidir. İnsanların demokratik normalarla öz məqsədinə çata bilməməsi onları ya dünyəvi müxalifətin tərkibində silahlı mübarizə aparmağa, ya da radikal qeyri-ənənəvi cərəyanlara qoşulmağa vadar edib. Ona görə də Qazaxıstanda siyasi azadlıqlar təmin edilməyənə qədər silahlı müxalifət hər an yenidən baş qaldıra bilər. Nursultan Nazarbayev getdikcə qocalır, prezidentlik müddəti azalır, hakim elita daxilində dövlət başçısının yerinə iddialıların sayı da artır. İndi Nur ata seçim etməlidir. Ya bütün ölkədə azad sahibkarlığı Azərbaycanda olduğu kimi məhv etməlidir ki, hakimiyyətə iddialı qüvvə qalmasın, ya da siyasi azadlıqları təmin edən islahatlar həyata keçirməlidir. Əks halda, ikinci çevrilişin nə ilə yekunlaşacağını bilmək olmaz. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları