Yuxarı

Ermənistan Qarabağı itirəcək

Ermənistan Qarabağı itirəcək

Natiq Miri:“Ştaynmayer separatçılara xəbərdarlıq edib”

Əli Əliyev: “Avropa çalışır ki, problemin həllində əsas söz sahibi özü olsun”

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrəvanda Eduard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Alman nazir bildirib ki, münaqişə tərəfləri və ATƏT yaxşı başa düşürlər ki, status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Münaqişənin davam etməsi hərbi əməliyyatların başlaması riskini artırır. O daha sonra qeyd edib ki, Dağlıq Qarabağda gərginliyin azadılması üçün məhsuliyyəti ATƏT daşıyır.

Alman nazir həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Ştaynmayer bu gün Azərbaycana səfəri başlayacaq və onun Azərbaycandan sonra Gürcüstana səfəri olacaq. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Ermənistana səfərini “Cümhuriyət”ə şərh edən politoloq Natiq Miri bu səfərin mahiyyətini Ermənistanın geri addım atmağa diplomatik cəhd kimi qiymətləndirib.

N.Miri hesab edir ki, bölgədə təhlükəsizliyin təmin olunması üçün yeganə yol status-kvonun dəyişdirilməsidir: “Əslində, bu bir növ separatçı rejimin rəhbərliyinə xəbərdarlıqdır ki, status-kvonun olduğu kimi qalması həm də separatçı rejim üçün çox ciddi təhlükələr yaradır. Bunun bariz nümunəsi təbii ki, 4 günlük aprel döyüşləridir. Ştaynmayer bunu xatırlatmaqla separatçı rejimin başçısına başa salmaq istəyir ki, əgər bu gün davam edərsə, siz nəinki Qarabağətrafı rayonları, bütövlükdə Dağlıq Qarabağı itirəcəksiniz. Ştaynmayer diplomatik baxımdan separatçılara tövsiyə edib. Bu açıqlamaların anlamı və əslində elə gerçəklərdə bundan ibarədir. Bu gün təhlükəsizliyin təmin olmasının yeganə yolu da məhz status-kvonun dəyişməsidir. Bunun da yolu ermənilərin Qarabağdan çıxarılmasına və Ermənistan orduunun bütövlükdə Qarabağı tərk etməsindən keçir. Bunun alternativi yoxdur. Əslində, çox müsbət haldır ki, həm ATƏT, həm də həmsədrlər səviyyəsində bu gerçəyi anlamağa başlayıblar. Eyni zamanda həm də anlatmağa başlayıblar. Ştaynmayerin bu səfərinin nəticələri haqqında danışması hesab edirəm ki, hələ çox tezdir. Çünki ermənilərə güvənmək olmaz və bundan uzağa gedən nəticələr çıxarmaq hələ ki, tezdir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Ştaynmayerin səsləndirdiyi fikirləri doğru hesab edir. Onun sözlərinə görə, heç kim şübhə etməməlidir ki, münaqişənin həll olunmasında birbaşa məsuliyyət ATƏT-in üzərinə düşür:

“Almaniya Avropa Birliyinin aparıcı dövlətlərindən biridir. Moskvanın Dağlıq Qarabağ məsələsində fəallığı fonunda Ştaynmayer bölgəyə səfəri və kifayət qədər iddialı bəyanatlar verməsi Avropa Birliyin Moskva vasitəçiliyindən narahat olduğunu göstərir. Ştaynmayerdən də əvvəl Sankt-Peterburq görüşündən dərhal sonra Azərbaycana ABŞ dövlət katibinin bölgə üzrə köməkçisi səfər etdi və prezidentlər görüşdü. Amerika Birləşmiş Dövlətləri və Avropa Birliyi də bölgədə nüfuzlarını bərpa etmək üçün Dağlıq Qarabağ məsələsindən bir vasitə kimi istifadə etməyə cəhd göstərirlər.

Ştaynmayer səfəri və səsləndirdiyi bəyanatları da o qəbildən olan nüfuz bəyanatları kimi qəbul etmək lazımdır. Almaniyanın timsalında Avropa Birliyi çalışır ki, bölgənin əsas problemi olan Dağlıq Qarabağ probleminin həllində əsas söz sahibi özləri olsun. Bu, böyük dövlətlər və güclər arasında nüfuz savaşıdır. Bu həm də Rusiyaya bir çərçivə göstərmək üçün Avropanın göstərdiyi performansdır. Əslində Ştaynmayerin səsləndirdiyi bəyanatlar da həqiqətdir. Təbii ki, status-konun uzun müddət dəyişməməsi yenidən hərbi əməliyyatların qızışmasına səbəb olacaq. Kim şübhə edə bilər ki, münaqişənin həll olunmamasında günahkar ATƏT və onun tərkibində fəaliyyət göstərən Minsk Qrupudur. Verilən bəyanatlarda, siyasi maraqlar da bəllidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları