Yuxarı

Putin üçün hədəf ölkələr

Putin üçün hədəf ölkələr

Ərdoğan onları sadaladı, amma...

Qabil Hüseynli: “Ərdoğan gərək bütün ölkələrin adını çəkərdi” Əli Əliyev: “Türkiyədə baş verən terrorun arxasında Qərb dayanır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə çıxışında Atatürk hava limanındakı partlayışdan danışıb. Prezident Ərdoğan çıxışında hava limanını partladanların Qafqazdan gələn şəxslər olduğunu bildirib. Onun sözlərinə görə, son həbslərlə bərabər 30 nəfər saxlanılıb ki, onlardan da hadisə ilə bağlı müəyyən məlumatlar əldə etmək mümkündür:

“Bu ipucları ilə birlikdə hadisənin üzərinə gedəcəyik. Dağıstandan, Tacikistandan, Qırğızıstandan gələnlər var. Təəssüf ki, Qafqaz ölkələrindən olanlar da bu işin içindədir. Hadisə tamamilə İŞİD-lə bağlıdır, onların metodları ilə həyata keçirilib”. Prezident çıxışında Dağıstan, Qırğızıstan, Tacikistanın adını çəkib, bu isə terrora qarşı mübarizədə yeni hədəf ölkələrinin müəyyən edilməsi kimi qiymətləndirilib. Bəzi ekspertlər hesab edilər ki, Suriya, eləcə də İraqda sıxışdırıldıqdan və ciddi zərbə aldıqdan sonra terrorçuların dünyaya, xüsusilə də Mərkəzi Asiyaya səpələnməsi ehtimalı güclüdür və bu, ilk növbədə, Rusiya üçün ciddi təhlükə yaradır. Məhz bu məqamı diqqətə alan ekspertlər Ərdoğanın sözügedən çıxışını Putin üçün hədəf ölkələrin seçilməsi kimi qiymətləndirmənin tərəfdarıdır.

Türkiyə prezidentinin çıxışını “Cümhuriyət”ə şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Ərdoğan gərək bütün ölkələrin adını çəkərdi. O qeyd edib ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə Rusiya ilə birliyini artıq razılaşdırıb: “Ərdoğan gərək bütün ölkələrin adını çəkərdi. Çünki həbs olunanların içərisində azərbaycanlılar da var. Terrorun iştirakçılarından olan azərbaycanlının Azərbaycanı təmsil etməyə heç bir haqqı yoxdur. O, kimlərin təsiri altındadır, kimlərdən pul alır, onları təmsil edir. Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olub və türk xalqı da Azərbaycanın. Amma bu məlum adamlar bu gün Azərbaycanın özü üçün ciddi təhlükə yaradır. Vəhabilik adı altında ölkənin müxtəlif rayonlarında yayılırlar. Digər tərəfdən Səudiyyə Ərəbistandan pul alaraq vəhabiliyi yaymaqla məşğul olurlar. Ən təhlükəlisi isə odur ki, onlar İŞİD-in tərkibinə qatılıblar və orda 300 nəfərlik böyük bir ordu yaradıblar. Onları da gətirib Türkiyənin sərhədində yerləşdiriblər. İŞİD Türkiyəyə müharibə elan edib və sərhədə 14 min adam yığıb. Türkiyə də onları Rusiyanın köməkliyilə cəhənnəmə vasil edəcək və onların içərisində də o satqın azərbaycanlıları da cəhənnəmə göndərəcək. Bu əməliyyat da yaxın zamanlarda başlamalıdır. Ona görə də Ərdoğan ruslarla İŞİD-ə qarşı mübarizədə razılığa gəlib. Lazım gəlsə, “İncirliy”i də Rusiya Hərbi Hava Qüvvələrinin sərəncamına verəcək. Türkiyə bu məsələni də Amerika ilə razılaşdırır və yəqin ki, bu razılıq da əldə olunmaq üzrədir. Bundan sonra İŞİD və onabənzər digər terror təşkilatların sonu gələcək”.

Vətəndaş və İnkişaf PArtiyası (VİP) sədri Əli Əliyev isə məsələyə başqa tərəfdən yanaşıb. Onun sözlərinə görə,  Türkiyə-Rusiya birliyi Qərb dünyasını narahat edir. Ə.Əliyev hesab edir ki, Atatürk hava limanında baş verən terrorun arxasında da məhz Qərb dayanır: “Atatürk hava limanında baş verən partlayışa müxtəlif rəylər verilir. Bu rəylərin də içərisində Türkiyənin məlum ölkələrlə yaxınlaşması göstərilir. Hətta ekspertlərin çoxu hadisənin məhz İsraillə yaxınlaşması zəminində baş verdiyini deyirlər. Təbii ki, bunlar hamısı ehtimallardır. Mənim fikrimcə, bu hadisəni törətmiş insanların keçmiş SSRİ məkanından olması Ərdoğan hakimiyyətinə bir mesajdır. Bu çox güman ki, Rusiya ilə yaxınlaşması fonunda Türkiyəyə qarşı bir aksiyadır. Həbs olunanların da çoxunun keçmiş SSRİ məkanından olması onu göstərir ki, İŞİD Türkiyəni bu yaxınlaşmaya görə təhdid edir.

Hər kəs bilir ki, İŞİD-in kökləri Qərb dünyasına gedib çıxır. İŞİD Qərb dünyasının İslam dünyasını biabır etmək üçün düşündüyü bir layihədir. Rusiya-Qərb qarşıdurması fonunda Rusiya -Türkiyə yaxınlaşması Qərb çevrələrini narahat etməyə bilməz. Bu baxımdan İŞİD heyətinin keçmiş SSRİ ərazisinə aid olması açıq göstərir ki, Türkiyə- Rusiya yaxınlaşması İŞİD-i idarə edən qüvvələrin maraqları daxilində deyil”.

V.Muxtar





Həftənin ən çox oxunanları