Yuxarı

Azərbaycanlıların Gürcüstanda seçki siyasəti

Azərbaycanlıların Gürcüstanda seçki siyasəti

Soydaşlarımız neçə mandat qazanacaq?

Zəlimxan Məmmədli: “Soydaşlarımıza qarşı münasibət dəyişməlidir”

Rafiq Daşdəmirli: “Seçkilərin şəffaflığı türk adayların şansını artırır”

Payızda Gürcüstan parlamentinə seçkilər keçiriləcək. Bu ölkədə yarım milyondan çox (500 min) Azərbaycan türkünün yaşadığını nəzərə alsaq, seçkilər Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyacaq. Bu, Borçalıda yaşayan azərbaycanlıların problemlərinin rəsmi və yüksək səviyyədə qabardılması üçün də vacibdir.

Borçalılara nə qədər deputat lazımdır?

Gürcüstanda 500 mindən çox soydaşımızın yaşamasına baxmayaraq, onlar seçki ilində o qədər də siyasi aktiv olmurlar. Olsalar belə, Gürcüstan hakimiyyətinin və siyasətdəki erməni şəbəkəsinin fəallığı azərbaycanlıların parlamentə gedən yolunun qarşısına böyük əngəllər çıxarır. Hakimiyyət və ermənilər maksimum şəkildə çalışırlar ki, parlamentdə üstün olacaq sayda azərbaycanlı deputat olmasın və buna da nail olurlar. Hər seçki ilində 1-3 arası dəyişən sayda azərbaycanlı deputat Gürcüstan parlamentinə düşə bilir. Hazırda da parlamentdə 3 Borçalı kökənli deputat təmsil olunur.

Gürcüstandan gələn məlumatlara görə, seçkilərə az qalmış Borçalıdan olan türk namizədlər aktivlik nümayiş etdirməyə başlayıblar. Seçkilərdə 10-dan çox azərbaycanlı deputatın parlamentə düşəcəyi gözlənilir. Hesab olunur ki, 10-12 azərbaycanlının deputat mandatı qazanması Borçalı türklərinin problemlərinin qabardılması və həlli üçün yetərli olacaq. Borçalıdan olan ictimai-siyasi fəallar da builki seçkilərdən ümidlidirlər. Bildirilir ki, əvvəlki illərlə müqayisədə azərbaycanlı namizədlərin özlərini təbliğ etmək və proseslərə aktiv şəkildə qoşulmaları üçün lazım olan imkanlar yaradılır.

“Rəhbərlik anlaşmadan imtina etmək niyyətindədir”

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”ə bildirib ki, iyulun 26-da Gürcüstanda Azərbaycan türklərinin ənənəvi Elat Bayramı keçiriləcək. Z.Məmmədli vurğulayıb ki, Gürcüstanın siyasi rəhbərliyi ilə 10 gün əvvəl əldə olunmuş razılaşmadan imtina etmək niyyəti də var:

“Bu məsələ həll olunandan sonra seçkilərə münasibətim olacaq. Əhalinin sayına görə, bütün hallarda soydaşlarımızın Gürcüstan parlamentində təmsil olunmaq şansları daha çoxdur. Təbii ki, bunun yolu da seçim prosesində demokratiyanın hansı dərəcədə iştirakından keçir. Həm də bu yol orta icma olaraq, ortaq bir rəqibin ortada olmasından keçir. Bir sıra şərtlər var ki, bunlar yerində olanda nəticələr də bəlli olur. Əgər Elat Bayramı baş tutsa, bu barədə daha geniş danışacam, hazırda isə gərgin dönəm yaşanır”. Soydaşlarımızın az siyasi aktiv olmasına gəlincə, Z.Məmmədlinin sözlərinə görə, bu Gürcüstanda baş verən siyasi proseslər və mövcud hakimiyyətlə əlaqədar olan məsələdir. O, soydaşlarımızın aktivləşməsinin yolunun siyasi situasiyanın dəyişməsindən keçdiyini dilə gətirib: “Soydaşlarımız aktivdirlər, sadəcə onlara qarşı münasibət dəyişməlidir”.

“Daha güclü və təcrübəlidirlər”

AXCP funksioneri Rafiq Daşdəmirli “Cümhuriyət”ə deyib ki, seçkilərdə 150 deputat parlamentdə iştrak etmək hüququ qazanacaq. R.Daşdəmirli qeyd edib ki, namizədlər proporsional və majoritar sistem üzrə mübarizə aparacaq:

“Əsas mübarizə Vahid Milli Hərəkat və Gürcü Arzusu Partiyası arasında olacaq. Keçən parlament seçkilərində Gürcü Arzusu 85 yerlə üstünlük əldə edərək, 10-cu baş naziri seçdi. Hər iki partiyadan azərbaycanlılar da namizədliklərini irəli sürdülər və onlardan ancaq 4 nəfər parlamentdə təmsil olunmaq hüququnu əldə etdi. Bu ilki seçkilərə gəldikdə isə ümid edirik ki, daha çox namizədlər öz namizədliyini irəli sürəcəklər, daha çox yer qazanacaqlar. Çünki ötən seçkilərlə müqayisədə daha güclü və təcrübəlidirlər. Gürcüstanın qazandığı nailiyyətlərdən azərbaycanlı vətəndaşlar da ayrı-seçkilik olmadan yararlanırlar. Ancaq qeyd etmək lazımdır ki, həmyerlilərimizin problemləri çoxdur. Bunlar arasında kəndlərdə mavi yanacağın verilməməsi, yolların bərbad vəziyyətdə olması, kənd məktəblərinin yararsız olması, müəllim çatışmazlığı, tibbi sığortanın yaşlılara tətbiq olunmaması, müəyyən qədər azalsa da kriminogen durum da var. Ən ağır problem isə dillə bağlıdır. Əksər soydaşlarımız gürcü dilini bilmədikləri üçün hakimiyyətdə təmsil oluna bilmirlər. Bu çətinlikləri aradan qaldırmaq üçün deputatlarımıza böyük yük düşür. Gürcüstan Avropaya inteqrasiya siyasəti seçməsi seçkilərin daha şəffaf keçməsinə zəmin yaradır. Bu da azərbaycanlıların parlamentə düşməsini asanlaşdırır. Buna görə də, seçkilərdə daha çox gürcü dilini bilənlərə üstünlük verərək, bir-birlərinə mane olmayan namizədlərlə iştrak etmək lazımdır ki, mandat yerlərimizi çoxalda bilək, parlamentdə fraksiya yaratmağa nail olaq. Bu isə ayrıseçkiliyin aradan qaldırılmasına, azərbaycanlıların Gürcüstanın siyasi həyatında fəal iştak etməsinə, keyfiyyətli təhsil, sosial iqtisadi vəziyyətin təkmilləşməsinə və mədəniyyətimizin inkşafına yol açacaq”.

Mənsur





Həftənin ən çox oxunanları