Yuxarı

Kreml bu dəfə ağsaqqal prezidenti vasitəçi göndərir

Kreml bu dəfə ağsaqqal prezidenti vasitəçi göndərir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N.Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq. Xatırladaq ki, oktyabrın 12-də isə Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək. Missiya nə vəd edir? “Cümhuriyət” qəzetinin 8-10 oktyabr sayında “Nazarbayev Azərbaycanla Ermənistanı barışdırır?” adlı yazıda (Müşfiq Abdulla imzasıyla) bildirilirdi ki, Qazaxıstan prezidentinin barışıq cəhdi münaqişənin aradan qaldırılmasında Azərbaycanın dəstəklənməsi və ya Avrasiya İqtisadi Birliyinə cəlb olunması niyyəti kimi başa düşülə bilər: “Prezident Nazarbayev bu münaqişədə daim obyektiv mövqe tutmağa çalışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 2014-cü ildə isə Ermənistanın Avrasiya İttifaqına qoşulması zamanı Azərbaycanla sərhədlərinin mübahisəli olduğunu əsas gətirən Nazarbayev işğalçı ölkənin Gömrük İttifaqına qoşulmasının əleyhinə çıxmışdı. 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən döyüşlərdə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi dəstəyinə ümid edirdi. Həmin vaxt yenə “ağsaqqal prezident” adlanan Nazarbayev KTMT-nin Azərbaycana qarşı münaqişəyə qoşulmasının qarşısını alanlardan biri oldu”. Azərbaycanın energetika naziri Natiq Əliyev də “Respublika”qəzetində dərc olunan məqaləsində də Nursultan Nazarbayavin Azərbaycanla Ermənistanı barışdırmağa çalışdığını bildirmişdi. Qazaxıstan prezidentinin yaxın günlərdə regiona səfər edəcəyinə diqqət edən analitiklər bildirirlər ki, o, artıq öz missiyasının icrasına başlayır. Rusiyanın da isti baxacağı halda bu cəhdlərin effektiv nəticələr doğuracağı istisna olunmur. “İlk növbədə Rusiya mövqeyini dəyişməlidir” Millət vəkili Fərəc Quliyev Cebhe.info-ya deyib ki, Nursultan Nazarbayevin müxtəlif vaxtlarda münaqişəyə baxışında Azərbaycanın maraqlarından çıxış edən mövqeləri olub.O, hətta Azərbaycan ərazilərinin işğal faktına görə Ermənistanın Gömrük İttifaqında iştirakının mümkünsüzlüyünü gündəmə gətirib: “Nazarbayevin məsələyə obyektiv baxışı Azərbaycanın maraqlarına uyğundur. Təbii ki, Türkiyə kimi Qazaxıstan da Ermənistandan fərqli olaraq, Azərbaycana bir köynək yaxındır, çalışırlar ki, ədalətli həll olsun. Nazarbayev həm siyasətçi kimi ciddi imicə sahibdir, həm də güclü bir dövlətin başçısıdır. Birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsi Rusiya tərəfindən yaradıldığı üçün Rusiyaya təsir etmək baxımından da Qazaxıstanın problemin həllində oynayacağı rol əhəmiyyətlidir. Qazaxıstanda çox sayda rusdilli insanlar yaşayırlar. Həmçinin Rusiya – Qazaxıstan münasibətləri də hazırda yüksək səviyyədədir. Bu baxımdan Nazarbayev Kremlə müəyyən təsirlər edə bilər”. Lakin millət vəkili bütün hallarda belə cəhdlərin, missiyaların effekt verəcəyinə inanmadığını vurğulayıb: “Əgər Rusiyanın mövqeyində səmimiyyət yaranarsa, bu halda hansısa müsbət dönüşdən danışmaq olar. Rusiya ikili oyunlardan imtina edərsə, problemin həllinə mane olmazsa, bu zaman məsələ həllini tapa bilər. Əks halda, heç bir cəhd nəticə verməyəcək. Rusiya mövqeyini dəyişmədiyi vaxta qədər, münaqişənin yeganə həll yolu kimi müharibə variantı olacaq”. “Qazaxıstan Ermənistana təsir edə bilər” Politoloq Arzu Nağıyev Cebhe.info-ya bildirib ki, Nursultan Nazarbayev istər türk, istər digər dövlətlər və Rusiya tərəfindən qəbul olunan şəxsiyyətdir. A.Nağıyev diqqətə çatdırıb ki, çıxış etdiyi bir sıra beynəlxalq tədbirlərdə Nazarbayev Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunmasına dair tutarlı faktlar verib: “Qazaxıstan KTMT üzvü olsa da Azərbaycanın haqlı maraqlarını müdafiə edir. KTMT üzvü kimi Qazaxıstanın Ermənistana təsir mexanizmləri mövcuddur. Nazarbayevin regiona səfəri həm iqtisadi, həm də siyasi cəhətdən müsbət haldır. Hesab edirəm ki, Qazaxıstan prezidentinin həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə keçirəcəyi görüşlər, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları