Yuxarı

Türkiyə ətrafında gərginlik artır

Türkiyə ətrafında gərginlik artır

Fərhad Mehdiyev: “Ərdoğan qoşunları geri çəkməli olacaq” Türkiyə ətrafında geosiyasi vəziyyət gərginləşir. Oktyabr ayının sonuna qədər Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi üçün hərbi əməliyyata başlanılması gözlənilir. İraq ordusu təkbaşına bu əməliyyatı yerinə yetirmək gücündə deyil. Ona görə də İŞİD üzərinə əsas hücumun ABŞ tərəfindən təşkil edilməsi nəzərdə tutulub. Kəşfiyyat məlumatları Mosulda 5 minə yaxın İŞİD yaraqlısının olduğunu xəbər verir. İŞİD-in paytaxtı sayılan Raqqa şəhərində isə terrorçuların sayı 1,1 min nəfər civarında müəyyən edilib. Ona görə də Mosulun azad edilməsi ABŞ üçün daha çox strateji əhəmiyyət daşıyır. Türkiyənin Mosul əməliyyatına qoşulmasına isə İraq hökuməti israrla müqavimət göstərir. Ancaq rəsmi Bağdad Türkiyə ilə qarşıdurmaya getməmək üçün Mosul əməliyyatında PKK-nın iştirak etməyəcəyini bəyan edib. Yəni, İraq hökuməti üçün ABŞ-ın Mosul planında iştirakı nə qədər zəruri olsa da Pentaqonun müttəfiqi olan kürd silahlı birləşmələrinin bu prosesə qatılması Bağdadla Ankara arasında ziddiyyətləri dərinləşdirə bilər. Bu həm də İraqın PKK-nı müstəqil tərəf kimi tanıması anlamına gəlmiş olar. Rusiya isə daha çox Aralıq dənizi regionunda mövqe qazanmaqda maraqlıdır. Kremlin Suriyanın Tartus limanındakı hərbi hava bazasında raketdən müdafiə kompleksləri quraşdırması, eyni zamanda Misirin Sidi-Barrani hərbi hava bazasını icarəyə götürmək üçün danışıqlar aparması bu məqsədə xidmət edir. Məqsəd ABŞ-ın Aralıq dənizi regionundakı hava hücumundan müdafiə sisteminə qarşı müqaviməti gücləndirməkdir. Ancaq ABŞ-ın Mosulu və Raqqanı İŞİD-dən təmizləmək planı baş tutarsa, bu Vaşinqtona Hələb şəhərinin cənub və cənub-şərq hissəsinə nəzarəti ələ keçirmək imkanı verəcək. Arxa cəbhənin ABŞ-ın əlinə keçməsi Rusiya-Əsəd koalisiyasına Hələbi tutmağa mane ola bilər. “Suriyada Rusiyadan gətirilmiş S-300 və S-400 zenit raket komplekslərinin təhlükəsini müzakirə edən ABŞ Bəşər Əsədin ordusuna aviazərbələr endirmək ideyasından imtina etmir. Bu hava hücumundan müdafiə vasitələri yalnız Tartus limanındakı və Hmeymdəki hərbi hava bazasını ört-basdır etməyə kifayət edir. Rusiya yalnız Suriyanın zenith-raket müdafiə imkanlarını sürətlə artırır”- bu açıqlamanı Rusiya HHMQ-nin baş qərərgahının sabiq zabiti Mixail Xodarenok deyib. Türkiyənin cənub sərhədləri boyunca yaranmış bu vəziyyət Ankaranın manevr imkanlarını artırır. Rusiyanın Hələb şəhərini ələ keçirmək üçün Türkiyənin dəstəyinə ehtiyacı var. ABŞ isə Hələbin Rusiya-əsəd qüvvələrinin əlinə keçməsini istəmir. Eyni zamanda, Mosul ətrafında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qasim Süleymaninin bir briqadasının yerləşməsinə dair məlumatlar var. İraq hökumətinə İranın təsir imkanları böyükdür. Eyni zamanda, İranın şiələrdən ibarət hərbi qüvvələrinin İŞİD-lə mübfrizəyə cəlb edilməsi Mosul əməliyyatının iflasa uğraması ilə yanaşı, müharibənin İraqın digər ərazilərinə də səbəb ola bilər. Bu baxımdan, Türkiyənin əməliyyatda iştirakı “Qüds ordusu” nu İraqdan çıxartmağa çalışan ABŞ üçün daha münasib sayıla bilər. Ümumiyyətlə isə Türkiyənin İraq və Suriya ilə cənub sərhəddi boyunca ABŞ-la Rusiya arasında Mosuldan-Hələbə qədər geniş bir “soyuq müharibə” zolağı formalaşıb. Bu gərginliyin yaxın regionlara, o cümlədən, Cənubi Qafqaza və Mərkəzi Asiyaya da təsir edəcəyi istisna olunmur. Politoloq Fərhad Mehdiyev hesab edir ki, bölgədə münaqişələrin artması “Türk axını”, “Cənub Axını” boru kəməri layihələrini təhlükə altına sala bilər. Ancaq ekspert mövcud gərginliyin fəal mərhələyə keçəcəyini gözləmədiyini dedi: “İraq türk ordusunun güc yolu ilə ölkədən çıxarılmasına qərar versə, o zaman Ərdoğan hakimiyyəti geri çəkiləcək və silahlı qüvvələri oradan çıxaracaq. İraq və Türkiyə ordusunun üz-üzə gəlməsi Türkiyənin daxilində rezonans yarada bilər. Ərdoğanın da siyasəti daha çox daxili siyasətə hesablanıb”. “Bağdad Türkiyəyə etibar etmir” Fərhad Mehdiyev bildirdi ki, İraq ordusu Mosulu təkbaşına azad etməyə qadir deyil. Ancaq Amerika özü Mosulda əməliyyat keçirəcəyinə dair suala müsbət şəkildə bəyan etmir: “Əgər Amerikanın belə bir qərarı olsaydı, Mosulu dərhal İŞİD-dən azad edərdi. İraq Silahlı Qüvvələrinin buna hazır olub-olmaması isə sual altındadır. İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın Türkiyənin yardımına ehtiyacı var. Sadəcə olaraq, İraq hökuməti Türkiyəyə etibar etmir. Çünki Türkiyənin İŞİD-in yayılmasına göz yumması barədə qiymətləndirmələr var. Bundan başqa, Türkiyə Suriyaya daxil olanda İŞİD-lə mübarizə adı altında ordu yeritdiyini bəyan etmişdi. Amma sonra “Fərat qalxanı” əməliyyatının kürd zolağını ləğv etmək məqsədi daşıdığı məlum oldu. Ona görə də İraq Türkiyəyə etibar etmir”. Politoloq Türkiyənin cənubunda yaranmış “soyuq müharibə”nin Azərbaycana və Mərkəzi Asiyaya təsir imkanlarının real olmadığını dedi. Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları