Yuxarı

Seyran Ohanyan revanş götürür

Seyran Ohanyan revanş götürür

Natiq Miri: “Sarkisyan özünərəqib ola biləcək bəzi qarabağlıları zərərsizləşdirdi” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəzlik Şurasının İrəvanda keçirilən iclasında təşkilatın yeni baş katibinin adı açıqlanıb. KTMT-nin yeni baş katibi vəzifəsinə Ermənistanın sabiq baş qərargah rəisi Yuri Xaçaturov seçilib. O, rotasiya qaydasında Nikolay Bordyujanı əvəz edib. Onu da qeyd edək ki, Y.Xaçaturov baş qərargah rəisi vəzifəsindən azad edildikdən sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilmişdi. Yuri Xaçaturov aprel ayında baş vermiş “4 günlük” müharibə zamanı məğlub duruma düşdüyünə görə, bacarıqsız kadr kimi ad çıxartmışdı. Hətta onun vəzifədən çıxarılacağı gözlənilsə də bu qərar müvəqqəti olaraq təxirə salındı. Görünür, prezident Sarkisyan Xaçaturova yeni vəzifələr həvalə etməklə onu baş qərərgah rəisliyindən sakitcə uzaqlaşdıra bilib. Son günlərə qədər KTMT-nin baş katibinin Ermənistanın müdafiə naziri Seyran Ohanyan olacağına dair xəbərlər üstünlük təşkil edirdi. Bu baxımdan, Yuri Xaçaturovun seçilməsi gözlənilməz olub. Seyran Ohanyanın Ermənistanın hökumətinin yeni tərkibindən və baş katib postundan kənarda qalmasını keçmiş müdafiə nazirinin siyasi karyerasının bitməsi rəyi yaradır. Ermənistan hakimiyyətində Qarabağ klanının əsas liderlərindən biri hesab olunan S.Ohanyanın hakim elitadan xaric olunması müşahidə olunur. Təbii ki, bu proses klandaxili münasibətlərə öz təsirini göstərəcək. Bu baxımdan, başlıca sual Ermənistandakı qarabağlı qruplaşmanın liderliyinə S.Ohanyanın iddialı olub-olmaması ilə bağlıdır. Hadisələrin gedişi prezident Serj Sarkisyanın öz mövqeyini əldən vermək istəmədiyini, 2017-ci ildə keçiriləcək parlament seçkilərindən sonra baş nazir postunu tutmaqla hakimiyyətə nəzarəti əldə saxlamağa çalışdığını göstərir. Serj Sarkisyanın səlahiyyət müddəti 2018-ci ildə başa çatsa da dövlət başçısı Ermənistanda parlamentar sistem üzrə ilk dəfə keçiriləcək seçkilərdə Respublika Partiyasının qələbəsinə ümid edir. Ancaq son dövrlər Ermənistanda Qarabağ klanından narazılıq daha da artıb. Ona görə də seçkilərdə bu qüvvənin tam qələbə çala biləcəyini söyləmək çətindir. Hazırda bu klanın liderliyinə yeni şəxslərin gətirilməsi müşahidə olunur ki, bu da böyük ehtimalla mövcud etirazları səngitməyə xidmət edir. Əsgəran rayonunda anadan olmuş Karen Karapetyanın baş nazir postuna gətirilməsi Ermənistanın rəhbərliyində Qarabağ ermənilərinin mövqeyini saxlamağa xidmət edir. Eyni zamanda, Seyran Ohanyanın da klan rəhbərliyinə iddiasını ortaya qoyacağı istisna edilmir. Bu baxımdan, prezidentin S.Ohanyanı elitadan kənarlaşdırması parlament seçkilərində siyasi qüvvələr nisbəti arasındakı balansı saxlamaq cəhdi kimi də başa düşülə bilər. Politoloq Natiq Miri hesab edir ki, S.Ohanyan KTMT-nin baş katibi postundan özü imtina edib. Bu da onun siyasi iddiaları ilə bağlıdır: “Ohanyan hələ vəzifədən azad olunmadan öncə bəyan etmişdi ki, əgər ona Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsi həvalə olunarsa, bundan imtina edəcək. Çünki onun bu vəzifədə işləmək istəyi və həvəsi yoxdur. Ona görə də düşünürəm ki, Ohanyanın baş katibliyə namizədliyini irəli sürməməsi onun siyasi maraqları ilə bağlıdır. Bəzi informasiyalara görə, Prezident Adminstrasiyası rəhbərinin müavini Dallakyan da bu yaxınlarda istefa verdi. Dallakyanla Ohanyanın birlikdə yaxın zamanlarda siyasi partiya yaradacağı deyilir. Bu proses həmin partiyanın növbəti parlament seçkilərində iştiraka hazırlıq kimi dəyərləndirildi. Bu baxımdan, Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib seçilsəydi, təbii ki, Ermənistanda siyasi fəaliyyətlə məşğul olmayacaqdı. Bu, ona məhdudiyyətlər yaradacaqdı. Onun konkret siyasi iddiaları olduğu üçün bu vəzifədən açıq imtina edib. Ohanyan belə bir bəyanat verəndə hələ müdafiə naziri idi, çıxarılmamışdı. Eyni zamanda, yeni hökuməti formalaşdırmaqla Serj Sarkisyan gələcəkdə özünə siyasi rəqib ola biləcək bəzi qarabağlıları zərərsizləşdirdi. Ona görə də Seyran Ohanyan həm Qarabağ klanında, həm də güc orqanlarında olan tərəfdarlarını toplamaqla yenidən siyasi revanş götürməyə çalışır”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları