Yuxarı

Ankaranın buraxılmadığı savaşın detalları

Ankaranın buraxılmadığı savaşın detalları

Türkiyənin Mosul üzərində “B planı” var Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi məqsədilə keçirilən hərbi əməliyyat Türkiyə-İraq münasibətlərini gərginləşdirib. İraq hökuməti Türkiyə silahlı qüvvələrinin əməliyyatda iştirak etməsilə razılaşmır. Dünən baş naziri Heydər əl-Abadi növbəti dəfə Türkiyədən silahlı qüvvələrini İraq ərazisindən çıxartmağı tələb edib. Ancaq Ankaranın geri çəkilmək niyyəti hiss olunmur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaranmış vəziyyətə münasibətini “Biz masada da olacağıq, əməliyyatda da”-şəklində bəyan edib. Bununla da dövlət başçısı Türkiyənin iştirakı olmadan regionun gələcək siyasi mənzərəsinin müəyyənləşməsi ilə barışmayacağına dair açıq və sərt mesaj verib. Prezident Ərdoğan bildirib ki, Türkiyə öz sərhədlərindən 50 kilometr məsafədə gedən müharibəyə biganə qala bilməz. Ona görə də vəziyyətə müdaxilə etmək məcburiyyətindədir. Lakin rəsmi Bağdadın bu məsələdə güzəştə getməməsi Türkiyənin qarşısında başlıca maneəyə çevrilib. Bu səbəbdən də Ankara Heydər əl-Abadi hökuməti ilə yaranmış fikir ayrılığını hazırda diplomatik yolla aradan qaldırmağa çalışır. Türkyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftə İraqdan bir qrup nümayəndə heyətinin danışıqlar aparmaq üçün Türkiyəyə gələcəyini deyib. Böyük ehtimalla Ankara İraqdan Mosul əməliyyatına qoşulmaq üçün icazə istəyəcək. Əks təqdirdə, AKP iqtidarı Türkiyə hərbçilərini Başika şəhərindən çıxartmayacağını və regionda yeni geosiyasi düzənin formalaşmasına imkan verməyəcəyini gizlətmir. İraq isə hazırda Türkiyənin mövqeyi ilə bağlı iki məsələdə təminat almaq istəyir. Əl-Abadinin bəyanatları İraq hökumətinin əsasən iki şərt üzərində dayanacağını deməyə əsas verir. Birincisi, rəsmi Bağdad Türkiyə qoşunlarının əməliyyatdan sonrakı mərhələdə İraq ərazisindən çıxarılacağına dair təminat almaq istəyir. İkincisi, Türkiyə Mosuldakı sünni icmasına siyasi dəstəyini geri çəkməlidir. Hər iki şərt Türkiyə üçün kifayət qədər həssas məsələdir. Çünki Mosul əməliyyatından sonra yarana biləcək geosiyasi vəziyyət Türkiyə üçün strateji əhəmiyyət daşıyır. İŞİD-in İraq ərazisini tərk etməsindən sonra Mosul bölgəsinə hansı siyasi qüvvənin nəzarət edəcəyi mübahisəli olduğundan Türkiyə bu məsələyə aydınlıq gətirilməsini istəyir. Türkiyəni narahat edən təhlükəli məqamlardan biri İŞİD yaraqlılarının geri çəkilməsinin ardınca PKK terror təşkilatının Sincər-Mosul bölgəsində dəhliz yaratması ilə bağlıdır. Belə bir kürd dəhlizinin qurulması Türkiyənin İraqla 350 km-lik cənub sərhəddi boyunca növbəti PKK terror təşkilatının fəalliyyəti üçün əlverişli və nəzarətsiz zonaya çevrilə bilər. Ona görə də Ankara Mosul əməliyyatında iştirak etməklə bölgənin gələcək geosiyasi xəritəsinin formalaşmasında birbaşa rol oynamağa çalışır. Türkiyə PKK təhlükəsinin qarşısını Suriyada olduğu kimi, İraqın şimalında bufer zona yaratmaqla ala bilər. Sünni-şiə savaşı alovlana bilər Siyasi müşahidəçilərin rəyinə görə, terrorçuların Mosulu tərk etməsindən sonra şəhərdə sünni və şiə icmaları arasında qarşıdurmanın başvermə riski yüksəkdir. Mosul regionda sünniliyin əsas mərkəzi kimi tanınır. Ancaq şəhərin azad edilməsində şiə milis dəstələrindən ibarət Ninova Mühafizəçilərinin (sabiq Həşti-Şəba) iştirak etməsi şiələrin bu bölgəyə iddiasının artması ilə müşahidə olunur. Bu isə bölgədə məzhəb savaşının başlanmasına və İraqın parçalanması üçün dağıdıcı amilə çevrilə bilər. Türkiyənin bölgədə yeni bir məzhəb müharibəsinin baş qaldırmasına yol vermək istəmədiyini  deyən Rəcəb Tayyib Ərdoğan sünnilər və şiələr arasında ayrı-seçkilik salınmasını pisləyib. Amma AKP iqtidarı ötən illərdə Mosul bölgəsinin sünni əhalisinə dəstək verdiyini inkar edə bilməz. Məhz həmin amil Türkiyə hökumətinin İŞİD-lə əlaqələrinin olması barədə rəylərinin meydana çıxmasına səbəb olmuşdu. Türkiyənin Mosul bölgəsində mövqeyə sahib olması Ankara üçün geosiyasi nüfuz məsələsidir. Mosul şəhəri 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra sünnilərin ABŞ-a qarşı müqavimət hərəkatının mərkəzinə çevrilmişdi. Həmin qüvvələr İraqın koalision hakimiyyətindəki şiə hökumətini də qəbul etmir. Qeyd edək ki, hazırda Səddam Hüseyinin tərəfdarlarından ibarət “Nəqşibəndilər” ordusu da İŞİD-ə qarşı döyüşlərdə iştirak edir. Regionda radikal sünniliyin yayılması və İraqın ikinci böyük şəhəri olan Mosulun onların əlinə keçməsi 2012-14-cü illərdə İŞİD-ə bu əraziləri, o cümlədən, Ramadi, Fəllucə, Təlavər kimi şəhərləri qısa müddətdə işğal etməyə şərait yaratmışdı. Siyasi ekspertlərin verdiyi məlumata görə, İraq hökuməti ölkənin şimal-qərbinə nəzarəti ələ almaq üçün Mosulun azad edilməsindən sonra şəhərdə demoqrafik düzəni dəyişməyə, bu əraziyə şiələri yerləşdirməyə çalışır. Prosesin belə inkişafı ABŞ-ın maraqlarına uyğundur. Vaşinqton ABŞ-a qarşı potensial təhlükə mənbəyinin zərərsizləşdirilməsində maraqlı olduğundan İraq hökumətinin “Mosulu şiələşdirmək” siyasətinə etiraz etmir. Türkiyənin Mosul əməliyyatına buraxılmamasına ABŞ-ın seyrçi yanaşmasının gerçək səbəblərindən biri də budur. Ankaranın Mosul sünnilərinə dəstəyinin aradan qalxması bu prosesi asanlaşdıra bilər. Ancaq bu situasiyanın birmənalı şəkildə ABŞ-ın maraqlarına cavab verdiyini söyləmək olmaz. Çünki regionda İran faktoru var. Mosul üzərindən sünni nüfuzunun götürülməsi və Türkiyənin geosiyasi mövqeyinin zəifləməsi həm də İranın maraqlarına cavab verir. İraq hökuməti üzərində yüksək təsirə malik olan İranın Yaxın Şərqə və Aralıq dənizinə çıxması üçün Mosulu ciddi maneə hesab edir. Əgər Mosul üzərində sünnilərin və Türkiyənin təsiri zəifləsə, İranın şimali İraq vasitəsilə Suriyaya və Aralıq dənizinə çıxış imkanları reallaşa bilər. Bu həm də İranın “Hizbullah”la birbaşa əlaqə qurması və İsrailə təzyiq göstərməsi üçün geosiyasi dəhliz rolunu oynaya bilər. Suriya böhranı ilə bağlı İran yaratdığı şiə koalisiyasına İraqı daxil edib. Hazırda bu regionda İran başlıca geosiyasi rəqibi kimi Türkiyəni görür. Tehran rejimi İraqın şimalındakı şiə türkmənlərə də potensial müttəfiqi kimi yanaşır. Ona görə də Türkiyənin İraq ərazisini tərk etməsinə dair bəyanatların mətninin Tehranda yazıldığı daha çox inandırıcı görünür. Ankaradan güc nümayişi Türkiyənin belə asanlıqla geri çəkiləcəyini də iddia etmək olmaz. Baş nazirin müavini Numan Kurtulmuş Türkiyənin ehtiyat “B planı”nın, bu mümkün olmasa, “C planı”nın olmasından danışıb. Lakin N.Kurtulmuş həmin planların məğzi barədə açıqlama verməyib. Eyni zamanda, Türkiyə silahlı qüvvələrinin “Fərat qalxanı” əməliyyatını yenidən davam etdirməsi Ankaranın planları haqda ilkin qənaəti söyləməyə imkan verir. Mosul əməliyyatı ilə eyni vaxtda İŞİD-ə qarşı aviazərbələr endirən Türkiyə artıq Suriyanın şimalındakı Dabık rayonunu terrorçulardan təmizləyə bilib. Dabık İŞİD-in əsas strateji güc mərkəzlərindən biri olan Əl-Bab şəhərinin yolu üzərində yerləşir. Bu baxımdan, Türkiyənin yaxın vaxtlarda Əl-Bab üzərinə hücuma başlayacağı gözlənilir. Mosulun azad edilməsindən sonra əməliyyat planına Raqqa və Əl-Bab şəhərlərinin azad olunması da daxildir. Türkiyənin bəri başdan Əl-Babı İŞİD-dən xilas etməsi Mosul əməliyyatına qatılan qüvvələri Ankaranın hərbi və diplomatik gücü ilə hesablaşmağa vadar etmiş olar. Bu isə Türkiyənin Raqqa əməliyyatına qatılmasına ciddi zəmin yaradır. Prezident Ərdoğanın Türkiyənin həm masada, həm də əməliyyatda olacağı barədə arxayın danışması görünür, məhz bu məqama hesablanıb. Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları