Yuxarı

Rusiyanın silah bazarı - Dağlıq Qarabağ

Rusiyanın silah bazarı - Dağlıq Qarabağ

Üzeyir Cəfərov: “Azərbaycan çəkinmədən Rusiyaya etirazını bildirməlidir”

Rusiya Ermənistana yeni silahlar satmağa hazırlaşır. Razılaşmanın Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən iclası çərçivəsində əldə olunduğu bildirilir. “Bəli, belə bir məlumat var. Razılaşma tam realizə olunmadığı üçün hansı silahların alındığını deyə bilmərəm. Lakin razılaşmanın olması silah tədarükünün ən qısa zamanda gerçəkləşəcəyini deməyə əsas verir”- deyə hərbi ekspert Sergey Minasyan açıqlama verib. Qeyd edək ki, Rusiya 2015-ci ildə Ermənistana silah almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb.

Ermənistanın “Aravot” qəzeti isə Rusiyadan müdafiə xarakterli zenit-raket komplekslərinin alınacağını yazıb. “Aravot” qəzetinin yazdığına görə, Ermənistana veriləcək silahlar sırasında TOS 1A “Solntsepyok” raket sistemləri və müdafiə xarakterli zirehli avtomobillər də var. Bu arada prezident Putinin köməkçisi Yuri Uşakov sözügedən xəbərə münasibət bildirərəkən, Rusiya ilə Ermənistanın müttəfiqi olduğunu və qarşılıqlı razılaşmaya əsasən silah satmaq hüququna malik olduğunu söyləyib. “Bu məsələdə qeyri-adi heç nə yoxdur”-Uşakov belə deyib. Xatırladaq ki, Rusiya sentyabr ayında Ermənistana iki ədəd “İskəndər” raket kompleksləri də satmışdı. Rusiyanın son zamanlar Ermənistana hərbi dəstəyini artırması daha çox iki səbəblə izah edilir. Kremlin bu addımı ilk növbədə, Ermənistanda artmaqda olan anti-Rusiya əhval-ruhiyyəsinin aradan qaldırılmasına xidmət edir. İkincisi, aprel ayında baş vermiş döyüşlər Dağlıq Qarabağ münaqişəsində hərbi balansın Azərbaycanın xeyrinə dəyişdiyini təsdiq etdi. Rusiya Ermənistanın status-kvoya nəzarəti itirməsindən narahatlığını açıq büruzə verir. Ona görə də Moskva Ermənistanı daha müasir və ağır silahlarla təmin etməklə yaranmış problemi aradan qaldırmağa çalışır. Kreml eyni zamanda, Azərbaycanı “aprel müharibəsi”ni təkrarlamaq fikrindən çəkindirmək üçün ismarıc verməyə çalışır.

Ancaq Rusiya münaqişə tərəflərinin hər ikisini silahlandırmaqda maraqlı görünür. Ermənistanda Rusiya əleyhinə aksiyaların keçirilməsinin əsas səbəbi məhz Moskvanın Azərbaycana silah satması olmuşdu. Buna baxmayaraq, aprel döyüşlərindən sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozin bütün etirazlara baxmayaraq, Azərbaycana silah satmaqda davam edəcəklərini söyləmişdi. Roqozin Rusiya satmayacağı təqdirdə, bu silah bazarına başqa ölkələrin daxil olacağını əsas gətirmişdi.

Hazırda Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satışını artırması Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bir daha isbat edir. Sanksiyalar altında olan Rusiyanın əsas gəlir mənbəyi indi əsasən dünyada artmaqda olan münaqişələr və terror təşkilatlarına silah satmaqdan əldə edilir. Bu baxımdan, Rusiya hərbi qarşıdurmaların artmasında maraqldır. O cümlədən, Ermənistanla Azərbaycan arasında müharibənin davam etməsi Rusiya üçün fəal biznesə çevrilib. Son vaxtlar Rusiyanın Ermənistana və Azərbaycana yer-hava və hava-hava tipli uzaqmənzilli raketlər, digər -ağır silahlar satması müşahidə olunur. Moskvanın bu siyasəti regionda gərginliyin artması ilə müşahidə olunur.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlər böyük güclərin Dağlıq Qarabağ problemini həll etmək istəmədiyini, öz maraqlarını yerinə yetirmək istədiyini göstərir: “Bu ölkələr çox rahat şəkildə işğalçını silahlandırır, ona havadarlıq edir. Rusiyanın sonuncu müqavilə ilə Ermənistana satdığı silahlar Azərbaycana da verilib. Hətta Azərbaycan Silahlı Qüvvələri ondan daha güclü silahlara malikdir. Həmin silahlar təlimlərdə və hərbi paradlarda nümayiş etdirilib. Məsləyə başqa istiqamətdən yanaşmaq lazımdır. Rusiya niyə qeyri-səmimilik nümayiş etdirir və bizm təbii haqlarımızı pozur? Aprel döyüşləri zamanı Rusiyanın xahişi olmasaydı, Azərbaycan silahlı qüvvələri düşmənə başa salacaqdı ki, onlara daha ağır zərbələr vurula bilər. Rusiya məsələni dondurdu və bundan sonra özünün çirkin məqsədlərini həyata keçirməyə başladı. Rusiya sanki alverlə məşğuldur və başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa çalışır. Ona görə də Azərbaycan buna çox sərt münasibət göstərməlidir. Bəziləri tarixə heç də xoş ifadələrlə düşməyəcək, balacaboy Putinə hörmətlə yanaşılır. Amma bu kiçikboylu adam Azərbaycanı sanki barmağına dolayıb. Azərbaycan buna sərt şəkildə etiraz səsini ucaltmalıdır. Mən bilmirəm, biz nədən çəkinirik? Bizim ölkəmiz səmimiyyət göstərir, Rusiya isə Ermənistana silah satır, vəziyyəti gərginləşdirir. Prezidentin “Bağlı qapılar arxasında bəziləri bizlərə Dağlıq Qarabağın müstəqilliyini tanıyın”-fikrini söyləməsi təsadüfi deyil. Rusiya çox yekəxana davranır. Onun bu siyasəti özünü Ukraynanın timsalında göstərib. Əgər Ermənistan-Azərbaycan cəbhə xəttində döyüş əməliyyatları yenidən başlayacaqsa, ölənlərin sayı minlərlə olacaq. Bütün bunlar Rusiyanın oyunlarının nəticəsidir”.

Üzeyir Cəfərov bildirdi ki, Ermənistanda yerli əhali Rusiya əleyhinə aksiya keçirməkdən çəkinmədi. Amma Azərbaycanda belə aksiyalar təəssüf ki, keçirilmir. Əgər Azərbaycan ictimaiyyəti öz narazılığını bildirsə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində də irəliləyiş əldə oluna bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları