Yuxarı

Prezidentə Facebook, düşmənlərə vəzifə, artistlərə səhnə - Kərimovsuz Özbəkistan 1 ayda

Prezidentə Facebook, düşmənlərə vəzifə, artistlərə səhnə - Kərimovsuz Özbəkistan 1 ayda

İslam Kərimovsuz Özbəkistanı təsəvvür etmək bir zamanlar bəlkə də mümkün deyildi. Özbəkistanda belə düşünürdülər, bir çoxları üçün Özbəkistan həm də İslam Kərimov demək idi. Yaşlı prezidentin qəfil ölümü ilə ölkədə çox şey dəyişdi.

Prezidentdən sonrakı Özbəkistan da indi dəyişiklik yolundadır. Həm də bu dəyişiklik çoxlarının gözləmədiyi sürətlə gedir. Elə bir sürət ki, bunu hətta hökumətdə yüksək vəzifə tutanların da bir çoxu qəbul edə bilmir. Ölümündən günlər keçəndən sonra yeni Özbəkistan görməyi ağıllarına belə gətirməyən sakinlər üçün Şövkət Mirziyoyevin rəhbərlik etdiyi və gələcəkdə də prezident kreslosuna yiyələnmə şansının böyük olduğu Özbəkistanda bu müddətdə nələr yaşandı? Cebhe.info təqdim edir.

Heç bir etirazsız kürsüyə

Özbəkistan Kərimovsuz günlərini yaşayır. Ölkəni müvəqqəti olaraq Şövkət Mirziyoyev idarə edir Ancaq bu müvəqqətini daimiyə, ən azı bir dönəm rəhbərliyə dəyişmək sadəcə zaman məsələsidir. Artıq Özbəkistanda da, ölkədən xaricdə də hər kəs Şövkət Mirziyoyevin prezident olacağından əmindir. Baxmayaraq ki, baş nazir vəzifəsini tutan Mirziyoyevin prezident səlahiyyətlərini müvəqqəti icra etmək hüququ yox idi, o, Konstitusiyanın bu tələbinə əməl etmədi. Baş nazir kimi ölkəyə rəhbərliyi özünün edəcəyini dedi və daha sonra prezidentliyə namizədliyini irəli sürdü. Ölkədə Mirziyoyevin prezident səlahiyyətini məmimsəməsinə ciddi etirazlar olmadı. Cəmiyyətdən zatən ciddi təpki gözləmək absurd idi. Təpki daxildən ola bilərdi və klanlar İslam Kərimovdan sonrakı Özbəkistana rəhbərlik uğrunda savaşa qoşula bilərdilər. Hələlik isə görünən odur ki, Senat rəhbəri prezident səlahiyyətini icra etməyə hüququ çatdığı halda heç bir etirazsız bu hüququ Şövkət Mirziyoyevə tanıdı.

Artıq prezidetə şikayət edə bilərsən

Mirziyoyevin xalqa ilk vədi Kərimovun kursunu davam etdirəcəyi oldu. Çünki bu kurs ölkə üçün ən yaxşısı hesab olunurdu. Ancaq cəmi bir neçə gün sonra məlum oldu ki, Mirziyoyevin dediyi ilə əməlləri üst-üstə düşmür. Baş nazir Kərimovun kursundan nəinki kənara çıxıb və hətta özünəməxsus yeniliklərə də imza atıb. Cəmi 1 ayda bu qəmgin görünən ölkədə ciddi dəyişikliklər baş verib. Bir çoxları üçün bu dəyişikliklə böyük gələcək vəd edir. Ölkədəki yeniliklərdən ən başlıcaları bunlardır. Artıq Özbəkistanda hər kəs öz şikayətini əlaqədar quruma və hətta şəxsən Mirziyoyevə çatdıra bilər. Bunun üçün xüsusi veb səhifə yaradılıb. Bu veb sayt vasitəsilə hər kəs Mirziyoyevə öz şikayətini göndərə bilər. Rəsmi məlumatlara görə, təkcə 2 həftə ərzində Mirziyoyevə ünvanlı 30 min müraciət daxil deyil. Onların bir hissəsi şikayətçilərin xeyrinə həll edilib. Bu rəqəm özü ölkədə probleminin həllini gözləyən kifayət qədər çox insanın olduğu anlamına gəlir. Kərimovun dönəmində isə hansısa şikayətin birbaşa prezidentə çatdırılması mükün deyildi.

Şikayətlərlə yanaşı Mirziyoyevin ünvanına təqdir məktubları da daxil olur. Bu məktublar zaman-zaman mətbuatda və ya sosial şəbəkələrdə yayılır. Amma bir çoxlarının fikrincə, bu, Mirziyoyevin sadəcə seçkiyə hesablanmış gedişidir. Seçkidən sonra hər şey köhnə qaydası ilə gedəcək. Ancaq digər qrup bunu o qədər də güclü arqument hesab etmir və fikirlərini onunla əsaslandırırlar ki, Özbəkistan kimi ölkələrdə Mirziyoyev kimi namizədin seçilməmək imkanı yoxdur.

Dövlət başçısı Facebook-da

Yeniliklər isə bununla bitmir. Ölkədə ilk dəfə olaraq  dövlət başçısının sosial şəbəkədə səhifəsi açılıb. Facebook-da Mirziyoyevin səhifəsində onun rəsmi səfərləri, xarici liderlərlə görüşləri, yeni qərarlar, kadr təyinatları haqqında məlumatlar əksini tapır. Artıq səhifə 22 min dəfə bəyənilib. Kərimovun zamanında isə xalqla ancaq televiziya və rəsmi saytlar vasitəsilə əlaqə saxlanılırdı.

Kərimovun qəzəbinə tuş gəlib, Mirziyoyevlə dost oldular

Üzərinə prezident səlahiyyətləri götürən kimi dərhal Mirziyoyev təkcə Daşkənddə yox, regionlarda da kadr dəyişikliyinə başlayıb. Bu da Özbəkistan üçün yenilik idi. Baş nazir getdiyi istənilən yerdə kadr dəyişikliyi etmədən qayıtmırdı. Mirziyoyev zamanında İslam Kərimovun qəzəbinə tuş gələn məmurlardan bəzilərinə yeni vəzifələri etibar etdi. Bununla da Kərimovdan narazı qalan kəsimi özünə tərəf çəkməklə zərərsizləşdirmək yolunu tutdu. Daxili müxalifətdən beləliklə yaxa qurtarmaq üçün vəzifə paylamaqdan gözəl üsul yəqin ki, yoxdur. Üstəlik bu kadr dəyişiklikləri ilə Mirziyoyev həm də özünü təkcə prezident səlahiyyətlərini icra edən baş nazir kimi yox, həqiqi prezident kimi aparır. Bu da psixoloji təsirdir və işə yarayır. Artıq seçkini ancaq formallıq hesab edirlər.

Biznesə yaşıl işıq

Artıq Mirziyoyev orta və kiçik biznesə siqnal da verib. Bu sahələrin inkişafı üçün dəstəyini sərgiləməyəcəyini bəyanlayıb. O, hətta istehsalçıların və sahibkarların hüquqlarının müdafiəsi üçün biznes-ombudsman yaratmağı da təklif edib. Sahibkarların vəziyyətinin yaxşılaşdırılmasının ölkədə rəqabət mühiti yaratmağa səbəb olacağını deyən baş nazirin fikrincə, bu qrupun həyat səviyyəsinin yaxşılaşması istehsalın artması və əhalinin digər qrupunun da maliyyə durumunun yaxşılaşması ilə müşayət olunacaq. Xaricə məhsul ixrac edən fermerlərə subsidiyalar vəd olunur. Onlar indi dövlətə əldə etdikləri valyuta gəlirinin 25 faizini satmağa borcludurlar. Əvəllər isə bu məbləğ 50 fazi idi. Mirziyoyev fermerləri qalan 25 faizdən azad edib. Belə olduqda isı fermerlərin qazancının daha 25 faizi özlərinə qalacaq. Çünki ölkədə valyuta məzənnəsi fərqlidir. Belə ki, rəsmi kurs bazar məzənnəsindən 2 dəfə ucuzdur və fermerlər indi bu rəsmi məzənnə ilə ancaq valyuta gəlirlərinin 25 faizini satmağa məcburdurlar.

İslam Kərimovun ölümündən sonra Amerika dollarının rəsmi məzənnəsi 3 min sum olub. “Qara bazar”da isə bu məbləğ 6500 sumdur. Bu, son illərin ən yüksək göstəricidir.

Qonşularla dostlaşdı

Mirziyoyev özünü qeyri-rəsmi prezident elan etdikdən sonra ilk işlərindən biri də qonşularla münasibətləri normallaşdırmaq olub. Qazaxıstan Qırğızıstan və Tacikistanla münasibərlərin normallaşdırılmasında ilk addımlar atılıb. Halbuki Kərimovun zamanında bu ölkələrlə sərhədlər demək oalr ki, bağlı olub. Kərimovun vəfatından sonra Daşkənddə saxlanan 4 qırğız azad edilərək vətənə göndərilib. Əndicana isə uzun illik fasilədən sonra qırğız məmur və jurnalistlərdən ibarət nümayəndə heyəti gəlib. İndiyə qədər heç vaxt qonşularla bu qədər isti münasibət olmayıb.

Vətəndaşlıqdan çıxmaq istəyənlərə yol açıqdır

Özbəkistanda indi başqa ölkənin vətəndaşı olmaq istəyənlərə qarşı da münasibət dəyişib. Belə ki, indiyə qədər ölkədə vətəndaşlıq məsələsinin həlli üçün qanunvericilik bazası olmayıb.  İndi isə başqa ölkənin vətəndaşlığının qəbul edildiyi təqdirdə Özbəkistan vətəndaşlığından çıxmaq qanunla tənzimlənir.

Artistlər də nəsibini aldı

Kərimovun zamanında qadağalara məruz qalan mədəniyyət işçiləri də əfv edilib. Mirziyoyev ölkədə tanınmış sənət adamlarına qoyulan qadağaların ləğvi barədə tapşırıq verib. Xalqın bəzi sənətkarları xalqa qaytarılıb. Ulduz Osmanova, Şirəli Jurayev, Obid Asomov bu siyahıdadır.

Mirziyoyevin zürafəsi

Daşkən zooparkında bir zürafə var. Bu zürəfə Daşkəndə Qazaxıstandan gətirilib. Alatay adlı bu zürafəni sahibi deyilənə görə  Şövkət Mirziyoyevdir. Ancaqonun ölkəyə gətirilmə səbəbi açıqlanmır. Bütün dəyişikliklərə baxmayaraq ölkədə hələ söz və mətbuat azadlığı, müxalifətin təqib edilməsi, insan hüquqların kütləvi şəkildə pozulması aradan qaldırılmayıb. Buna görə Qərbdə həmişə tənqid olunan İslam Kərimovdan sonra bu sahələrdə vəziyyətin necə olacağı yəqin ki, dekabra prezident seçkilərindən sonra məlum olacaq.

Cebhe.info





Həftənin ən çox oxunanları