Yuxarı

Azərbaycan: İsrail, yoxsa İran?

Azərbaycan: İsrail, yoxsa İran?

Azərbaycan vətəndaşı İsrailə və yəhudilərə necə münasibət bəsləməlidir? Davranışında dövlətin, yoxsa kənardan diqtə edilən siyasi postulatların müdafiəçisi olmalıdır? Azərbaycan vətəndaşı simpatiyasını müəyyənləşdirən zamanı sırf milli maraqlar mövqeyindən, yoxsa təriqətçilik çıxarlarından çıxış etməlidir?

Cebhe.info xəbər verir ki, bu mövzu ətrafında yaranmış sualları Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırıb. Ə.Əliyev qeyd edib ki, mövzuya müraciətinin səbəbi İsrailin keçmiş prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar baş sağlığı verməyini İsrail səfirliyində ifadə etməyi olub:

“Ziyarətə gözləmədiyim halda qeyri-adekvat saydığım münasibət göstərildi. Az saylı da olsa, etirazçılar, Fələstin Azadlıq Təşkilatının simvolu Yasir Ərafatla eyni vaxtda Nobel mükafatı almış Peresin müsəlman qatili olduğunu deyirdilər. Lakin tarixi kadrlarda dəfələrlə Ərafatın prezident Pereslə də, o vaxtkı Baş nazir İshaq Rabinlə də qol-boyun görüntülərinə şahid olmuşam. Bu dəfə də FAT rəhbəri Mahmud Abbasın Peres ailəsinə səmimi şəkildə başsağlığı verdiyinin şahidi oldum.  Beynəlxalq diplomatik münasibətlərdə bu tərz nəzakət etiketi sayılır və insanlıq baxımından müsbət qiymətləndirilir.

Peresin hakimiyyəti dövründə İsrail-Fələstin münasibətləri sülhə ən yaxın məsafədə olub. Peresin "İki millət, iki dövlət" formulu yaxın Şərqin bu günə qədər sızlayan yarasına məlhəm ola bilərdi. Lakin dünya gücləri Ərəb və İsrail xalqlarının normal birgə yaşayışına yol vermədilər. Bu gün isə Fələstin problemi həlli perspektivsiz görünən bir dünya düyünüdür. Bu yerdə, "Azərbaycanlılar Fələstin probleminə görə İsrailə mənfi, düşmən münasibətində olmalıdırlarmı?" aktual sualı ortaya çıxır. Bir sıra din xadimlərimiz, onların da arxasınca davamçıları bu suala müsbət cavab verir və hamını da bu mövqedə olmağa çağırırlar. Təbii ki, suala cavab belə bəsit şəkildə verilmir, Quran müddəaları ilə arqumentləşdirilməsinə cəhd edilir. Əlbəttə ki, cavab verilən zaman məsələnin bu günkü siyasi kökləri barədə susulur, hansı dövlətin mövqeyinin ifadə olunması gizlədilir.

Cavab müəlliflərində işim yoxdur. İnsanlarımız fikirlərində sərbəstdirlər. Onları qınamaqdan da xeyli məsafəliyəm. Bir halda ki, hamı passionar elektoratı öz siyasi iddialarında alət etmək məqsədilə susur, müxtəlif məscid camaatı və ya icmaların sıravi nümayəndələrinə irad bildirmək səhvdir. Bildiyim qədər müqəddəs Kitabımız insanlara nifrəti aşılamır. İsrail övladlarını da 2 qrupa-sapmışlara və Kitab əhlinə bölür və bəşəriyyətə müraciətlərində sapmış və peyğəmbərlərə və Allah yoluna asilik edənləri lənətləyir. Mən belə bilirəm. Ola da bilər yanlışım var, istisna etmirəm”.

Məsələnin ilahi tərəfi

VİP sədri qeyd edib ki, məsələnin ilahi tərəfi ruhanilərin araşdırma sahəsidir: “Bir də, düzünü Allah bilir. Problemin siyasi və milli aspektləri mənim üçün daha maraqlıdır. Əvvəldə onu deyim ki, bizim torpaq işğalımıza münasibətdə hər 2 FAT rəhbəri- Ərafat və Abbas erməniləri müdafiə edib, işğalçının haqlı olduğunu rəsmi şəkildə bəyan ediblər. Hər 2 Fələstin lideri daim İsrail rəhbərliyi ilə rəsmi və şəxsi təmaslarda olublar. Belə olduğu təqdirdə, Fələstinə görə Azərbaycan vətəndaşları İsrailə mənfi münasibət bəsləməlidirlərmi? Düşünürəm ki, yox. Ən yaxın müttəfiqimiz olan Türkiyə İsraillə münasibətlərin gərginləşdirilməsinin yanlış olduğunu anladıqdan sonra, rəsmi səviyyədə münasibətlər demək olar ki, tam bərpa edilib. İsrail dövləti etdikləri yanlışlara görə üzr istəyib, bu yolda boynuna düşəni etməklə məşğuldur”.

Azərbaycan və yəhudilər

Əli Əliyevin sözlərinə görə, Azərbaycanda yaşayan etnik yəhudilər xalqımızın qədimdən bəri ayrılmaz tərkib hissəsidirlər: “Quba şəhərinin Qırmızı qəsəbəsi, eləcə də bütün Azərbaycan boyu səpələnmiş bütün yəhudilər, dini gələnəklər istisna olunmaqla, bütün adət və qaydalarımızı əxz etmişlər. Şəhidlər xiyabanında canını Qarabağ yolunda fəda etmiş Araqunovumuz var. Moskvada biznesi olan milyarder Azərbaycan əsilli yəhudilər işçiləri seçərkən birinci çevrələrini azərbaycanlılardan hörür, özünkülər qədər bizimkilərə inanırlar. Nyu-Yorkda Brodvey toylarında Azərbaycan musiqisi ilə toy edirlər. ABŞ-ı yada salmışkən, Qarabağ probleminə dair yəhudi diasporasının gördüyü müsbət işləri kim bilmir ki? Qarabağ müharibəsi demiş, aprel döyüşlərində düşmənin Əzrail mələyinə çevrilmiş pilotsuz təyyarələri bizə İsrail satmadımı? Rusların erməniyə "İsgəndər" verib üstümüzə göndərdikdə, paytaxtımızı təhdid etdikdə, bizi toxdadan İsrailin verdiyi müdafiə sistemi olmadımı? Azərbaycanın ixracatda ən böyük və etibarlı partnyoru İsrail deyilmi? Bu sualları hədsizə qədər uzada bilərəm. Mənə elə gəlir ki, kifayətdir”.

Azərbaycan – İsrail münasibətləri və İran

Əli Əliyev bildirib ki, İsraillə ən gərgin münasibətlərə malik dövlət dost və qardaş ölkə İrandır: “Azərbaycanda sayca üstünlük təşkil edən Cəfəri məzhəbli müsəlmanlar, həm də İranın əsas dini kəsimidirlər. Heç şübhəsiz ki, Azərbaycan dindarları arasında İsrailə və Musəviliyə münasibət İrandan qaynaqlanır. Lakin bu doqmatizm fanatik şəkildə təzahür etməməlidir. Hər dövlətin öz çıxarları vardır. İran dövləti həmsərhəd olduğu yeganə xristian dövləti, işğalçı Ermənistanla xoş münasibətlərdədir. Rusiya ilə müttəfiqlik edərək Suriyada, ABŞ-la isə eyni şərtlərlə İraqda müharibə aparır. Məgər Qurani-Kərimdə başqa dinlərdən olanlarla dostluq etməyin əmri verilməyibmi bütün müsəlmanlara? İrana olar, Azərbaycana yox? İsrailə hər il, ayaqda qalması üçün, milyardlarla vəsait ayıran ABŞ-la müttəfiqlik olar İrana, Azərbaycana İsraillə iş biriyi və xoş münasibətlər qadağandır? İsrail generalları Azərbaycan dövlətini təhdid edərək, vaxtaşırı bizim torpaqları öz ərazisi elan etmir. Millətimizin də Ana dilini qadağan edən yəhudilər deyil”.

İsrail, yoxsa İran?

Partiya sədri qeyd edib ki, Azərbaycan vətəndaşları üçün birinci dərəcəli məsələ milli çıxarlarımız olmalıdır: “Biz hamının maraqlarına sayğı ilə yanaşırıq. Bizim də maraqlarımızı hamı nəzərə almalıdır. Azərbaycanlılar üçün isə bu vəzifədir. Dövlət və milli maraq çərçivəsini hamı bilməli və hörmət nümayiş etdirməlidir. Dövlət bizim ictimai sığınacağımızdır. O olmasa dünyaya səpələnərik. Onu qorumaq hamının həm Allah, həm də Babalarımızın ruhu qarşısında ən müqəddəs borcudur. Ona görə mənim Peresin anım mərasimimə qatılmağımda kriminal axtarmayın. Bu insani borc idi. Başqa dövlətin maraqlarını Azərbaycan marağından üstün tutmaq isə, yumşaq desək, səhvdir. Bu səhv hansı qiyafədə olsa belə, səhvdir”.

Mənsur Rəğbətoğlu

 





Həftənin ən çox oxunanları