Yuxarı

İran parlamentində türk fraksiyası

İran  parlamentində  türk fraksiyası

 

Dilavər Əzimli: “Güneydə milli oyanış prosesinin qarşısını almaq mümkün olmayacaq”

İran parlamentində türk fraksiyası yaradılıb. Məlumata görə, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatın iştirakı ilə yaradılıb. Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirilib və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçilib. Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər. Fraksiya ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradılıb.

Bəzi ekspertlərin gəldiyi qənaətə görə, fraksiyanın yaranmasında ilkin mərhələdə rejimin özü maraqlıdır. Əslində fraksiyada təmsil olunan deputatlar parlamentdə heç bir milli məsələni müzakirəyə çıxarda bilməyəcək. Ekspertlər hesab edir ki, fraksiyanın yaranması azsaylı xalqlar nümayəndəsi olan türklər üçün ziyanlıdır.

Tarixçi-alim Dilavər Əzimli “Cümhuriyət” qəzetinə bildirib ki, müxtəlif rəylər səslənir, amma konkret fikir söyləmək çətindir. Tarixçi qeyd edib ki, uzun zamandır Güney Azərbaycanda milli oyanış gedir və proses gün-gündən güclənir: “İnsanın üzərinə yeriyəndə etnik şüur oyanır. Bu oyanış dünyada gedən proseslərdən asılı olaraq İranda da milli kimlik problemini gündəmə gətirib. İran rəsmiləri çox gözəl anlayır ki, milli kimlik məsələsinə lazımi səviyyədə nəzarət etməsələr oyanışın qarsısını almaq mümkün olmayacaq. Bu mənada onlar bu cür işlər görməyə məhkumdurlar. Fraksiyanın yaranması irəliyə doğru bir addımdır. Hər halda 100-ə yaxın deputatın bir fraksiyada birləşməsi adi hal deyil. Bu, milli şüurun oyanması deməkdir.

Bu baxımdan bu, həm də İranın atdığı məcburi addımdır. İran güneydə yaşayan türklərə dil azadlığı verməlidir. Hesab edirəm ki, bunu etmək üçün İranın yeganə çıxış yolu türk dilinə ikinci dövlət dili statusu verməkdir. İran türkləri və türk dilini çox ciddi şəkildə sıxdı, buna görə də bu ölkə ciddi fəlakətlərlə üzləşəcək”. Dilavər Əzimlinin qənaətincə, fraksiya güneylilər üçün heç bir əhəmiyyət kəsb etmir: “Onsuz da güneylilərdə milli kimlik məsələsi günü-gündən qüvvətlənir, zindanlara düşürlər, onlar ana dili tələb edirlər. Hesab etmirəm ki, fraksiyanın türklər üçün ziyanlı tərəfi olsun. Bu, ancaq türklərə xeyir gətirə bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları