Yuxarı

Azərbaycan Ordusunda 500 milyonluq Pakistan silahı

Azərbaycan  Ordusunda  500 milyonluq  Pakistan silahı

 

Ramil Məmmədli: “Bu silahlar döyüş meydanında uğurla sınaqdan keçirilib”

Azərbaycan Pakistandan yarım milyon dollarlıq silah alacaq. Pakistanın Ticarət və Müdafiə Sənayesi Nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını artıq təsdiq edib. Hərbi ekspert Ramil Məmmədli iki ölkə arasında qurulan hərbi əməkdaşlığı müsbət dəyərləndirərək qeyd edib ki, bu ölkədə istehsal olunan silahlar dözümlülüyünü döyüş meydançasında sübut edib:

“Dünyada milli müdafiə sənayesi sektoruna sahib olan ölkələrin sayı azdır. Bu azlıqlar sırasında qərarlaşan dövlətlərdən biri də Pakistandır. Rusiya, Almaniya, Amerika texnologiyası və təcrübəsindən istifadə edərək Pakistan hərbi imkanlarını genişləndirib. Pakistanın müdafiə sənayesi sektoru dünyada sözünü deyə bilib. Bu baxımdan iki ölkə arasında qurulan əməkdaşlıq təqdirəlayiq haldır. Təcrübələr də bu silahların uğurlu olduğunu göstərib. Kəşmir ərazisi ilə bağlı Hindistanla müharibə şəraitində yaşayan ölkənin istehsal etdiyi silahlar dəfələrlə döyüş meydanlarında uğurla sınaqdan keçirilib”.

Ekspert hesab edir ki, müxtəlif istiqamətlərdə öz sözünü deyə bilən Pakistan C17 təyyarəsi ilə bir daha təcrübəsini sübut edib: “Bu gün Pakistanın hava qoşunlarından müdafiə sistemi də var. Raket komplekslərinin yaradılması istiqamətində də əməli addımlar atılıb. Pakistanın hərbi hava qoşunları da dünyada sayılıb-seçilən qoşun növlərindəndir. Bu ölkə C-17 böyük döyüş təyyarəsinə sahibdir. Amma Türkiyə kimi bir ölkədə yerli istehsal olan döyüş təyyarəsi yoxdur. Bu bir daha sübut edir ki, Pakistan dünya hərb sistemində öz sözünü deyə bilib”.

R.Məmmədlinin proqnozlarına görə, atılan bu addımla iki ölkənin müdafiə sənayesi sektoru birgə layihələr imzalayacaq. Ekspertin sözlərinə görə, yarım milyard dollarlıq silahın alınması ölkənin hərbi büdcəsinə mənfi təsir etməyəcək: “Azərbaycanın müdafiə büdcəsində təxminən 2 milyard manata yaxın azalma hiss oluna bilər. Bu elə də böyük rəqəm deyil. Azərbaycanın müdafiə büdcəsi nəinki Pakistan, həmçinin digər ölkələrlə əməkdaşlığa da heç bir maneə yaratmır”.

“Elə silah var ki, Rusiya onu satmır”

R.Məmmədli İsrail, Rusiya silahları ilə müqayisədən də danışıb. O qeyd edib ki, hərbi istehsalla məşğul olan ölkələrin hərəsi bir istiqamətdə formalaşıb: “İstənilən ölkənin, o cümlədən də İsrail, Rusiya silahlarının hamısını müsbət dəyərləndirmək mümkün deyil. Məsələ, Amerika hərbi hava qüvvələri, Almaniya isə quru qoşunları texnologiyaları istiqamətində formalaşıb. Rusiyanın hərbi hava qüvvələri, raket qoşunları daha güclü ixtisaslaşıb. Rusiyanın “Kalaşnikov” sinfinə daxil olan silahları dünyada analoqsuzdur. Baxmayaraq ki, bu sahənin inkişafı üçün NATO ölkələri milyardlarla dollar pul xərcləyib. Rusiyadan hər şeyi ala bilmirik, elə məhsullar var ki, bu ölkə həmin silah-sürsatları satmır, satmayacaq da. Amma qonşu ölkədən fərqli olaraq Pakistan istənilən hərbi sürsatını Azərbaycanla paylaşır. Pakistan da bu mənada digər ölkələrdən geri qalmır”.

Nigar Məhərrəm

 





Həftənin ən çox oxunanları