Yuxarı

Düşmən tətikdə

Düşmən tətikdə

ABŞ-dakı seçkilər erməniləri iştahalandıra bilər

Üzeyir Cəfərli: “Bu dəfə nə Amerika, nə Rusiya, nə də Fransa onları xilas edə bilməyəcək”

Növbəti ABŞ prezidentinin kim olacağı bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Bütün nəzərlər ABŞ-dakı prezident seçkilərinə yönəlib. Bu cür həssas məqamda dünyanın bəzi münaqişə ocaqlarında müəyyən təxribatların olacağı istisna olunmur. Hətta hər fürsət də Azərbaycana qarşı bədnam siyasət aparan və təxribatlar törədən Ermənistan bu məqamdan yararlana bilər. Düşmən ölkə aprel döyüşlərindən sonra dəfələrlə bəyan edir ki, itirdikləri mövqelərini hər an bərpa etməyi qarşısına məqsəd qoyub. İstənilən vaxt Ermənistan həmin prinsipiallığını ortaya qoymaq üçün yenidən qarşıdurma yarada bilər.

Siyasi şərhçilər həmin məqamın indi olacağını istisna etməsələr də, digər tərəfdən bunun mümkünsüzlüyünü vurğulayırlar. Hesab edirlər ki, Ermənistan daim zəif və “əlaltı” ölkə olduğuna görə icazəsiz addım ata bilməz. Yəni, əsiri olduğu ölkələrin sifarişlərini yerinə yetirməklə məşğuldur. Amma erməni separatçılarının hər an Dağlıq Qarabağda əməliyyat keçirəcəkləri heç şühbəsiz deyil. Düşmən ölkə bütün dünyanın diqqəti olduğu ABŞ-dakı seçkilərdən istifadə etməklə Dağlıq Qarabağda istənilən qarşıdurmanı gündəmə gətirə bilərlər. Bu ehtimalla politoloqlar da çıxış edir və düşünürlər ki, ermənilər nə vaxtsa aprel döyüşündə itirdiklərinin əvəzini mütləq çıxacaqlar. Həmin məqam məhz indi baş verə bilər. Bu da ondan irəli gəlir ki, məhz indiki məqamda dünya güclərinin marağını azdırmaq mümkündür.

“Ermənistan girovdur”

Hərbi və siyasi şərhçi Üzeyir Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ermənilərdən Azərbaycana qarşı istənilən “yaramazlıqları” gözləmək lazımdır: “Sutkanın 24 saatı bunlar hazır vəziyyətdədirlər ki, Azərbaycanı pis vəziyyətə qoysunlar, ölkəyə maddi və mənəvi ziyanlar vursunlar. Ona görə hər şey gözləmək olar. Bilirik ki, Ermənistan öz ağlı ilə oturub dursaydı, Azərbaycanın ona tətbiq etdiyi gücü göz önünə alıb vəziyyətdən bəlkə də düzgün nəticə çıxarardı. Amma təəssüflər olsun ki, bu gün Ermənistan böyük dövlətlərin - Amerikanın, Rusiyanın, Fransanın və digərlərinin əlində girov vəziyyətindədir. Güc dövlətlər isə bu cür seçki və siyasi proseslərdən hər zaman yararlanırlar. Ermənistan hər hansı bir qərarı özü qəbul eləmir. Hərçənd ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi özlərinə görə müstəqil olmalarını bəyan edirlər. Biz onların hər hansı bir müstəqilliyini heç vaxt görməmişik. Bu ölkənin gözü hər zaman kənarda olub və ağaları tərəfindən nə göstəriş verilirsə, onu da yerinə yetirirlər. Ona görə də düşünmürəm ki, düşmən ölkə indiki həssas  məqamda özbaşına hər hansı bir qərar qəbul etsin. Azərbaycan ordusu onsuz da hazır vəziyyətdədir”.

Ekspert qeyd edib ki, noyabrın 12-də rəsmən elan olunub ki, Azərbaycan Silahlı Qüvvələri 60 min şəxsi heyətin iştirakı ilə genişmiqyaslı təlimlər keçirəcək. Bu təlim ayın 18-nə qədər davam edəcək: “Ermənistan bilə-bilə ki, döyüş bölgəsinə yaxın ərazilərdə onun bütün şəxsi heyətinə bərabər sayda Azərbaycanın şəxsi heyəti hazır vəziyyətdədir, hansısa təxribatı törətməyə ürək etməz. İstənilən an siyasi qərar qəbul oluna bilər. Təxribatlar onsuz da hər gün davam edir. Ona görə də Azərbaycan Silahlı Qüvvələri bu təxribatlara hazır olmalıdır. Hərbidə heç bir boşluğa yol vermək olmaz. Düşmən istənilən an təxribatı və “yaramazlıqları” Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirə bilər”.

“İşimizi ehtiyatlı tutmalıyıq”

Üzeyir Cəfərlinin sözlərinə görə, əslində böyük güclər dünyada böyük oyunlar oynayırlar: “Bu oyunlarda da bəzi ölkələr bilərəkdən və bilməyərəkdən iştirak edirlər. Ermənistan həmin dövlətlərin siyahısına aiddir. Bu ölkə hər zaman böyük dövlətlər tərəfindən ustalıqla istifadə olunub. Gah NATO-ya, gah Avropa Birliyinə, öz ağaları olan rəsmi Moskvaya sədaqətlərini nümayiş etdirmək üçün zaman-zaman müxtəlif hiylələrə əl atıblar. Bu erməninin xislətinə uyğun bir məsələdir. Sözsüz ki, biz kiməsə görə öz işimizi qurmamalıyıq. Nə qədər ki, torpaqlarımız işğal altındadır, nə qədər ki cəbhə bölgəsində gərginlikdir, aktiv döyüşə hazır olmalıyıq”.

“Yeni toqquşma Ermənistanın sonunu gətirəcək”

Ekspert onu da əlavə edib ki, Ermənistan aprel döyüşlərində itirdikləri mövqeləri hər an geri qaytarmağa niyyətlidirsə, müəyyən addımlar ata bilərlər: “Onlar Talış və Lələtəpə istiqamətlərindəki itirdikləri mövqeləri geri qaytarmaq niyyətində olduqlarımı bildirirlər. Hətta “həyasızcasına”  Azərbaycana hədə-qorxu gələrək  itirdikləri mövqelərin əvəzinə Yevlaxa,  Kür çayının sahillərinə qədər gələcəklərini bəyan edirlər. Amma bu dəfə başlayacaq toqquşmalar Ermənistanın sonunu yaxınlaşdıracaq. Hətta nə Amerika, nə Rusiya, nə də Fransa onu xilas edə bilməyəcək. Çünki Azərbaycan aprelin əvvəllərində böyük dövlətlərin xahişinə və müraciətinə müsbət yanaşdı. Gözlədi ki, onlar nəsə edəcəklər. Amma 7 aydan çoxdur ki, bu ölkələr öz oyunlarını oynayırlar və Dağlıq Qarabağla bağlı konkret heç bir addım atmaq fikrində deyillər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları