Yuxarı

Rusiya Qərbə doğru genişlənir

Rusiya Qərbə  doğru genişlənir

 

Moldova və Bolqarıstanda Moskvapərəstlər hakimiyyətə gəldi

Moldovada prezident seçkilərinin ikinci turunun nəticəsi açıqlanıb. Cebhe.info yerli mətbuata istinadən xəbər verir ki, Sosialist Partiyasının lideri, 41 yaşlı İqor Dodon qalib gəlib. Moldova MSK-nın məlumatına əsasən, İqor Dodon 54,7% səs toplayıb. İkinci turda onunla yarışan Həmrəylik Partiyasının lideri Maya Sandu seçicilərin 45,3 faizinin səsini qazanıb.

Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda da Sosialist Partiyasının üzvü, hərbi hava qüvvələrinin sabiq komandanı Rumen Radev 58,5 faiz səs toplayaraq seçkilərdə qalib gəlib. Bu iki qonşu dövlətdə eyni vaxtda solçuların qələbəsi ciddi beynəlxalq reaksiya ilə qarşılanıb. Buna səbəb İqor Dodonun və Rumen Dadevin öz ölkəsində Rusiyapərəst siyasətçi kimi tanınmasıdır. Ona görə də hər hər iki sosialistin prezident seçilməsi Rusiyanın şərqi Avropada geosiyasi qələbəsi kimi də dəyərləndirilir. Xatırladaq ki, İ.Dodonun prezidentliyi dövründə Moldovanın qərbyönümlü siyasətinin dəyişəcəyi və Rusiya ilə münasibətlərin istiləşəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsinin, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır.  İqor Dodon Avropa Birliyinin Assosiasiya sazişindən imtina edilməsinə nail olmaq üçün Moldovada referendum keçirilməsini təklif edir. Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayırdı.

Müxalifət seçkilərin nəticələrinin saxtalaşdırıldığını və buna etiraz olaraq küçələrə çıxacağını bəyan edib.

Sabiq kommunist prezident Vladimir Voroninin tərəfdarı kimi tanınan İqor Dodon isə Rusiya tərəfindən dəstəklənən Sosial Demokrat Partiyasının fəallarından olub. 2011-ci ildə V.Voroninlə fikir ayrılığı yaranan İ.Dodon Sosialist Partiyasını qurub. O, yalnız xarici siyasətdə Rusiya ilə əlaqələrin tərəfdarı kimi tanınmır, həm də Kreml elitası ilə sıx əlaqələrə malikdir. Mövcud hakimiyyəti Rusiya ilə dialoq imitasiyası etməkdə ittiham edən İ.Dodonun prezidentliyi dövründə ölkənin xarici siyasət vektorunun Avropaya inteqrasiyadan Rusiyaya tərəf yönələcəyi ehtimal edilir. Moldovanın yeni seçilmiş dövlət başçısı dünən mediaya ilk açıqlamasını verib. O, prezident kimi ilk xarici səfərini Moskvaya edəcəyini bildirib.

Postsovet ölkələri üçün “Moldova sindromu”

Bəzi siyasi ekspertlər hesab edir ki, İqor Dodonun Rusiyaya birmənalı marağı avroatlantik institutların məyusluğundan daha azdır. İqor Dodonun qələbəsi yalnız Moldovada deyil, bütövlükdə postsovet məkanında narahatlıqla qarşılanıb. Digər keçmiş Sovet respublikalarına siyasi-hərbi təsirini artırmağa çalışan Rusiya həmin dövlətlərdə hakimiyyıt dəyişikliyi amilindən yararlanmağa çalışır. NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq hazırda Moskvanın baçlıca geosiyasi strategiyasını təşkil edir. Bu məqsədlə Putin iqtidarı şərqi Avropada, o cümlədən, Baltikyanı, Qara dəniz və Cənubi Qafqaz istiqamətində hərbi potensilaını artırmağa çalışır. Moldovada Kremlə yaxın şəxsin hakimiyyət başına gəlməsi bu ölkənin Avropaya və NATO-ya inteqrasiyasının qarşısını almaqla yanaşı, Rumıniya ilə birləşmə prosesini naməlum müddətə təxirə sala bilər. Eyni zamanda, Dnestryanı bölgədə Rusiyanın hərbi-siyasi fəallığının artması həmin münaqişənin həllinin qeyri-müəyyən müddətə ləngiməsi deməkdir. Ona görə də yaxın gələcəkdə Moldovanın Rusiya ilə Qərb arasında əsas geosiaysi toqquşma nöqtələrindən birinə çevriləcəyi istisna edilmir. Hadisələrin axarı yeni prezidentin yürütdüyü siyasi kursdan çox asılı olacaq. Dodon qatı Rusiyapərəst kimi təqdim olunsa da Krım münaqişəsinə münasibətdə Moskvanın mövqeyini dəstəkləyən bəyanat verməyib. Hətta o, Krımın statusunun Dnestryanı bölgə ilə bağlı danışıqların zərbə vurduğunu deyib.

İqor Dodon Dnestryanı bölgəyə vahid Moldova Federasıyası daxilində geniş muxtariyyət verilməsini təklif edir. Bu baxımdan, Dnestryanı probleminin həlli prezident Dodon üçün çətin bir siyasi gediş olacaq. Sonuncu seçkilərin nəticəsinin adıçəkilən münaqişənin aradan qaldırılmasına hesablanmış “ev tapşırığı” olması da mümkün hesab edilir. Ancaq İqor Dodon üçün bu o qədər də asan olmayacaq. Rusiyanı isə indi Dnestryanı bölgənin Moldovanın tərkibində qalıb-qalmamasından daha çox, Moldovanın Rumıniya ilə birləşməsi sualı düşündürür. Kremldə artıq Dnestryanı münaqişəsinə milli məsələdən daha çox siyasi problem kimi baxırlar. Əgər Moldova NATO-nun üzvü olan və ABŞ-ın şərqi Avropada ən böyük raketdən müdafiə sistemi yerləşən Rumıniya ilə birləşərsə, o zaman Alyansın sərhədləri Dnestr çayı sahillərinə qədər gəlib çıxacaq. Bu isə Rusiyanın dəstəklədiyi separatçıların NATO ilə qarşı-qarşıya qalması deməkdir. Bu baxımdan, Dodonun prezident seçilməsi Rumıniya ilə bir federasiyada biləşmə ideyasının qarşısını alır.

Lakin Moldovanın parlamentli respublika olduğunu nəzərə alsaq, prezident Dodonun siyasi iradəsinin ölkə siyasəti üçün həlledici rol oynayacağını söyləmək çətindir. Üstəlik, Moldova geosiyasi mövqeyinə görə, Avropa Birliyinə və NATO-ya daha yaxın sayılır. Qeyd edilən səbəbdən Moldovanın yaxın zamanlarda Rusiyanın siyasi orbitinə yuvarlanacağını iddia etmək çətindir.

Rusiyanın NATO-da ikinci müttəfiqi

Siyasi ekspertlər İqor Dodonla yanaşı, Bolqarıstanda Roman Rudevin və ABŞ-da Donald Trampın prezident seçilməsi arasında siyasi paralellik axtarmağa çalışırlar. Analitiklərin fikrincə, bu proses seçicilərin liberal qloballaşma kursundan yorulduğunu göstərir. Radev Rusiya ilə münasibətlərin bərpasının tərəfdarı olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar məsələsi hökumətin işidir. Yaxın vaxtlarda Bolqarıstanda yeni hökumət formalaşacaq. Rəsmi Sofiya Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropa Birliyinin mövqeyindən çıxış etsə də, ümumiyyətlə, son dövrlər Moskva ilə yaxınlaşmağa çalışır. Buna səbəb Rusiyaya məxsus təbii qazın “Türk axını” layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması üçün Türklyə ilə razılıq əldə edilməsidir. Boyko Borisov hökuməti isə həmin layihəyə alternativ kimi çıxış edən “Cənub axını” layihəsinin Bolqarıstan ərazisindən keçməklə Serbiya və İtaliya istiqamətində Avropa bazarlarına daşınmasına Kremli inandırmağa çalışsa da buna nail ola bilmədi. Bolqarıstan Rusiyameylli prezidentin hakimiyyətə gəlişindən sonra yəqin ki, bu mövzunu yenidən gündəmə gətirməyə çalışacaq. Təbii ki, bu prosesin reallaşması Donald Tramp hakimiyyətinin Rusiya ilə münasibətlərinin gələcəyindən çox asılı olacaq. Əgər ABŞ Rusiyaya qarşı sanksiyaları aradan qaldırmağa razılıq verərsə, o zaman Rusiyanın dünya enerji bazarına yolu yenidən açıla bilər. Əks təqdirdə, prezident Rumen Radevin səyləri yenə Avropa Birliyinin və Avropa Komissiyasının müqaviməti ilə qarşılaçacaq. Digər tərəfdən, Rusiya Radevin prezident seçilməsi ilə Türkiyədən sonra NATO-da özünə daha bir müttəfiq qazanmağa çalışacaq. Hər iki yaxınlıq Rusiyaya Qara dəniz regionunu geosiyasi nəzarətə götürməyə çalışan NATO-nun qarşısını almaq mühüm əhəmiyyət kəsb edir. Ancaq Radevin bəyanatlarının daha çox iqtisadi məqsədlərə hesablandığını söyləmək olar. Bolqarıstanın NATO-nun prinsiplərinə zidd siyasət yürüdəcəyi isə inandırıcı görünmür.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları