Yuxarı

Siyasi elitaya qarşı qiyam

Siyasi elitaya qarşı qiyam

SOROS Amerikanı da qarışdırdı

Amerikada etirazlara milyarder rəhbərlik edir

Elşən Manafov: “Trampın qələbəsi ABŞ-da güclənən sosial problemlərlə bağlı oldu”

Amerika Birləşmiş Ştatlarında keçirilmiş prezident seçkiləri hələ də xarici mediada müzakirə olunur. Xüsusilə? iş adamı Donald Trampın qələbəsinə fərqli yanaşmalar diqqəti çəkir. Mövzu ilə əlaqədar BBC-də yayımlanmış bir yazı diqqətimizi çəkdi. Yazıda qeyd olunur ki, Amerika tarixində fövqəladə sayıla biləcək bu seçki siyasi isteblişmentə qarşı qiyam da adlandırıla bilər: “Bu mənada siyasi isteblişmenti Hillari Klinton qədər təmsil edən çox az adam var. Bu seçki kampaniyasında o, milyonlarla qəzəbli seçici üçün sınıq Amerika siyasətinin simasına çevrilmişdi. Donald Tramp isə kifayət qədər ştatda kifayət qədər seçicini inandıra bilib ki, bu sınığı o düzəldə bilər.

Milyarder özünü tam işin içində olan birisinə qarşı çıxan tam yad birisi kimi təqdim edə bilmişdi”. Yazıda qeyd olunur ki, Klinton daim özünün “ən uyğun namizəd” olduğunu , birinci ledi, ABŞ senatoru və dövlət katibi kimi təcrübələrini qabardırdı: “Lakin bu cəhənnəm qədər divanə seçkidə o qədər hiddət və narazılıq vardı ki, həmin o təcrübəyə Donald Trampın tərəfdarları mənfi bir şey kimi baxırdılar. Mənim bu kampaniya ərzində danışdığım çox sayda insan, Ağ Evdə karyeralı siyasətçi yox, biznesmen görmək istəyirdi. Onların Vashinqtona nifrətləri bu qədər aşkardı. Klintona nifrət çox idi. Bu qəzəb onların damarlarına işləmişdi. Mən Tennesse ştatında nəzakətli bir orta yaşlı xanımla söhbətimi yaxşı xatırlayıram. Söz Hillari Klintondan düşən kimi onun nəzakətindən əsər-əlamət də qalmamışdı”.

“Saxtalaşadırma olmasa da Tramp qalib gələcəkdi”

ABŞ seçkilərini fərqli rakursdan “Cümhuriyət” qəzetinə şərh edən siyasi-şərhçi Elşən Manafov bildirib ki, ABŞ-da bu il keçirilən prezident seçkilərini 2000-ci il seçkilərilə müqayisə etmək olar: “O, zaman demokratların namizədi Qor qələbə qazansa da seçkilərin taleyini həll edən 538 nəfərin təmsil olunduğu seçki komissiyalarında Respublikaçıların namizədi Corc Buşu qalib elan etdilər. O, zaman da Qorun xeyrinə əmsal göstəriciləri 10 milyon nəfər idi. İndi də yeni xəbər yayılır ki, bu seçkilərdə 10 milyon səslə Klintonun qələbəsi təmin olunub. Ayın 7-sindən 8-ə keçən gecə məhz 538 nəfərin təmsil olunan qurumun bizə məlum olmayan hansısa məxfi dairədən aldığı tapşırıq əsasında Trampı qalib elan etdilər. Mənim mövqeyim ondan ibarətdir ki, seçkilərdə saxtalaşdırma olmasa Tramp onsuz da prezident seçiləcəkdi. Bunun da bir neçə səbəbi var. Tramp seçkilərə fərqli şüarlarla gedirdi və bu çağrışlar ABŞ seçicisini cəlb etməyə bilməzdir. Tramp deyir ki, Amerikanın yaralarını sarımaq, daxili problemlərə daha böyük önəm vermək lazımdır. ABŞ-ın dövlət borcu 23 milyard dolları ötüb keçir və artıq Amerika sənaye ölkəsi statusunu itirməkdə idi. Çünki ÜDM-nin əsas hissəsinin, yəni 21 faizini Çinin verməsi o deməkdir ki, ABŞ bu mənada Çinə uduzur. Bu da ABŞ seçicilərində məyusluq yaradırdı. Bu mənada Obamanın ölkəyə rəhbərlik etdiyi dönəmdə ABŞ-ın orta təbəqəsinin gəlirləri surətlə azalırdı və Obama seçkiqabağı verdiyi vədləri də yerinə yetirmirdi. Obama da Bin Klinton kimi deyirdi ki, ABŞ tibbi sığorta məsələlərinə daha ciddi önəm verəcək. Məhdud maliyyə imkanlarına sahib ABŞ vətəndaşları da yüksək səhiyyə xidmətlərindən istifadə edə biləcəklər. Amma Obama iqtidarı dövründə biz bunları müşahidə edə bilmədik. ABŞ-ın əksər ştatlarında işsizlik artdı, sənaye müəssisələri bağlandır. Xüsusilə də orta və xırda sahibkarlığa ciddi ziyan dəydi. Əslində Trampın qalib gəlməsinin əsas səbəblərindən biri də, xırda və orta sahibkarların, fəhlələrin ona verdiyi dəstək oldu. Ölkənin sosial problemlərində olan reallıqları Trampın qələbəsini təmin etməli idi”.

Tramp əleyhdarlarının arxasındakı əl

Ekspert əlavə edib ki, Trampın qələbəsi ABŞ-da güclənən sosial problemlərlə bağlıdır. Onun sözlərinə görə, Klintonun seçki kampaniyasına maliyyə ayıran milyonçu Corc Soros Tramp əleyhinə etirazların təşkilatçısıdır: “Digər tərəfdən Tramp bəyan edirdi ki, ABŞ-ın hərbi büdcəsinə yenidən baxmağın tərəfdarıdır. ABŞ-NATO münasibətlərində onun kifayət qədər fərqli fikirlərinin olmasının şahidi olduq. Tramp deyirdi ki, Avropa ölkələri öz hərbi xərclərinin qeydlərinə özləri qalmalıdır. NATO-nun hərbi xərclərinin yükü ancaq ABŞ-ın üzərinə düşməməlidir.

Rusiya ilə münasibətlərin bərpa olunması haqqında səsləndirdiyi fikirlər onu Klintondan fərqli olaraq “qırğı” deyil, “göyərçin” olduğunu göstərdi. Hər halda Tramp Krım məsələsinə çox fərqli yanaşdı. O, qeyd edirdi ki, Krımın ilhaq olunmasının ABŞ-a nə aidiyyatı var, qoy, o problemi Avropa Birliyi və Almaniya öz üzərinə götürsün. Tramp bununla da Rusiya ilə olan problemləri Avropa Birliyinin üzərinə qoymaq istəyirdi.

ABŞ seçicilərinin Trampa dəstək verməsi birmənalı olaraq güclənən sosial problemlərlə bağlı idi. Amma ABŞ-da bu Trampın əleyhinə müşayət olunan geniş etiraz aksiyaları onu deməyə əsas verir ki, Klinton və onun tərəfdarları hələ də seçkinin nəticəsini qəbul etmək istəmir. Məsələ burasındadır ki, Klintonun seçki kampaniyasını maliyyələşdirən kifayət qədər məlum şirkətlər var idi. Soros kimi milyarderlər Klintona maliyyə ayırırdı. Məlumat var ki, ABŞ-da getdikcə güclənən etiraz aksiyalarının arxasında Soros və onun tərəfdarları dayanırlar. Soros isə bəllidir ki, MDB-də baş verən rəngli inqilabların maliyyəçisi və texnoloqu olub. Bu mənada görünür ki, Trampı çox ciddi sınaqlar gözləyir. Güman etmirəm ki, Tramp seçki öncəsi verdiyi vədləri yerinə yetirəcək. O, prezident kürsüsündə oturduqdan sonra fərqli addımlar atacaq və fərqli qərarlar qəbul edəcəyini istisna etmirəm. ABŞ elə bir dövlətdir ki, prezident siyasi elita ilə hesablaşmalı olur. Tramp bütün hallarda, Dövlət Departamentinin, Senatın mövqelərini nəzərə almalı olacaq. Amma hələ də Tramp əleyhinə böyüyən etiraz aksiyaları göstərir ki, hələ də dünya ictimaiyyətinə məlum olmayan səbəblər var. Hər halda yanvarın 20-nə qədər gözləmək lazımdır. Trampın prezident postunda keçirəcəyi ilk gündən sonra bütün məsələlər tamamilə aydın olacaq”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları