Yuxarı

“İskəndər” raketləri Tiflisə tuşlanıb

“İskəndər” raketləri  Tiflisə tuşlanıb

 

Ermənistan-Gürcüstan düşmənçiliyi artır

Siyasi ekspertlər yaxın gələcəkdə Ermənistanla Gürcüstan arasında siyasi gərginliyin artacağını proqnozlaşdırır. Son vaxtlar Rusiyanın Ermənistan ərazisində hərbi fəallığının genişlənməsinin əsl hədəfinin məhz Gürcüstan olduğu bildirilir. Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində atılan real addımlar Kremldə kifayət qədər narahatlıqla qarşılanır. 2014-cü ilin avqust ayında Ulesdə imzalanmış müqaviləyə uyğun olaraq, Gürcüstanla NATO arasında əməkdaşlıq paketitam həyata keçirilib. Artıq Gürcüstan NATO üzvlüyünə daxil olmaq üçün müraciət edib və Alyansın qərarının açıqlanmasını gözləyir.

Lakin NATO-nun nizamnaməsinə görə, üzvlüyə qəbul olunan dövlətin ərazisində siyasi münaqişələr olmamalıdır. Yəni Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini tapmaması Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması yolunda yeganə maneə olaraq qalır.

Xatırladaq ki, 2016-cı ilin may ayında NATO-nun Gürcüstan ərazisində genişmiqyasılı “Noble Partnership-2016” (Etibarlı Tərəfdaş-2016) təlimləri keçirilib. Təlimlərdən sonra Gürcüstanda NATO-nun 500 nəfərlik çevik qüvvətləri yerləşdirilib. Avqustun 27-də isə Gürcüstanda NATO ilə birlikdə Təlim və Qiymətləndirmə bazası açılıb.

NATO-nun şərqə doğru genişlənməsi prosesi son vaxtlar özünü Qara dəniz və Cənubi Qafqaz regionunda baş verən geosiyasi qarşıdurmanın artmasında da göstərir. Hazırda Qara dəniz regionun NATO-nun təsir zonasına daxil edilməsi bu bölgədə Rusiyanın təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən Sevastopol limanının düşmənin əlinə keçməsini təmin etməklə yanaşı, Rusiyanın isti sulara çıxışını bağlaya bilər. Eyni zamanda, Rusiyanın ilhaq etdiyi Krım yarımadası cənubdan NATO-nun əhatəsinə düşə bilər. Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsi Alyansın Qara dəniz regionunda fəaliyyətini artırması üçün münbit geosiyasi şəraiti təmin edə bilər. Bu, eyni zamanda, ABŞ başda olmaqla NATO-nun Cənubi Qafqaza daxil olması deməkdir. Əgər indiyə qədər Cənubi Qafqazda hərbi iştirak imkanı yeganə olaraq Rusiyaya malik idisə, Gürcüstanın NATO-ya qəbul olunması ilə NATO bu regionda alternativ oyunçuya çevriləcək. NATO-nun Şərqə doğru genişlənməsinə qarşı müqavimət göstərən Rusiya hərbi qüvvələrini hazırda əsasən Ukrayna və Baltikyanı istiqamətində cəmləyib.

Lakin Gürcüstanın timsalında NATO-nun Qara dəniz və Cənubi Qafqaz regionunda da fəallaşmasının şahidi oluruq. Gürcüstan hazırda NATO üçün geostrateji baxımdan birləşdirici əhəmiyyət daşıyır. Son aylar Ermənistanda Rusiyanın hərbi fəallığını artırması əslində, Gürcüstanın timsalında NTO-ya qarşı hesablanmış plan hesab edilir. Gürcüstan əleyhinə həyata keçirilən bu tədbirlərdə Ermənistanın açıq şəkildə iştirakı müşahidə olunur. Xatırladaq ki, bu il sentyabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan Xankəndində Abxaziya separatçı respublikasının vitse-prezidenti Vitali Qabniya ilə görüşmüşdü. Bu hadisə rəsmi Tiflislə İrəvan arasında diplomatik narazılığıa səbəb olmuşdu və Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin də sentyabrın 5-də Ermənistana yaranmış vəziyyətə aydınlıq gətirmək üçün səfər etdiyi bildirilirdi. Sentyabrın 28-də isə İrəvanda keçirilən hərbi paradda Rusiyaya məxsus uzaqmənzilli “İskəndər-M” və “İskəndər-E” raketlərinin nümayiş olunması Azərbaycanda ciddi narahatlıq yaratdı. Bu, regionda hərbi balansın Rusiyanın dəstəyi sayəsində Ermənistanın xeyrinə pozulması idi. Ancaq siyasi ekspertlərin fikrincə, “İskəndər” raketdən müdafiə sistemləri Ermənistan ərazisində daha çox Rusiyanın Türkiyə və NATO-dan müdafiə məqsədilə yerləşdirilib. Ona görə də məsələni Rusiya-ABŞ -NATO qarşıdurması çərçivəsində nəzərdən keçirmək lazımdır. Ermənistan da yaranmış durumdan istifadə edərək güc nümayiş etdirmək istəyir.

Ermənistan Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Ruben Meqrabyan Rusiyanın bu siyasətinin yaxın gələcəkdə Gürcüstanla münasibətləri gərginləşdirəcəyini deyib. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə birlikdə vahid qoşun birləşmələri yaratması və Gümrüdəki 102 saylı hərbi bazada “İskəndər” raketlərinin yerləşdirilməsi bütün Cənubi Qafqaz üçün təhlükə törədir: ““Mən bu sazişin hazırlamasını Rusiyanın Cənubi Qafqaz regionunda öz iştirakını daha çox möhkəmləndirmək və Gürcüstanın NATO ilə qarşılıqlı fəaliyyətinin əleyhinə yönəlmiş cavab addımı kimi qiymətləndirirəm. Bu, Ermənistanın suverenliyi hesabına həyata keçirilir və buna görə də onun təhlükəsizliyini təhdid altına alır. Bütün Cənubi Qafqazın təhlükəsizliyi bundan ziyan çəkəcək. Hər bir halda bu Gürcüstanla açıq-aşkar müəyyən gərginliyə səbəb olacaq”.

Əgər Gürcüstan NATO-ya daxil olarsa, o zaman Şimali Atlantika Alyansının sərhədləri şimalda Ermənistana dayanacaq. Bu zaman Ermənistan Rusiya ilə NATO arasında hərbi-siyasi qarşıdurma meydanına çevrilə bilər. Gürcüstan NATO-nun sıralarına daxil olarsa, Rusiya “İskəndər” raketlərini Azərbaycana tərəf deyil, Tiflisə tuşlayacaq. Çünki NATO üzvü olan Gürcüstan regionda Rusiyanın başlıca hərbi-siyasi rəqibinə çevriləcək. Rusiya Gürcüstana təzyiqləri artırmaq üçün Samsxe-Cavaxetiya bölgəsindəki erməni separatizmini alovlandırmağa çalışa bilər. Amma bəzi erməni ekspertlər hesab edir ki, Gürcüstanla münasibətlərin pisləşməsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaratmış olar. Ona görə də Ermənistan hakimiyyəti Rusiyanın siyasi fitnəsinə uymamalıdır. Hazırda Gürcüstanla münasibətləri kifayət qədər isti olmayan Ermənistan rəsmi Tiflisi strateji müttəfiq olduğuna inandırmaq üçün ABŞ-dakı erməni lobbisinin imkanlarından istifadə etməyə çalışır. 2004-cü ildən bəri ABŞ-ın güclü siyasi dəstəyini qazanan Gürcüstan hakimiyyəti ilə əlaqələrin bərpasına ermənilər Vaşinqton üzərindən yol tapmağa çalışır. Ancaq son aylar baş verən hadisələr Rusiyanın rəsmi İrəvana təsirinin daha yüksək olduğunu təsdiq edir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları