Yuxarı

Avropa Birliyinin sıraları seyrəlir

Avropa Birliyinin  sıraları seyrəlir

 

İtaliya da qurumu tərk edir

İtaliyada keçirilən referendumda Avropa Birliyi tərəfdarları məğlub olduğu üçün baş nazir Matteo Renzi istefa verib. Lakin ölkə prezidenti Sercio Mattarella  baş nazirin istefasını hələ qəbul etməyib. Dövlət başçısı hökumət rəhbərinə İtaliyanın 2017-ci il dövlət büdcəsi parlamentdə qəbul olunana qədər vəzifəsinin icrasını davam etdirməyi  xahiş edib. İtaliya Konstitusiyasına görə, M.Renzi bu həftənin sonuna qədər hökumətə başçılıq edə bilər. Bundan sonra prezident Mattarella ilə növbədənkənar seçkilərin keçirilməsi məsələsi müzakirə ediləcək. Parlamentin yaxın günlərdə buraxılacağı gözlənilmir.

Hakim Demokrat Partiyasının yaxın günlərdə hökumətin yeni tərkibini formalaşdıra biləcəyi istisna edilmir. Növbədənkənar seçkilərə qədər yeni seçki məcəlləsinin qəbulu üçün vaxt az olduğundan müxalifət məsələnin təcili səsverməyə çıxarılmasını tələb edir.

Matteo Renzinin istefasından sonra İtaliyanın Avropa Birliyindən kənar müstəqil siyasi kursu haqqında qərarların qəbul ediləcəyi gözlənilir. Bir sözlə, İtaliyada avrospektiklərin məğlubiyyəti Avropa Birliyinin gələcək siyasi taleyi ilə bağlı sualları gündəmə gətirib. Konstitusiyaya dəyişikliklə bağlı vətəndaşların 60 faizinin baş nazirin kursunun əleyhinə səs verməsi İtaliyanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoya bilər. Ekspertlərin fikrincə, İtaliyada hökumətə etimadsızlığın yaranmasında Böyük Britaniyanın Avropadan çıxması mühüm təsir göstərib. “Breksit” yalnız İtaliya ilə yanaşı, artıq bütün Avropa Birliyinin siyasi və iqtisadi sabitliyi üçün təhlükəyə çevrilib.

Baş nazir Renzinin daha çox özünə güvənərək iqtisadi islahatlar aparmaq cəhdi müsbət nəticə verməyib. Ona görə də müxalifət ölkədə yaranmış iqtisadi poblemlərdən çıxış yolunu Avropa Birliyini tərk etməkdə görür. Matteo Salvininin liderlik etdiyi “Şimal Liqası”, Beppo Qrillonun “5 Ulduz” Hərəkatı, sabiq baş nazir Silvio Berluskoninintərəfdarları və baş nazirin təmsil olunduğu Demokrat Partiyasının bir sıra üzvləri onun özünə qarşı birşləşiblər.

Siyasi müşahidəçilər hesab edir ki, M.Renzi referendumdakı məğlubiyyətindən dərhal sonra istefaya getmək qərarını açıqlamaqla kobud səhvə yol verib. O, bununla Britaniyanın sabiq baş naziri Devid Kemeronun taleyini yaşayıb. Əlbəttə, İtaliyada iqtisadi islahatlara ehtiyac var. Ancaq M.Renzi bunu islahat şəklində deyil, təzyiqlə həyata keçirib. Avropanın siyasətçiləri Renzinin uğursuz referendumundan sonra mənfi təəssüratı yumşaltmağa cəhd göstərir. Lüksemburun xarici işlər naziri Jan Asselborn referendumun nəticələrinin Avropa ziyan vurmadığını və İtaliyanın daxili işi olduğunu deyib. Ancaq bu mövqeyi hamı bölüşmür. Çünki avrozonada iqtisadiyyatın böyüklüyünə görə, üçüncü yerdə dayanan İtaliyada uzunmüddətli qeyri-sabitlik dövrü başlanıb. Artıq ölkədə gərginlik müşahidə olunur.

Gözlənilməz referendum Avropa Birliyinə və Avropanın maliyyə sisteminə ciddi zərbə vurub. Nəticələrin elan edilməsindən dərhal sonra avronun kursu dərhal 1 faiz aşağı düşüb. “Goldman Sachs”ın mütəxəssislərinin hesablamalarına görə, yaxın aylarda avronun kursu dollara çata bilər. Avrozonanın zəif həlqəsi sayılan İtaliyanın bank sistemi indi burulğanlıq dövrünə daxil olub. Oktyabr ayında, referendum öncəsi əhalidə yaranmış narahatlıq 360 milyard avronun ölkədən çıxarılmasına səbəb olub.

Hazırda İtaliya rəhbərliyi ölkəni böhrandan xilas etmək üçün bir neçə variant üzərində düşünür. Onlardan prezident Sercio Mattarello siyasi böhranı yumşaltmağa çalışır. Ola bilsin ki, ölkə prezidenti Matteo Renziyə yenidən hökuməti formalaşdırmaq səlahiyyəti versin. Bu, İtaliya cəmiyyətində coşmuş siyasi ehtirasları bir qədər azalda bilər. İkinci ehtimal daha real variantdır. Hökumətdə radikal dəyişikliklər daha populyar siyasətçiyə, məsələn, parlamentin spikeri Petro Qrassoya həvalə oluna bilər. Əsas məqsəd İtaliyanı siyasi xaosa sürükləyən növbədənkənar seçkilərdən yayınmaq, ən yaxşı halda isə 2018-ci ilin parlament seçkilərinə qədər gözləməkdən ibarətdir. Hökuməti kimin formalaşdırması başlıca problem olaraq qalır. İtaliyanın xarici borcları iki trilyon avroya çatıb. Bu, nəinki İtaliyaya, bütünlükdə Avropa İttifaqı üçün təhlükə yaradır. Əgər ölkədəki siyasi gərginlik əsl böhrana çevrilsə, Yunanıstandakı vəziyyətdən də ağır ola bilər.

Fransanın “Le Monde” qəzetinin yazdığına görə, M.Renzi yenidən baş nazir kürsüsünə dönmək istəmir. Parlamentdəki deputatların əksəriyyəti isə populist Beppo Qrillonun rəhbərlik etdiyi “5 Ulduz” hərəkatının qələbə çalmasından narahatdır. Britaniyanın “The Guardian” qəzeti isə qeyd edir ki, siyasi çaxnaşma İtaliyanın sol və sağ mühafizəkarlarının hakimiyyətə gəlişini mümkün edib. “Şimal Liqası”nın lideri Matteo Salvini referendumun nəticələrinə belə münasibət bildirib: “Yaşasın Tramp, yaşasın Putin, yaşasın Le Pen və yaşasın Liqa!”.

İtaliyanın mövcud problemləri arasında dövlət borclarının artması başlıca problem olaraq qalır. Dövlət borcları ümumi daxili məhsulun 133 faizinə bərabərdir. Əlavə olaraq, bank böhranı, işsizliyin sürətlə artması və kütləvi miqrant axını İtaliyanı çətin vəziyyətə salıb. Onu dərindən incidən bu vəziyyətə görə, İtaliya Avropa Birliyini ittiham edir. Matteo Renziyə müxalifətdə olan iqtisadçı mütəxəssis Jan Sapirin sözlərinə görə, bu gün İtaliya iqtisadi cəhətdən geriləyərək 2000-ci ilin səviyyəsinə düşüb. Bankların əsas səhmdarları xarici investorlar deyil, xüsusi şəxslərdir. İqtisadi böhranın dərinləşməsi qüz minlərlə italyanın müflisləşməsinə səbəb ola bilər. Lakin ekspert bildirib ki, İtaliyada baş verənləri Böyük Britaniyadakı “Breksit”lə eyniləşdirmək olmaz. Çünki avrozonadan çıxmaq hələ Avropa Birliyini tərk etmək deyil. İtaliya mərhələli şəkildə özünün suveren valyutasına qayıtmalıdır. “İtaliya Yunanıstan deyil, avrozonanın üçüncü ölkəsidir. Problem yalnız iqtisadi xarakter daşımır. İtaliya perspektivdə hər hansı uğur əldə edə bilməsə, avrozonanı gələn ilin yayında və ya payızında tərk edə bilər”-J.Sapir belə deyib.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları