Yuxarı

Yeni prezidentin müşaviri Moskvadadır

Yeni prezidentin müşaviri Moskvadadır

Zərdüşt Əlizadə: “Rusiya dağılmaqda olan ölkədir və bu qarşıdurma Amerikaya yalnız ziyan vurur”

ABŞ-ın yeni prezidenti Donald Trampın müşaviri Karter Peyc Moskvaya səfər edib. “Mən Rusiyanın nüfuzlu iş adamları və ideya liderləri ilə danışıqlar aparacam”-deyən Peyc Moskvada dekabrın 13-ə qədər qalacaq. Karter Peyc bildirib ki, Trampın gələcək administrasiyasında Rusiya-Amerika münasibətlərinin perspektivinə inanan şəxslər var. O bildirib ki, iki ölkə arasında dialoq Rusiya prezidenti Vladimir Putinə etimad göstərilmədən mümkün deyil.

Karter Peycin Rusiyaya göndərilməsi təsadüf bir seçim hesab edilmir. O, 2004-2007-ci illərdə Rusiyada iş adamı kimi fəaliyyət göstərib. “Merril Lynch” investisiya bankının Rusiya filialına rəhbərlik edib. Eyni zamanda, K.Peyc “Qazprom” şirkətinin “Saxalin-2” layihəsinin səhm nəzarət paketinin xarici sərmayəçilər tərəfindən alınmasında əsas məsləhətçi kimi tanınıb. Donald Trampın seçki kampaniyası dövründə tələbələr və jurnalistlər qarşısında çıxış edən K.Peyc ABŞ-ın Rusiyaya qarşı sanksiyalar siyasətini tənqid edib.

 Donald Trampın prezident vəzifəsinin icrasına başlamaq ərəfəsində Moskvaya ezam olunması ABŞ-ın Rusiya ilə bağlı xarici siyasətində dəyişikliyə hazırlıq kimi başa düşülə bilər. Amma bu strateji məsələ olduğundan birbaşa prezident Trampın siyasi iradəsindən asılı deyil. Seçkilərdə qalib gəlmiş Respublikaçılar Partiyasının Trampın qərarlarına hansı reaksiya verəcəyi hələ tam aydın deyil. Partiyanın aparıcı şəxsləri Rusiyaya siyasi güzəştin əleyhinədir. Ona görə də D.Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etmək təşəbbüsünün Konqresdə, Dövlət Departamentində və Mərkəzi Kəşfiyyat İdarəsində ciddi müqavimətlə qarşılaşacağı gözlənilir. Lakin D.Trampın müşavirinin keçmiş fəaliyyətinin təhlili və rusiyalı iş adamları ilə görüşməsi Ağ Evin yeni rəhbərinin sanksiyaları ABŞ investisiyaları ilə əvəz etmək planından xəbər verir.

Bu, baş tutarsa yaxın gələcəkdə ABŞ-ın Rusiyaya daha fəal təsir imkanı qazandıra biləcəyini deməyə əsas verir. Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, ABŞ-Rusiya əlaqələrinin bərpası qarşılıqlı müzakirələrdə siyasi anlaşmanın səviyyəsindən asılı olacaq: “Əgər hər iki tərəfin niyyəti ciddidirsə, Rusiya və Amerika arasındakı narazılıq aradan qaldırılacaq. Təbii ki, sanksiyalar qüvvəsində qalacaq. Lakin ikitərəfli əməkdaşlığa, xüsusilə də siyasi məsələlərdə əlaqələrin davam etdirilməsinə start veriləcək. Sonrakı mərhələdə sanksiyalar da nisbətən aradan götürüləcək. Bu prosesdə dağılmış dövlətin xarabaları altında qalan Ukrayna xalqından başqa hamı udacaq”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiya məsələsinə münasibətdə Respublikaçılarla Donald Tramp arasında müşahidə olunan fikir ayrılığının aradan qalxması mümkündür: “Beynəlxalq siyasəti Konqres müəyyənləşdirir və prezident öz komandası ilə həyata keçirir. ABŞ-da Trampın hakimiyyətə gəlişindən sonra yenidən qiymətləndirmə prosesi başlasa, praqmatik baxımından Rusiya ilə mənasız qarşıdurmaya getməkdən imtina ediləcək. Çünki Rusiya dağılmaqda olan ölkədir və bu qarşıdurma Amerikaya yalnız ziyan vurur. Ona görə də Respublikaçılar Rusiyaya müəyyən güzəştə getməyə razı olarlar”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları