Yuxarı

Qorbaçovdan yeni ittifaq anonsu

Qorbaçovdan yeni  ittifaq anonsu

 

Mübariz Əhmədoğlu: “Onun beyni indi də əyri işləyir”

Hikmət Hacızadə: “Rusiyanın yaradacağı ittifaqa yox, Avropa İttifaqına birləşmək lazımdır”

SSRİ-in ilk və son prezidenti Mixail Qorbaçov SSRİ-nin bərpası cəhdləri ilə bağlı məlumatlara münasibət bildirib. Qorbaçov deyib ki, keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil: “Yeni ittifaq SSRİ olmayacaq, “Sovet İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə yeni itifaq yaradıla bilər, ancaq bu zaman respublikaların könüllülüyü nəzərə alınmalıdır”.

Analitiklər keçmiş Sovet respublikalarının yeni ittifaqda birləşməsini istisna etmirlər. Lakin bundan əvvəl Rusiyanın bu yöndə olan təşəbbüslərinə mane olan problemləri həll etməli olduğu fikrini müdafiə edirlər. Azərbaycan, Moldova və Ukrayna ərazilərindəki mövcud münaqişələrdə həlledici tərəfin Rusiyanın olduğunu nəzərə alsaq, bura qədər Moskvanın yaradacağı həlqələr bu regionlarda qırılacaq. Üstəgəl, Baltikaynı dövlətlər (Latviya, Litva və Estoniya) Avropa İttifaqı və NATO üzvləridir. İlk növbədə Rusiya həmin dövlətlərlə anlaşmanın yolunu tapmalıdır. NATO və Aİ-dən çıxmağa razı salmalıdır, əks halda Rusiyanın bu dövlətləri ittifaqa çəkmək üçün atacağı alternativ addımlar Qərb, yaxud ABŞ-la qarşıdurmaya səbəb ola bilər. Keçmiş Sovet İttifaqının yerdə qalan dövlətləriylə Rusiyanın o qədər də dərin problemləri yoxdur. Əksinə, həmin dövlətlər Rusiyanın liderliyində yaradılmış Avrasiya İttifaqı və Gömrük Birliyinin üzvləridir.

“Reallıqdan uzaq danışır”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru,  politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət”ə deyib ki, Mixail Qorbaçov SSRİ-yə rəhbərlik etdiyi vaxtlarda da düzgün düşüncəyə sahib insan deyildi. M.Əhmədoğlunun sözlərinə görə, M.Qorbaçovun beyni indi də əyri işləyir: “Onun düşüncə tərzini reallıq qəbul etmir. Buna görə də SSRİ-ni dağıtdı, ittifaqın dağılmasında iştirak etdi. Mixal Qorbaçovu keçmiş Sovet respublikalarından heç kəs yaxşı tanımasa da bizim xalq yaxşı tanıyır. O xəyanətkardır. Dağlıq Qarabağ münaqişəsi buna ən əyani sübutdur. Onun Dağlıq Qarabağla bağlı fikirlərini ortaya qoyun, nə qədər daban-dabana zidd fikirlər olacağını görəcəksiz. O vaxtı da düzgün fikirləşə bilmirdi, indi də əyri düşünür. Məsələn, Moldova SSRİ-yə yenidən necə qayıda bilər? Ukrayna necə qayıda bilər? Ukrayna bu gün də Rusiyayla yola getmir. Bu iki slavyan xalqı biri-birlərinə düşməndir. Rusiya ilə düşmən olan Baltikyanı dövlətlər necə SSRİ-yə qayıda bilərlər? Buna görə də Qorbaçaov yenə də reallıqdan uzaq danışır”.

“Rusiya “adam kimi” dövlət olsa...”

Politoloq Hikmət Hacızadə “Cümhuriyət”ə bildirib ki, keçmiş “qardaşlar”ın eyni ittifaqda birləşməsi Rusiyanın xarici siyasətindən asılıdır. H.Hacızadə indiki perspektivdə bunun mümkün olmadığına diqqət çəkib: “Əgər Rusiya “adam kimi dövlət olsa”, o zaman birləşmək olar. Lakin indi ruslar dünyaya qarşı imperiya siyasəti aparırlar, ölkələrə meydan oxuyurlar, hamıyla dava edirlər. Buna görə də Rusiya bizə lazım deyil. Hələ ki, buna lüzum görmürəm. Rusiyanın yaradacağı imperialist birliyə yox, Avropa İttifaqına birləşmək lazımdır. İnkişaf etmiş, qabağa getmiş ölkələrə inteqrasiya etmək indiki həssas məqamda daha vacibdir. Bu gün də mövcud reallıqlar baxımından, Rusiyandan belə bir təşəbbüs olsa belə, bunun reallaşacağına inanmıram”. Politoloq bildirib ki, Rusiyadan Azərbaycana hər gün belə bir təklif verilir: “Başqa-başqa formalarda hər gün Moskvadan Bakıya bu təkliflər ötürülür. Amma Azərbaycan hökuməti hələlik buna getmir. Məsələn, Qarabağ məsələsinə görə, hökumət Moskvanın təkliflərinə yaxın durmur. Digər məsələlər də var ki, bu, Azərbaycanın Rusiyanın yaradacağı birlikdə təmsil olunmasına maneədir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları