Yuxarı

Rusiya diplomatik həmlədə

Rusiya  diplomatik həmlədə

 

Moskva Türkiyəyə təzyiqləri artıracaq

Arzu Nağıyev: “Rusiya Türkiyə ilə hansısa formada qarşıdurmaya getməyəcək”

Yaxın vaxtlarda Moskvada Türkiyə, Rusiya və İran müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşün müzakirə mövzusu Suriya olacaq. Hələbdəki son vəziyyət iclasda müzakirə olunacaq əsas məsələlər arasındadır. Görüş barədə razılıq dekabrın 17-də İranın müdafiə naziri Hüseyn Dehqanın rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında əldə olunub. Türkiyə Müdafiə Nazirliyinə bu barədə məlumat verilib və görüş təklif edilib. Rəsmi Ankara da buna etiraz etməyib, razılaşıb.

Suriya anlaşmasına doğru

Görüşə ümidlər böyükdür. Müdafiə nazirləri ilə yanaşı xarici işlər nazirlərinin də görüşünün keçiriləcəyini nəzərə alsaq, Suriya anlaşmasına doğru İran, Rusiya və Türkiyə arasında ciddi işlər görülür. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə diqqət çəkən analitiklər hesab edirlər ki, görüşdən əvvəl baş vermiş bu sürpriz hadisə masada Moskvanın əlini gücləndirəcək. İstənilən halda Rusiya tərəfi hadisədən istifadə edərək, Türkiyənin üzərinə gedə bilər. ABŞ və Avropa İttifaqı ilə münasibətləri soyuq olan Türkiyə hansısa formada Rusiya ilə qarşıdurma istəmir. Rusiya da bu həssaslıqdan istifadə edərək, Suriya və digər məsələlərdə bir sıra şərtlərini Türkiyəyə diktə etməyə çalışacaq. Əgər rəsmi Ankara Moskvanın istəklərinə tam, yaxud oxşar cavab verməsə, Rusiyadan qətlə görə Türkiyəyə təzyiqlər artacaq. Bu baxımdan görüşdən əvvəl Karlovun qətli Kreml üçün göydəndüşmə oldu. Səfirin qətlə yetirilməsindən sonra Rusiya yetkililərinin və prezident Vladimir Putinin soyuqqanlı davranması da bundan xəbər verir. Hətta Rusiya KİV-ləri Karlovu “Putinin ən yaxın dostu” qismində təqdim edərək, Ankaranın təlaşını bir az da artırdı. Türkiyədə düşünə bilərlər ki, ən azından Putin hər şeyi bir kənara atıb, müxtəlif üsullardan istifadə edərək ən yaxın dostunun qisasını almağa çalışa bilər. Putinə yaxın KİV-lə bunu bilərəkdən etdikləri şəksizdir. Səfirin öldürülməsinin şərəfinə Rusiyada dövlət bayraqlarının endirilməsi də bundan xəbər verir ki, Moskva Suriya məsələsində Ankaraya diktə etmək üçün ölmüş Karlovla çıxacaq. Şübhəsiz ki, Karlov Putinin dostu deyil, o heç ictimai rəydə özünə yer tapmış populyar siyasətçi də deyil. Öldürüldükdən sonra Kremlin maraqları çərçivəsində məşhurlaşdırıldı.

Rusiya hücumda

Türkiyə də münasibətləri pozmamaq üçün irəli sürülən şərtlərin müəyyən qismini qəbul edə bilər. Buna getməsə, Rusiya ilə münasibətlər korlanacaq ki, ABŞ və Aİ ilə münasibətlərin soyuq olduğu dönəmdə bu, Türkiyəyə əlavə problemlər yarada bilər. Nəzərə alsaq ki, Rusiya Türkiyənin qonşusu olan Suriyada hərbi əməliyyatlar keçirir, burada himayə etdiyi bir sıra silahlı təşkilatlar, o cümlədən, PKK ilə gizli əlaqələri var, bu Ankaranın işinə yaramaya bilər. Onsuz da Rusiya ilə yaxınlığa görə, Qərb himayə etdiyi terror təşkilatları vasitəsilə Türkiyədə silsilə terror aktlarına start verib, digər yandan da fətullahçı terror təşkilatı FETÖ-nün ikinci çevriliş cəhdinə hazırlıqlara başlamasıyla bağlı KİV-lərdə məlumatlar dolaşmağa başlayıb. Yəni, Karlovun öldürülməsi Rusiyanın Suriya üzərindən Türkiyəyə diplomatik hücumu üçün avantaj oldu, hələlik bundan uduzan tərəf Türkiyədir. Çünki Ərdoğan hökuməti ən azından daxildə xaosun yaranmasının qarşısını almaq üçün Suriya məsələsində geri addım ata bilər.

“Maraqlar kəsişir”

Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə bildirib ki, baş vermiş qanlı olaydan istifadə edərək, Rusiya Türkiyə ilə hansısa formada qarşıdurmaya getməyəcək. A.Nağıyev hesab edir ki, Suriyada hər dövlətin öz maraqları var: “Məsələn, İranın marağı inancla bağlıdır. Digər yandan da Rusiyanın portnyoru olmağını sübut etmək üçün bu proseslərdə iştirak edir. Gələcəkdə baş verəcək hansısa insidentdə Rusiya ilə birlikdə olacağını göstərmək istəyir. Eyni zamanda İran bir sıra ərəb dövlətləri ilə Səudiyyə Ərəbistanı və Qətərə qarşı Rusiyanın da iştirakıyla koalisiyanın yaradılması istiqamətində bəzi addımlar atır. Türkiyənin də Suriyada öz maraqları var. Söhbət Türkiyə yaxınlığında kürd dövlətinin yaradılması planından gedir. Bu da Türkiyənin Suriya ilə sərhəd ərazilərinə düşür. Kürd dövlətinin yaradılmasında PKK və PYD terror təşkilatlarının xüsusi rolları var. Bu baxımdan Türkiyənin öz maraqlarından geri çəkiləcəyi inandırıcı deyil.

Onu da unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür. Bu ölkənin də alyans qarşısında üzərinə götürdüyü öhdəlikləri var. Birdən-birə bu məsələlərdə Rusiya ilə razılaşmaq, müttəfiq olmaq inandırıcı görünmür. Hər dövlətin öz marağı olduğu üçün Rusiya, İran və Türkiyənin iştirak etdiyi ümumi koalisiyadan söhbət gedə bilməz”.

Mənsur





Həftənin ən çox oxunanları