Yuxarı

Moldova Rusiyanın “ağuşuna atılır”

Moldova Rusiyanın  “ağuşuna atılır”

 \\Ölkə “Assosiasiya Sazişi”ndən çıxır\\Sabir Məmmədli: “Sosialist Dodon özünü aldadır”\\Moldovanın yeni seçilmiş prezidenti İqor Dodon ilk rəsmi səfərini Rusiyaya edib. İqor Dodon siyasi mövqeyinə görə, Kremlə yaxınlığı ilə seçildiyindən onun belə bir addım atacağı gözlənilən idi. Rusiya prezidenti Vladimir Putin İqor Dodonla görüşdən sonra Moldovanı bölgədə vacib strateji tərəfdaş adlandırıb. Son illər iki dövlət arasında əlaqələrin yaxşı olmadığını vurğulayan V.Putin buna misal kimi ticarət dövriyyəsinin iki dəfə aşağı düşməsini göstərib. O, bildirib ki, Moldovanın dövlət başçısının ilk rəsmi səfərini Rusiyaya etməsi ikitərfli münasibətlərə yaxşı təkan verə bilər.\\Prezident Dodon isə Rusiya ərazisində 500 min nəfər Moldova vətəndaşının yaşadığını deyib. O, həmçinin bildirib ki, Moldovada yaşayan on minlərlə insan isə münasibətlərin pozulması səbəbindən Rusiyaya gedə bilmir. “Ümid edirik ki, yaxın gələcəkdə vətəndaşlarımız üçün çıxış yolu tapılacaq”-Dodon belə deyib.\\O, qeyd edib ki, bu 2008-ci ildən bəri Moldova prezidentinin Rusiyaya ilk səfəridir. Ona görə də vətəndaşların bir çoxu bu səfəri yığışıb qalmış məsələlərin həlli baxımından diqqətlə izləyir. Moldova ilə Rusiyanın münasibətlərində yeni mərhələnin başlandığını söyləyən prezident Dodon Qərb üçün sensasion bəyanatla çıxış edib. O, Moldovanın Avropa Birliyi Assosiasiya Sazişindən çıxmaq istədiyini açıqlayıb: “Mən dəfələrlə bu sazişin əleyhinə olmuşam. Hesab edirəm ki, bu müqavilə Moldovaya müsbət heç nə vermədi. Biz Rusiya bazarını itirdik. Qəribədir ki, bizim Avropa Birliyi ilə ticarət dövriyyəmiz daha da aşağı düşdü və biz bu müqavilədən heç nə qazanmadıq. Mən növbəti parlament seçkilərindən sonra bu mövqe dəstəklənəcək . Parlamendəki çoxluğun bu mövqeyini mən də dəstəkləyirəm. Ümid edirəm ki, Sosialistlər Partiyası parlamentdə çoxluğu qazana biləcək və bu müqavilə ləğv olunacaq”.\\Xatırladaq ki, Moldova AB-nin Assosiasiya Sazişinə 2014-cü ildə qoşulub. Həmin saziş layihəsinə post-sovet ölkələrindən Ukrayna, Moldova və Gürcüstan qoşulub. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Assosiasitiv üzvlüyə dair Sazişdən imtina edərək Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə qoşulmağa razılıq verməsi “Maydan Hərəkatı”nın baş verməsi ilə nəticələndi. Baş verən hakimiyyət dəyişikliyi Ukrayna üzərində Rusiya ilə Qərb arasında geosiyasi nüfuz müharibəsinə yol açdı. Rusiyanın Krımı ilhaq etməsi və Şərqi Ukraynanı işğal etməsinə cavab olaraq, Qərb Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə vuran sanksiyalar tətbiq etdi. Ona görə də Moldovanın Avropa Birliyi ilə Assosiasiya Sazişindən imtina etməsi bu regionda Rusiya ilə mövcud olan geosiyasi qarşıdurmanı onsuz da dərinləşdirə bilər.\\Siyasi elmlər doktoru Sabir Məmmədli hesab edir ki, Avropa Birliyinə qoşulmaq üçün dörd mühüm şərt tələb olunur. Birincisi, insanların Avropa Birliyi məkanında, Şengen zonada sərhədsiz hərəkət prosedurudur. İkincisi, Avropa Birliyi ərazisində sərbəst əmtəə dövriyyəsinin təmin olunmasıdır. Üçüncüsü, kapitalın sərbəst axınıdır. Yəni, Avropa Birlyinə daxil olan ölkənin vətəndaşı bu ittifaqa daxil olan digər dövlətin ərazisinə gedib sərbəst sahibkarlıqla məşğul ola bilər. Dördüncüsü, qiymətlərin sərbəstliyidir: “Avropa Birliyi də postsovet məkanında altı ölkəyə Assosiasiya Sazişinə qoşulmağı təklif edib. Ukrayna, Moldova və Gürcüstan bu müqaviləyə imza atsa da Azərbaycan, Ermənistan və Belarus həmin təklifdən imtina etdi. Ona görə də Ukrayna, Moldova və Gürcüstan vətəndaşları Şengen vizasından istifadə etmək hüququ əldə etdilər. Eyni zamanda, sərbəst əmtəə dövriyyəsi hüququ qazandılar. Bir qayda olaraq, bu proses referendumla həll olunur. İndi Moldovada sosialistlər hakimiyyətə gəlsə də prosedur qaydalar var. Dövlətlərarası sazişdən çıxmaq o qədər də sadə məsələ deyil. Çünki 1969-cu il və 1978-ci il Vyana Konvensiyaları və həmin müqavilələrin hüquqi statusu var. Bu müqavilələrdən doğan öhdəliklər və və öhdəliklərin varisliyi prinsipi var. Ona görə də dövlət başçısı emosional şəkildə deyə bilər ki, Assosiasiya Sazişi bizə heç nə vermədi. Ancaq Avropa İttifaqının tam səlahiyyətli üzvü olmaq üçün Moldova heç bir islahat həyata keçirmədi. Moldova sahibkarlıqda, bank sektorunda, gömrükdə, ticarətdə, vergidə və digər sahələrdə Avropa standartlarına cavab verən xeyli islahatlar həyata keçirməlidir. Yəni, bu islahatlar olmadan Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə belə dəyər vermək olmaz. Avropa İttifaqının ekspertləri də Moldovanın prezidentindən soruşacaqlar ki, sən hansı addımları atdın ki, hansı nəticəni də görəsən. Bu mənada hələ başlanğıcdır və sosialist Dodonun açıqlaması tələsik atılmış addımdır”.\\Politoloq bildirdi ki, Moldovanın Rusiya bazarına maraq göstərməsi bu ölkədə istehsal olunan məhsulların Avropada rəqabətə davam gətirə bilməməsidir. Lakin Sabir Məmmədlinin fikrincə, Moldova məhsulların keyfiyyətini və rəqabətə davamlılığını artırsa, daha çox gəlir əldə edə bilər. Eyni zamanda, politoloq rəsmi Kişinyovun Dnestryanı münaqişənin həllinə nail olmaq üçün Moskva ilə yaxınlaşmağa çalışdığını deyir: “Prezident Dodonun Dnestryanı bölgənin problemlərini yumşaltmaq və həll etmək baxımından müəyyən arqument var. O, Rusiyanın mövqeyini yumşaltmağa nail olmaq istəyir.\\Ancaq məlumdur ki, Rusiya istər Dnestryanı olsun, istər Dağlıq Qarabağ, Abxaziya və digər separatçı bölgələrdə öz istədiyinə nail olmayana qədər heç vaxt güzəştə getmir. Bu mənada da Dnestryanı bölgə ilə bağlı Moldovaya heç bir güzəştə getməyəcək. Sosialist Dodonun bu niyyəti özünü aldatmaqdan başqa bir şey deyil”. Sabir Məmmədli Assosiasiya Sazişindən imtinaya görə, Rusiya ilə Qərb arasında Moldova ərazisində münaqişə yaranması ehtimalını real hesab etmir. O, qeyd etdi ki, Ukraynadan fərqli olaraq, Moldovanın Rusiya ilə birbaşa sərhəddi olmadığından bu ölkəyə hərbi müdaxilə imkanı yoxdur. Digər tərəfdən, iqtisadi sanksiyalar altında olan Rusiyanın maliyyə ehtiyatlarının tükənmək üzrə olduğunu nəzərə alsaq, yeni münaqişəyə girmək Moskva üçün əlverişli deyil.\\Müşfiq Abdulla





Həftənin ən çox oxunanları