Yuxarı

Üçüncü dünya müharibəsi başlaya bilər 

Üçüncü dünya  müharibəsi  başlaya bilər 

ABŞ və Çin müharibə astanasındaSakit Okean hövzəsində ABŞ və Çin arasında hərbi qarşıdurma dərinləşir. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Çinlə artan geosiyasi və geoiqtisadi rəqabət hərbi münaqişə həddinə çatıb. Cənubi Çin dənizindəki bir milyon kvadratkilometr dəniz sahəsinə iddia edən Çin bu ərazidəki mərcan adalarını və qayalıqları hərbiləşdirib. Eyni zamanda, Cənubi Çin dənizində, 1895-ci ildən Tokionun idarəçiliyində olan Senkaku adasına güclü təzyiqlər Yaponiya ilə toqquşma təhlükəsi yaradır.Barak Obamanın hakimiyyəti dövründə Çin məsələsi ABŞ üçün ikinci yerdə dayanırdı. Bununla yanaşı, Obama Çindən gələn təhlükədən müdafiə olunmaq üçün hərbi dəniz gəmilərini daim Cənubi Çin dənizinə göndərirdi. Eyni zamanda, Barak Obamanın təşəbbüsü ilə yaradılmış Trans Sakit Okean Ticarət Müqaviləsinə 11 Asiya ölkəsini qoşmaq həmin dövlətləri Çinin iqtisadi və siyasi təsir zonasından uzaqlaşdırmaq məqsədi daşıyırdı.Donald Tramp isə ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyinin başlıca prioriteti kimi Çini hədəf seçib. Bu baxımdan, Vaşinqtonun TSOTM-dən çıxması ikitərəfli gömrük rüsumlarını ləğv etməklə Çin məhsullarının müqaviləyə daxil olan ölkələr vasitəsilə Birləşmiş Ştatlara daxil olmasının qarşısını almağa xidmət edirdi. Prezident Tramp ticarət dövriyyəsindəki 500 milyard dollarlıq kəsiri azaltmaq və ABŞ-da iş yerlərini qaytarmaq üçün Çin məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını 45 faizə endirənləri amerikalılara ziyan vuran qiymət dempinqi ilə manipulyasiyada ittiham edir. Təbii ki, Tramp administrasiyasının bu addımının Çinlə siyasi və hərbi müstəvidə qarşıdurmaya transfer etməsi gözlənilən idi. Ona görə də bir sıra siyasətçilər Trampın qərarını düşünülməmiş addım adlandırır. ABŞ-Çin münasibətlərini gərginləşdirən digər səbəb Tayvan amili ilə bağlıdır. 1978-ci ildən sonra dondurulmuş hər iki supergüc arasında münaqişə vəziyyətində olan Tayvan problemini Donald Trampın oyatması rəsmi Pekinin sərt reaksiyası ilə nəticələnib. Yəni, ABŞ prezidentinin tanınmamış Tayvan Respublikasının rəhbəri ilə telefon danışığından sonra Çin özünün cənub sərhədləri boyunca silahlı qüvvələrini döyüş vəziyyətinə gətirib. Siyasi müşahidəçilərin rəyinə görə, Tramp administrasiyasının Tayvanın müstəqilliyini tanıması Çinin qisas alması ilə nəticələnə bilər. Bu təhlükə ən azı Tayvanın Çin silahlı qüvvələri tərəfindən tutulması, daha geniş miqyasda isə ABŞ-la hərbi müharibəyə qədər gətirib çıxara bilər.Ən təhlükəli isə Trampın Pekinin mübahisəli dəniz əraziləri ilə bağlı iddialarına qarşı zidd adımlar atması ola bilər. O, seçkiqabağı təbliğat kampaniyasında da bu məsələyə toxunaraq Çinin belə bir addım atmamalı olduğunu demişdi. Yeni dövlət katibi Reks Tillerson Çinin mübahisəli ərazilərdəki adalarda qeyri-leqal şəkildə müəyyən işlər görməsini beynəlxalq hüququn pozulması adlandırıb. O, Çinin adalarda hərbi quruculuq fəaliyyətini Rusiyanın Krımı istila etməsinə bənzədib. Pekin isə birmənalı şəkildə bəyan edir ki, əgər Amerika ada regionu olan Cənubi Çin dənizindən həqiqətən Çini qovmaq istəsə, bu "dağıdıcı qarşıdurmaya" gətirib çıxaracaq. “Global Times” qəzeti isə yazır ki, əgər Trampın diplomatik komandası Amerika-Çin əlaqələrini gələcəkdə belə davam etdirsə, tərəflər ən yaxşı halda hərbi toqquşmaya hazır olmalıdır.Bu məsələni “The National Interest” jurnalına təhlil edən professor Robert Farli hesab edir ki, üçüncü dünya müharibəsi Çinlə ABŞ arasında baş verəcək. “On beş il əvvəl bu məsələnin realist cavabları ya Şimali Koreya ya da Tayvanla izah oluna bilərdi. İndiyə qədər çox şey dəyişib. Çin ətrafında maraqlar genişlənib, Çinin əhəmiyyəti isə artıb. İndi biz Çinlə ABŞ arasında baş verə biləcək gələcək hərbi münaqişənin ssenarisini müxtəlif cür təqdim edə bilərik. Tayvan və Şimali Koreya ssenariləri əhəmiyyətini saxlayır. Lakin şərqi və cənubi Çin dənizləri uğrunda mübarizə, həmçinin Hindistanın Tibetlə sərhəddindəki münaqişə onların sayını artırıb. Burada bir neçə amil dayanır. Çin böyüyür və ABŞ-ın regional təhlükəsizlik sistemindən narazıdır. Nəhayət, ABŞ-ın bölgədə çoxsaylı müttəfiqlik öhdəlikləri üçüncü dünya müharibəsinin başlanması üçün əsas yarada bilər. Bu səbəblər qaldıqca, müharibə ehtimalı da qalacaq. Müharibə ABŞ-ın Çinin donanmasına, aviasiyasına və yerüstü komplekslərinə preventiv zərbələrin endirilməsi ilə başlamayacaq. Amerikalılar Çinin raketdən müdafiə sistemini məhv etmək istərdi ki, çinlilər onların təyyarələrini, gəmilərini, bazalarını vura bilməsinlər.Ancaq Amerikanın münaqişəni başlatmağın siyasi bədəlini neçəyə ödəyəcəyini demək çətindir. ABŞ üçün zərbəni birinci endirmək vacibdir. Bu əlbəttə, o demək deyil ki, ABŞ-ın donanması və Hərbi Hava Qüvvələri Çinin raket yağışı altında fəaliyyət göstərməyəcək. Amma Amerikanın üçüncü dünya müharibəsinə daxil olması aydındır ki, lazımlıdır. Çinin niyyətlərinin açıq nümayişi yüksək intensivli konvensiya hərbi əməliyyatlarına keçməlidir. Üçüncü dünya müharibəsi Koreya yarımadasında başlanacaq. İlk tapşırıq Çinin desant qüvvələrini məhv etmək, yaxud təslim olmayana qədər blokadaya salmaqdan ibarətdir. İkinci tapşırıq Çinin aviasiya və donanmasına qarşı genişmiqyaslı hücumları da daxil olmaqla ehtiyatlar tələb edir. Çinin hərbi hava bazalarına, hərbi dəniz donanmasının bazalarına və raket komplekslərinə fəal zərbələrin endiriləcəyini gözləmək olar. Üçüncü vəzifə ilk iki uğurun əldə olunmasından asılıdır. Çin Xalq Azadlıq Ordusunun xeyli hissəsinin məhv edilməsi, ekspedisiya korpusunun və HHQ-nin məğlub edilməsi ortamüddətli və uzunmüddətli perspektivdə daxili təlatümlərə gətirib çıxara bilər. Amerika strateqlərinə ilk iki vəzifəni cəmləşdirmək lazımdır. Hesab edirlər ki, onların bu uğuru bir çox siyasi nəticələrə səbəb olacaq. Bu ehtiyatların mənasız yerə xərclənməsinə gətirib çıxaracaq, gələcək eskalasiyasına təhlükə yaradacaq və Çinin siyasi sisteminə qeyri-adi təsir göstərə bilər”.Ekspert bildirir ki, müharibənin ən təhlükəli məqamı Çin ordusunun ABŞ təyyarədaşıyan gəmilərinə hücumu ola bilər. Bu, nüvə zərbəsi qədər təhlükəlidir. Onun sözlərinə görə bu müharibədə kimin qalib gələcəyini demək çətindir. “Müharibənin nə zaman başlayacağını deyə bilmrik. Ancaq hər iki tərəfin silahlı qüvvələri 2020-ci ildə 2015-ci ildəki kimi olmayacaq”. Qeyd edək ki, fevralın 2-də ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettisin Cənubi Koreyaya və Yaponiyaya səfəri başlayıb. Səfər zamanı nazirin prezident Donald Tramp administrasiyasının bu ölkələrlə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirəcəyi gözlənilir. Cənubi Koreyaya səfərini başa vurduqdan sonra C.Mettis fevralın 3-də Yaponiyaya yola düşür.ABŞ müdafiə nazirinin Tokioda baş nazir Şinzo Abe və yapon həmkarı Tomomi İnada ilə görüşüb. Ekspertlərin fikrincə, səfərin gündəliyinə ABŞ prezidenti D.Trampın seçkiqabağı kampaniya zamanı bu ölkələrlə müttəfiqlik razılaşmasının şərtlərinə yenidən baxılacağı barədə bəyanatından yaranmış narahatlığın müzakirəsi daxildir. Ancaq bu görüşlərdə ABŞ-Çin münasibətlərinin də diqqət mərkəzində olduğu şübhə doğurmur.Müşfiq Abdulla





Həftənin ən çox oxunanları