Yuxarı

ABŞ-dan yeni çevriliş ssenarisi

ABŞ-dan yeni çevriliş ssenarisi

“Bu cür məlumatlar beynəlxalq ictimai rəyi formalaşdırmağa xidmət edir”Natiq Miri: “Qəzetdə dərc olunan bu araşdırmalar ABŞ-ın gələcək niyyətlərindən xəbər verir”2017-ci ildə dünyada dövlət çevrilişinin baş verəcəyi ölkələrin siyahısı açıqlanıb. “The Washington Post” qəzetinin tərtib etdiyi bu hadisə 161 ölkədə baş verə bilər. Lakin adıçəkilən mənbə çevriliş ehtimalının ən çox 30 ölkədə daha real olduğunu yazıb. Güc yolu və inqilabla hakimiyyət dəyişikliyinin baş verəcəyi ölkələr siyahısına Burundi başçılıq edir. Sonrakı yerləri Tailand və Mərkəzi Afrika Respublikası tutur. İlk beşliyi Çad və Türkiyə tamamlayır. Suriyada çevriliş cəhdi Türkiyə ilə müqayisədə daha az görünür. İlk onluqda Suriya, Sudan, Qvineya-Bisau və Liberia da yer alıb.Dövlət çevrilişinin gözlənildiyi ölkələrin əksəriyyəti Afrika qitəsinə aiddir. Həmin sırada Mali, Efiopiya, Burkina Faso, Qvineya, Cibuti, Uqanda, Boliviya, Lesoto, Sierro Leone, Madaqaskar, Nigeriya, Fici, Misir, Nigerın adları çəkilir. Bununla yanaşı, Pakistan, Banqladeş və Nepalda da 2017-ci ildə dövlət çevrilişinin baş verəcəyi ehtimalı irəli sürülür.Post-Sovet məkanına daxil olan ölkələrdən Rusiyanın və Ukraynanın adları bu siyahıya daxil edilib. Rusiya 20-ci, Ukrayna 23-cü yerdə qərarlaşıb.Amerika qitəsindən isə yalnız Peruda dövlət çevrilişinin gözlənildiyi bildirlir. Bu ölkə siyahıda 29-cu yerdə qeyd edilib.Siyahı hazırlanarkən ölkə liderinin nə qədər müddətdə hakimiyyətdə qalması, onun demokratik yolla seçilməsi, həmin ölkənin idarəçilik forması, ümumi daxili məhsulun artım tempi, əhalinin və uşaq ölümünün səviyyəsi üzrə göstəricilər əsas götürülüb. “The Washington Post”un dərc etdiyi cədvəl çevriliş riskinin ən yüksək olan ölkələrin faiz göstəriciləri üzrə tərtib olunub. Burundi 12 faiz, Tailand 11 faiz, Çad 10 faiz, Mərkəzi Afrika Respublikası 10 faiz, Türkiyə 10 faiz ilə qeyd edilib. Rusiyada isə dövlət çevrilişi 6 faiz mümkündür.Qəzetin yazdığına görə, Donald Trampın çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı xeyli az hesab edilir. Birləşmiş Ştatlarda körpə uşaq ölümünün səviyyəsi Niger və Nigeriyadan 3 dəfə az olduğundan Amerikada çevriliş imkanı 2 faiz qiymətləndirilir. Bu səbəbdən ABŞ 161 dövlət arasında 103-cü yeri tutur.Politoloq Natiq Miri hesab edir ki, ABŞ qəzetinin dərc etdiyi siyahı daha çox nəzəri məzmun daşıyır və gerçəklikdən uzaq görünür: “Bu araşdırmalar nəzərə xarakteri daşıyır. Mütləq mənada hökmlülüyü və həyata keçirilmək imkanı olmayan ehtimallardır. Xüsusilə də Türkiyə kimi ölkələrdə hakimiyyət çevrilişinin baş verməsi 10 faizdən yuxarı göstərilmir. Bu, o deməkdir ki, həmin ehtimallar çox azdır. 161 ölkədə dövlət çevrilişinin baş verəcəyinə dair araşdırmalar beynəlxalq ictimai rəyi formalaşdırmağa xidmət edir. Digər tərəfdən, belə təhlillər təzyiq mexanizmi olaraq düşünülür. Çünki ABŞ və xüsusi xidmət orqanları başqa bir ölkədə çaxnaşma yaratmaq istəyirsə, əvvəlcə beynəlxalq ictimai rəydə müəyyən fikirlər yaradır. Bundan sonra ciddi mənada hərəkətə keçilir. Qəzetdə dərc olunan bu araşdırmalar da düşünürəm ki, ABŞ-ın gələcək niyyətlərindən xəbər verir. Hər halda bu məsələyə o qədər ciddi yanaşmaq lazım deyil. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədə hakimiyyət xalqın demokratik səsverməsi yolu ilə seçilib. 15 iyul dövlət çevrilişinə cəhd zamanı bütün Türkiyə xalqı ayaqda idi və legitim hakimiyyəti qorumaq üçün öz qanlarını belə əsirgəmədilər. Bu fakt göstərdi ki, Türkiyə xalqı XXI əsrdə hərbi çevrilişlərin qarşısında hansısa susqunluq nümayiş etdirmək, öz dövlətini beynəlxalq güclərin ixtiyarına vermək istəmir. Ona görə də belə araşdırmalar daha çox ABŞ planlarına xidmət edir. Çünki həmin siyahıda göstərilən ölkələrdə bu tip dövlət çevrilişləri baş verəcəyi təqdirdə, Birləşmiş Ştatlar “Biz demişdik”-kimi fikirləri dövriyəyə buraxacaq. Ona görə bu məsələni həqiqət kimi qəbul etməyə ehtiyac yoxdur və ABŞ-ın maraqlarına qulluq edən nəzəri araşdırmaların nəticəsi olaraq baxmaq lazımdır. Natiq Miri Rusiyada da dövlət çevrilişinin baş verməsini mövcud şəraitdə qeyri-mümkün sayır: “Rusiyada çevriliş ehtimalı 6 faiz deyil, sıfır faizdir. Çünki Rusiya iqtisadiyyatı qlobal sanksiyalar nəticəsində çökmədisə, yaxın perspektivdə bunun baş verəcəyini güman etmirəm. Rusiya büdcəsinin 60-65 faizi enerjidaşıyıcılarının hesabına formalaşır. Hazırda biz dünya bazarında neftin bahalaşmasını 60 dollara yaxınlaşmasını müşahidə edirik. Bu qiymət Rusiyanın dövlət büdcəsinin nisbətən normal səviyyədə formalaşmasına imkan yaradır. Eyni zamanda, Rusiya kənd təsərrüfatı məhsulları istehsal etməyə başladığı üçün yeni iqtisadi modelin qurulması üçün fəaliyyətə başlayıb. Daxili tələbatın belə ödənilməsi mümkün olduğu halda Rusiyadakı avtoritar rejim çevrilişin həyata keçirilməsinə imkan verməz. Rusiyadan fərqli olaraq, Ukraynada hakimiyyətin dəyişməsi ehtimalı var. Əgər Rusiya Donbas bölgəsini və başqa əraziləri işğal edərsə, çox ciddi sosial-iqtisadi etirazlarla yanaşı, hakimiyyətdə böyük boşluqlar yarana bilər. Nəticədə həm Rusiyadan, həm də Ukrayna hakimiyyətindən narazı qalan insanların küçələrə çıxması “Üçüncü Maydan” hərəkatının baş verməsinə səbəb ola bilər”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları