Yuxarı

Putindən diplomatik hücum

Putindən diplomatik hücum

Kreml rəhbəri Mərkəzi Asiyanı ram etməyə çalışırRusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Mərkəzi Asiya ölkələrinə səfəri gözlənilir. Səfər proqramına görə, V.Putin öncə Tacikistana, oradan Qırğızıstana, sonra isə Qazaxıstana və Özbəkistana yola düşəcək. Bu, Rusiya prezidentinin ən genişmiqyaslı səfəri hesab olunur. V.Putinin Mərkəzi Asiya xarici siyasət proqramında Mərkəzi Asiyaya belə əhatəli yer ayırması Rusiyanın bu bölgədəki geostrateji maraqlarının daha da artması ilə izah oluna bilər. Son illər Rusiya Mərkəzi Asiya uğrunda dərinləşən geosiyasi və geoiqtisadi rəqabətin mərkəzində daha fəal görünür. Bu da bölgədə təsir dairəsini genişləndirməyə çalışan yeni siyasi faktorların meydana çıxması ilə bağlıdır. SSRİ-nin dağılmasından sonra, əsasən 1990-cı illərdə Mərkəzi Asiyanın özünü geosiyasi təsir zonasında saxlayan Rusiya sonradan yeni reallıqlarla üzləşməyə başladı.2001-ci ilin 11 sentyabr faciəsindən sonra ABŞ-ın Əfqanıstanda anti-terror əməliyyatlarına başlaması Rusiyanın əsas rəqibinin Mərkəzi Asiyada da bərqərar olmasına şərait yaratdı. Əfqanıstanda hərbi əməliyyatlara dəstək məqsədilə ABŞ-ın əvvəlcə Özbəkistanda, sonra isə Qırğızıstanda hərbi hava bazaları yerləşdirildi. Eyni zamanda, ABŞ-ın Mərkəzi Asiyada radikal islamçılığın və terrorizmin qarşısını almaq üçün hərbi və kəşfiyyat fəaliyyətini genişləndirməsi Rusiyanın təsir imkanlarını xeyli azalda bildi. Bu proses Özbəkistanın Fərqanə vadisində radikal islamçılara qarşı hərbi əməliyyatların aparılmasında, İslam Kərimov hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq müstəqil siyasət aparması, Qırğızıstanda 2005 və 2009-cu illərdə rəngli inqilabların baş verməsi ilə nəticələndi.  2005-ci ildə Özbəkistanda baş vermiş Əndican hadisələrindən sonra İslam Kərimovun ABŞ-ın aviabazasını ölkədən çıxartmasına baxmayaraq, Vaşinqton bu ölkədəki hərbi hava qüvvələrini Qırğızıstanın “Manas” bölgəsinə köçürməklə regiondakı mövqeyini qoruya bildi. Əfqanıstana hərbi qüvvə göndərmək üçün Mərkəzi Asiya üzərindən tranzit məkan kimi istifadə edilməsi ABŞ-a bu bölgəni nəzarətdə saxlamağa imkan verirdi. Eyni zamanda, Kərimov rejiminə qarşı sanksiyaların tətbiqi ABŞ-a əlavə təsir imkanları yaradırdı. Birləşmiş Ştatlar şirkətlərinin Qazaxıstanın neft sektorunda sərmayəçi kimi iştirakı da Amerikanın regionda strateji mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb. Hətta ABŞ regionda geosiyasi üstünlüyünü qazanmaq üçün Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə 2013-cü ildə “S-5” adlı format da təşkil etdi. Bu birliyə daxil olan ölkələrin xarici işlər nazirləri 2016-cı ilin avqust ayında ABŞ-ın sabiq dövlət katibi Con Kerri ilə görüş keçirmişdi.Ancaq son dövrlər Mərkəzi Asiyada geosiyasi situasiyanın dəyişməsi müşahidə olunur. Söhbət adıçəkilən regionda ABŞ-la yanaşı, Çin, Hindistan, Türkiyə, İran, Pakistan kimi böyük dövlətlərin Mərkəzi Asiyada təsir imkanlarının artmasından gedir. Bu isə regionda geosiyasi və geoiqtisadi qarşıdurmanın böyüməsinə səbəb olur. Siyasi ekspertlərin fikrincə, Rusiyanın Mərkəzi Asiya bazarından çıxarılmasına çalışan ABŞ üçün indi həmin bölgədə Çin kimi daha güclü rəqiblə qarşılaşıb. Ancaq Rusiyadan fərqli olaraq, Çinin Mərkəzi Asiyada siyasi və hərbi deyil, iqtisadi maraqları üstünlük təşkil edir. Hazırda, Mərkəzi Asiyanın istehlak bazarında və yatırılan sərmayələrin həcminə görə, Çin həm Rusiyanı, həm də ABŞ-ı və digər ölkələri üstələyir. Eyni zamanda, Çin Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının əsas alıcısına çevrilməkdədir. Paralel olaraq, Hindistan da Türkmənistan qazının əsas idxalçılarından biri sayılır. Təbii ki, prosesin belə inkişafı Rusiya üçün arzuolunmaz vəziyyət yaradır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkədə siyasi islahatlar həyata keçirmək planı Kremlin maraqlarına növbəti zərbə hesab oluna bilər. Çünki Qazaxıstanın parlamentli respublika üsul-idarəsinə keçməsi ilə bağlı aparılan demokratik dəyişikliklər Astananın Moskvanın təsir dairəsindən uzaqlaşması üçün ciddi siyasi əsaslar yaradır.Rusiyanın təsir imkanları isə hələ tükənməyib. Əksinə, Kreml Mərkəzi Asiyada mövqeyini gücləndirəcək yeni amillərdən yararlanmağa çalışır. Belə ki, ABŞ-ın 2012-ci ildə silahlı qüvvələrini Əfqanıstandan çıxartmasından sonra Vaşinqtonun Mərkəzi Asiya üzərində təsir imkanları azalmağa başladı. Eyni zamanda, Qazaxıstanın və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzv olması, Mərkəzi Asiyada yerləşən beş dövlətdən üçünün KTMT-nin üzvü olması Rusiyanın bölgədə geosiyasi fəallığının artması üçün əlverişli imkan yaradır. Xüsusilə də 2016-cı ilin sentyabr ayında Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra Putin iqtidarına yaxınlığı ilə seçilən Şövkət Mirziyoyevin hakimiyyət başına gəlməsi Rusiyanın Mərkəzi Asiyaya fəal müdaxiləsi üçün yeni mərhələnin başlanğıcı hesab edilir. Rusiyanın Mərkəzi Asiyada fəallaşması üçün növbəti amil Mərkəzi Asiyada radikal islamçılığın və terrorizm təhlükəsinin artmasıdır. Bu isə Rusiyaya Mərkəzi Asiyada yeni hərbi bazalar yerləşdirmək və Özbəkistanı KTMT-yə üzv etməklə bağlı planlarını həyata keçirmək üçün siyasi arqument yaradır.Rusiyaya Mərkəzi Asiyaya müdaxilə imkanı yarada biləcək növbəti faktor Qazaxıstanda separatizm təhlükəsidir. Qazaxıstanın şimal-şərq bölgəsində yaşayan əhalinin 70 faizini ruslar təşkil edir. Moskva Rusiyanın təsir dairəsindən və Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə, Astananı Ukraynada olduğu kimi rus separatizmi ilə təhdid edir. Son bir ildə Rusiya və Qazaxıstan prezidentləri 6 dəfə görüşüb, 8 dəfə telefonla danışıb. Nazarbayev Rusiya ilə Türkiyə arasında gərginlik yaranan zaman, eləcə də Rusiya ilə Ukrayna arasında vasitəçilik təklif edib. Buna baxmayaraq, Qazaxıstanın müstəqil xarici siyasət kursu Kremli qane etmir.Prezident Putin Tacikistana axırıncı dəfə 2001-ci ildə səfər edib. İki ölkə arasında ticarət dövriyyəsi böyük deyil və cəmi 1 milyard dollar təşkil edir. Analitiklərin fikrincə, Rusiya Tacikistana daha çox regional təhlükəsizlik baxımından əhəmiyyət verir. Əfqanıstanla sərhəddə yerləşən Tacikistanı Kremldə “hər an partlamağa hazır olan bomba” adlandırırlar. Xatırladaq ki, ötən ilin oktyabr ayında Taliban terrorçuları Gündüz əyalətindəki sərhəddən Tacikistan ərazisinə keçməyə cəhd göstərmişdilər. Həmin vaxt ordunu döyüş vəziyyətinə gətirən Tacikistan rəhbərliyi zərurət yaranarsa, kömək üçün KTMT-yə müraciət edəcəyini bildirmişdi. Qırğızıstanı isə bu il hakimiyyət dəyişikliyi gözləyir. Prezident Almazbek Atambayevin səlahiyyət müddəti konstitusiya ilə başa çatır. Növbəti prezidentin kim olacağı və Qırğızıstanın gələcək xarici siyasət kursu Moskvada diqqətlə izlənir. Qırğızıstan AİB-in üzvü olduğuna görə, Rusiyanın Qazaxıstandan sonra Mərkəzi Asiyada ikinci ən böyük müttəfiqi sayılır. Lakin 2016-cı ilin dekabr ayında AİB-nin Sankt-Peterburqda keçirilən sammitində Qırğızıstanın prezidentinin ittifaq daxilində gömrük münasibətlərinə dair məcəllənin baza sənədini imzalamaqdan imtina etməsi Rusiya üçün gözlənilməz siyasi sürpriz oldu.Qırğızıstan yekunda Gömrük Məcəlləsini imzalasa da bir sıra əhəmiyyətli sənədləri qəbul etmədi. Qırğızıstan üçün müəyyən edilmiş güzəşt dövrü başa çatsa da bu ölkə istehsal etdiyi malların AİB bazarına çıxışını təmin edə bilməyib. Ona görə də Putinin səfəri zamanı yəqin ki, hər iki tərəf üçün mübahisəli qalan həmin məsələlər müzakirə predmeti olacaq. Özbəkistan prezidenti Şövkət Mirziyoyevin qəbul edəcəyi ilk xarici dövlət başçısının da Vladimir Putin olması xüsusi vurğulanır. Mirziyoyevin prezident seçilməsindən sonra ilk xarici səfərini Moskvaya edəcəyi bildirilsə də bu  hələ baş tutmayıb. Ancaq o, Daşkənddə Rusiya prezidenti ilə strateji tərəfdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək. İslam Kərimov dövründən fərqli olaraq, Özbəkistanın xarici siyasət kursunda bitərəflik ənənəsinə son qoyulub və Rusiya ilə yaxınlaşması baş verir. Ötən ilin dekabr ayında Özbəkistanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Prezidentlərin Daşkənddə daha çox Fərqanə vadisində islam terrorizmi təhlükəsinə qarşı birgə mübarizə məsələsini müzakirə edəcəyi gözlənilir.Vladimir Putinin səfər etməyəcəyi yeganə Mərkəzi Asiya ölkəsi-Türkmənistan isə MDB üzvlüyünə qayıtmağa tələsmir. Bunla yanaşı, Aşqabad Rusiyanı özünün “böyük qardaş”ı hesab etməkdə davam edir. Rusiya və Türkmənistan prezidentləri sonuncu dəfə 2016-cı il noyabr ayının 1-də Soçidə görüşüblər. Putin isə 10 ildən çoxdur ki, Aşqabada səfər etmir. Türkmənistanda sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq, prezident Qurbanqulu Berdımuhammədov Rusiya ilə yaxınlaşmaq siyasətinə üstünlük vermir.Müşfiq Abdulla





Həftənin ən çox oxunanları