Yuxarı

Ermənistan qiyam astanasında

Ermənistan  qiyam  astanasında

 Natiq Miri: “Cəmiyyətdə Sarkisyan hakimiyyətinə qarşı böyük narazılıq var”Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkədəki mövcud sosial vəziyyəti kəskin tənqid edib. Ermənistan və separatçı Dağlıq Qarabağ rejimində 10 ildən çoxdur ki, vəzifələr tutan Ohanyan dövlət vəsaitlərindən düzgün istifadə olunmadığını deyib. O, qeyd edib ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti dözülməzdir. Bu ölkədə bütün sahələr, resurslar bir qrup adamın əlində cəmləşib. Vacib işlə məşğul olanlara isə pulun olmadığını bildirirlər. Ermənistan cəmiyyətində qütbləşmə yolverilməz həddə çatıb.Xatırladaq ki, Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və digər müxalifətçi Viktor Dallakyanla seçki bloku yaradıb. Bu qüvvələrin birgə mübarizliyi nəticəsində Ermənistanda qiyamın baş verə biləcəyi ehtimal olunur. Qeyd edək ki, Seyran Ohanyan bundan əvvəl də “qanlı inqilab təhlükəsi”ndən danışmış və bildirmişdi ki, bundan yalnız seçkilərdə dəyişiklik yolu ilə qaçmaq mümkündür.“Onlar hakimiyyətə Köçəryanın gəlməsini istəyir”Məsələ ilə bağlı politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistanda hər hansı siyasi və sosial qiyamın gözlənilməsi məsələsi bu gün problematikdir: “Ohanyanın və təmsil olunduğu bəzi güc mərkəzi bilavasitə sabiq prezident Köçəryana xidmət edir. Onu da nəzərə almaq lazımdır ki, Ohanyanın bu gün Ermənistan cəmiyyətində o qədər nüfuzu yoxdur. Çünki ən böyük korrupsiya güc şəbəkəsi məhz Müdafiə Nazirliyinə məxsus idi. Məhz Ohanyanların səhvi nəticəsində Ermənistan gəncləri öz cəbhə xəttində tələf olublar. Düşünmürəm ki, Ohanyanın da təmsil olunduğu da güc mərkəzi belə bir qiyam yarada bilsinlər. Həmçinin, Ohanyanlar bu gün Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar. Bunu qətiyyən yaddan çıxarmaq lazım deyil. Rusiyanın icazəsi olmadan Ermənistanda siyasi və sosial qiyamın baş verməsini düşünmürəm. Kremldə bu məsələyə birbaşa olaraq razılıq versələr, cəmiyyətdə Sarkisyan hakimiyyətinə qarşı böyük narazılıq var. Ancaq indiki dönəmdə, xüsusilə də seçki öncəsində belə bir qiyamın qaldırılması qətiyyən gözlənilən deyil. Ona görə də bunlar daha çox seçkiyə yönəlik verilən mesajlardır. Amma cəmiyyət tərəfindən də bu cür çıxışların dəstəklənəcəyini də hesab etmirəm”.Politoloq əlavə edib ki, Ohanyanın təmsil etdiyi qüvvə hakimiyyətə yeni bir siyasi komandanın gəlməsini istəyir:“Bu komanda isə Köçəryanın komandasıdır. Çünki Oskanyan bilavasitə Köçəryanın dəstəyilə siyasi partiya yaratdı və bu gün də Ohanyanın təmsilçiliyi ilə bu komanda sabiq prezident Köçəryana xidmət edir. Seçki öncəsi və parlament seçkilərində üstünlük qazanmaq üçün bu cür bəyanatlar, açıqlamalar verirlər. Bunu seçkiyə yönəlik çıxışlar kimi dəyərləndirmək lazımdır”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları