Yuxarı

Avropadan Ermənistana qadağa gəlir?

Avropadan  Ermənistana  qadağa gəlir?

 Zəlimxan Məmmədli: "Diplomatik korpus fəaliyyətini genişləndirsə, nəyəsə nail ola bilərik"


Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir.Ermənistan siyasi hakimiyyətinin beynəlxalq qurumların qəbul etdiyi qərarlara, qətnamələrə öz xoşu ilə əməl edəcəyini gözləmək sadəlövhlükdür. Çünki, bu günə qədər 20 ildən artıqdır ki, Ermənistan heç bir beynəlxalq hüquq normalarına əməl etməyib və Azərbaycana qarşı işğal faktını davam etdirir. Bu gün isə Ermənistan qondarma "Dağlıq Qarabağ Respublikası"nda referendum keçirməyə hazırlaşır. Bəzi ermənipərəst Avropa nümayəndələri isə buna dəstək verirlər. Bu gün Dağlıq Qarabağ ətrafında gedən proseslər birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə və dövlət maraqlarına ziddir. Amma nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar bu problemin həllində konkret mövqe nümayiş etdirmir, Ermənistanın işğal faktına son qoyması üçün təzyiq göstərmirlər. Azərbaycan prezidentinin Münhendə səsləndirdiyi bəyanatdan sonra Ermənistana qarşı hər-hansı bir təzyiq vasitəsini görə bilərikmi? ABŞ, Rusiya və Fransa niyə bu günə Ermənistana təzyiq göstərmir?"Cümhuriyət" qəzetinə şərhində politoloq Zəlimxan Məmmədli deyib ki, beynəlxalq qurumlar münaqişənin alovlanmasını istəmir. Ona görə də problemin sülh yolu ilə həllində israrlıdırlar. Ancaq bu da Dağlıq Qarabağ probleminin həllinə gedən yol deyil: "Azərbaycan bu tip bəyanatları mütəmadi şəkildə verir. Amma Avropa Birliyi, BMT status-kvonu saxlamaqda israrlıdır. ATƏT həm Azərbaycan, həm də Ermənistanla razılaşaraq bəyanatlar səsləndirir. Yəni, ATƏT-in bu günə qədər səsləndirdiyi bəyanatlarda tam olaraq Azərbaycanın mövqeyi olmayıb. Bu bəyanatlar isə, adətən, atəşkəsin qorunması, status-kvonun saxlanması və problemin danışıqlar yolu ilə həll olunmasını ehtiva edir. Azərbaycan isə ortalığa konkret paket qoya bilməyib. Son olaraq Azərbaycan prezidentinin bəyanatı doğru addım oldu. Amma bunun ardınca da ATƏT, BMT, Avropa İttifaqına qarşı ciddi diplomatik basqılarımız olmalıdır. Dağlıq Qarabağla bağlı gedən prosesləri dəyişməsi isə ABŞ administrasiyasının bölgəylə bağlı yürüdəcəyi siyasətdən asılı olacaq. ABŞ hakimiyyəti dondurulmuş münaqişələrlə bağlı yeni mərhələyə keçid edir. Amma konkret olaraq Dağlıq Qarabağla bağlı Amerikanın mövqeyi ortada deyil. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda həm diplomatiyada, həm də təbliğat kampaniyasında yeni model işlənib hazırlanmalıdır.Bu gün Ermənistan Azərbaycan ərazisində atəşkəs rejimini pozur. Amma hesab edirəm ki, atəşkəsi Azərbaycan tərəfi pozmalıdır. Azərbaycanın ərazisi işğal olunub və torpaqları işğaldan azad etmək həm beynəlxalq hüquqda, həm də BMT-nin məlum 4 qətnaməsində işğal faktorunun aradan qaldırılması açıq şəkildə göstərilib. Bütün qərarlar, qətnamələr imkan verir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Ermənistan bizi təxribata çəkir deyə, ATƏT-in sülh danışıqlarına sədaqət nümayiş etdiririk. Amma bu problemin həlli yolu deyil.Hər halda prezidentin son bəyanatı doğrudur, ancaq bunun ardınca buna adekvat siyasət yürütmək lazımdır ki, nəticə almaq mümkün olsun. Əgər bu prosesin ardını gətirə bilsək, bunu çağdaş zamanda Qarabağ probleminin həlliylə bağlı uğurlu siyasət hesab etmək olar".Vilayət Muxtar"





Həftənin ən çox oxunanları