Yuxarı

ABŞ ikinci cəbhə açır

ABŞ ikinci cəbhə açır

Şimali Koreya ABŞ raketlərinin hədəfində Koreya yarımadası kütləvi qırğın meydanına çevrilə bilər ABŞ Suriyanın ardınca Şimali Koreyanı vura bilər. Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus “Karl Vinson” təyyarədaşıyan gəmisinin Sakit Okeanın qərb sahillərinə yan alması dünya ictimaiyyətinin diqqətini Suriyaya endirilən raket zərbələrindən heç də az cəlb etməyib. Şimali Koreya rejimi özünün kütləvi qırğın silahları ilə yalnız ABŞ-ı deyil, ümumilikdə bütün dünyanı narahat edən bir təhlükə mənbəyinə çevrilib. Hətta Amerikanın beynəlxalq aləmdəki rəqibləri belə, Şimali Koreya hakimiyyətinin mütəmadi olaraq keçirdiyi nüvə və hidrogen bombalarının sınaqlarını təşvişlə izləyir. Buna baxmayaraq, indiyə qədər ABŞ rəsmi Pxenyanı hərbi əməliyyatlar yolu ilə cəzalandırmağa təşəbbüs göstərməyib. ABŞ-ın 43-cü prezidenti Corc Buş Şimali Koreya, İraq və İranı “Şər üçbucağı” adlandırmışdı. Siyasi ekspertlərin rəyinə görə, Vaşinqtonun dünyada ən böyük düşmənlərindən biri olan Şimali Koreyaya hərbi zərbələr endirməməsinin başlıca səbəbi bu ölkənin nüvə silahına və uzaq mənzilli raketlərə sahib olmasıdır. Özünün çılğın davranışları ilə seçilən Şimali Koreya lideri Kim Çen Inın 2011-ci ildə hakimiyyət başına gəlişindən sonra isə bu ölkənin militarist siyasəti daha da güclənib. Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya Respublikasını, ABŞ-ı və Yaponiyanı nüvə silahı ilə hədələyir. Kim Çen In ölkə rəhbəri seçildikdən sonra atası Kim Çen İrin sağlığında Cənubi Koreya ilə başlanmış sülh danışıqlarından imtina etdi. Hətta 2013-cü ildə Şimali və Cənubi Koreya arasında müharibə vəziyyəti yarandı. Kim Çen In rejiminin 2015-ci ildə hidrogen bombasını sınaqdan çıxarması bütün dünyada narazılığa səbəb olmuşdu. Buna baxmayaraq, Şimali Koreya bütün beynəlxalq çağırışlara məhəl qoymur. Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın Sakit Okean hövzəsi ilə bağlı siyasi strategiyasını dəyişmək planları Şimali Koreyanın da zərəsizləşdirilə biləcəyinə dair ehtimalları gündəmə gətirib. Halbuki, bu məsələ ilə bağlı fərqli yanaşmalar da mövcuddur. Belə ki, bəzi müşahidəçilərin qənaətinə görə Şimali Koreya kimi nüvə silahına malik bir dövlətin mövcud olması ASİAN regionunda geosiyasi balansı saxlamaq baxımından Amerikanın maraqlarına dolayısı ilə cavab verir. Yəni, Şimali Koreyanın hərbi güc mərkəzi kimi bölgədəki fəaliyyəti Çinin geostrateji təsirinin qarşısını almağa imkan verir. Bu eyni zamanda, Pxenyanın təhdidləri qarşısında Cənubi Koreyanın və Yaponiyanın ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyacını artırır. Lakin prezident Trampın sələfi Barak Obamadan fərqli olaraq, xeyli müddət davam edən sükutu pozaraq, Suriyaya raket zərbələri endirmək əmrini verməsi diqqəti indi də Koreya yarımadasına yönəldib. İndi belə bir suala cavab axtarılır: “Prezident Tramp gözlənilmədən atəş əmri verərsə, Şimali Koreya ABŞ-a nüvə silahı ata bilərmi?” Analitiklər hesab edir ki, ötən üç ay prezident Trampın Amerika diplomatiyasında fəal islahatçı olmadığını təsdiq etdi. O, daha çox sərt və gözlənilməz qərarlar qəbul etməyə üstünlük verir. Heç kimin gözləmədiyi bir halda ABŞ-ın Suriyaya 59 raket zərbəsi endirməsi bunu təsdiq etdi. Ona görə də Trampın Şimali Koreyann hərbi obyektlərini məhv etmək barədə qəfil əmr verməyəcəyinə təminat yoxdur. Əgər Şimali Koreyaya raket zərbələri endirilsə, bu Suriyadakından bir qədər də dəqiq, ancaq daha təhlükəli olacaq. Çinin “Xunatsyu Şibao” agentliyinin təhlilinə görə, əgər ABŞ belə bir “şərti” zərbə endirməli olsa, o zaman Şimali Koreya buna cavab olaraq, Seula minə qədər raket və mərmi zərbəsi vurmaqla Cənubi Koreya xalqını bədbəxt edə bilər. “ABŞ-ın Suriyaya raket zərbəsi endirməsi qərarı ildırım sürəti ilə qəbul edilib. ABŞ Milli Təhlükəsizlik Şurasının iclası başlayıb, Tramp son sözünü deyib və raketlər dərhal buraxılıb. Şimali Koreya ilə bağlı da qərar sadə şəkildə belə qəbul oluna bilər. ABŞ bir suala cavab verməli, düşünməli və hər şeyi diqqətlə götür-qoy etməlidir: Əgər Pxenyan Seula cavab zərbələri endirərsə, Vaşinqton nə edəcək? Ona görə də ehtimal ki, ABŞ KXDR-ə qarşı hər hansı hərbi fəaliyyətə başlamayacaq. Belə bir qərar verilərsə, yalnız nüvə obyektlərinə və onlarla bağlı hərbi qurğulara zərbə endirmək çətin olacaq. Hazırda ABŞ və Cənubi Koreya Pxenyanın “Ləğv edilməsi üzrə əməliyyat”ı birgə həyata keçirir, oradakı siyasi hakimiyyəti devirmək üçün böyük siyasi hiyləni birgə çözürlər. Bu, gələcəkdə çox güman ki, baş verəcək. Demək olar ki, ABŞ KXDR-ə silahlı zərbə endirsə, ona məhdud çərçivədə nəzarət etmək çox çətin olacaq. Çox ehtimal ki, bu, Koreya yarımadasında genişmiqyaslı kütləvi qırğınla nəticələnəcək. KXDR bunun hesabını külli miqdarda ödəməli olacaq, Cənubi Koreyaya da ciddi ziyan dəyə bilər. Bununla belə, Pxenyanla münasibətlərin dözülməz həddə olduğu bir vaxtda Amerikanı Suriyadakı əməliyyatın nəticələri ruhlandıra bilər. Hazırda Şimali Koreyanın nüvə obyektlərinə aviazərbələr endirilməsi Trampın komandası üçün mənasız görünmür. Belə bir şəraitdə Şimali Koreyanın altıncı nüvə sınağını keçirməsi ən sonuncu Vaşinqtonu belə bir ağılsız hərəkəti etməyə təhrik edən sonuncu və həlledici vasitə ola bilər. Ən azı Vaşinqton həlledici sözünü deyə bilər. Bu ilki vəziyyət Obamanın 2016-cı ildəki idarəçiliyindən fərqlənir. O, KXDR ilə münasibətlərdə yeddi il strateji dözümlülük nümayiş etdirib. Obamanın dözmək üçün yalnız bir ili qalanda Tramp hakimiyyətə gəldi. Onun xarici siyasətinin yeni hakimiyyətdən üstün istiqaməti Şimali Koreyanın nüvə problemini həll etmək idi. Əgər o, ilkin mərhələdə Pxenyana məğlub olsa idi, avtoriteti dərhal düşərdi. Xəbərlərə əsasən, ABŞ-ın Milli Təhlükəsizlik Şurası Trampa Cənubi Koreyada nüvə silahı yerləşdirməyi təklif edib. Bu, Koreya yarımadasında nüvə probleminin məntiqini kökündən dəyişə bilər. Belə ki, yarımadanın yalnız denuklerizasiyası məsələsi aradan qalxar və KXDR-in nüvə silahına malik olmasını leqallaşdırması gündəmə gələ bilər. Çin və Rusiya buna dərhal müqavimət göstərəcək. KXDR vəziyyəti düzgün qiymətləndirir və bunun gələcəkdə çox böyük əhəmiyyəti ola bilər. Onun idarə etdiyi oyunda getdiyi risklər sərhədsiz ola bilməz. Şimali Koreya başa düşür ki, əgər o, beş nüvə sınağı keçiribsə, bəlkə cəzalandırılmadan altıncını da keçirə bilər. Ancaq KXDR növbəti nüvə sınağı keçirsə, Pekindən Vaşinqtona qədər baş verən görünməmiş reaksiyası ciddi hadisələrə gətirib çıxara bilər. Ona görə də Pxenyana rasional düşünmək lazımdir”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları