Yuxarı

İran seçkilərində sürpriz namizəd

İran seçkilərində  sürpriz namizəd

  Sabiq prezident seçkiyə qatıla bilər Sədrəddin Soltan: “Vaxtilə Rəfsancanini də bu yolla yerində oturtmuşdular” İran may ayında keçiriləcək prezident seçkilərinə hazırlaşır. Bir gün də artıq qeydiyyatdan keçmiş namizədlərin sayı 100-ü keçib. Seçkilər ərəfəsində ölkə tarixində yenilik də baş verib. Artıq ayın 11-dən seçkilərdə iştirak edən namizədlərin qeydiyyatı başlayıb. İran Mərkəzi Seçki Komissiyasında tarixdə ilk qadın namizəd Şölə Hədc Mirfəttah Təbrizinin namizədliyi qeydə alınıb. Mühafizəkarların namizədi kim ola bilər? Vaxt azaldıqca islahatçılar və mühafizəkarlar arasında rəqabət qızışır. İslahatçı prezident Həsən Ruhani namizədliyini irəli sürməsə də onun seçkilərdə iştirak edəcəyi dəqiqdir. Əvvəlki seçkilərdə cəsarətli mövqe sərgiləsə də Ruhani bir qədər qayğılı görünür. ABŞ-la gərginləşən münasibətləri nəzərə alan Ruhani ölkənin Ali Dini İdarəsinin bu seçkilərdə mühafizəkarlara yer verəcəyini düşünə bilər. Bu məsələdə tərəflər arasında ciddi fikir ayrılıqları var, mühafizəkarlar ABŞ-a qarşı siyasətin sərtləşdirilməsini istəsələr də islahatçılar münasibətlərin yumşaldılması xəttini dəstəkləyirlır. Amma mühafizəkarların namizəd seçimində çətinliyi var. Son toplantılarında mühafizəkarlar 21 namizəd irəli sürdü. Hazırda bu namizədlərin sayı 10-a çatır. Möhsün Rəzayi kimi namizədlərin şansı daha üstün hesab olunur. Amma bu şəxslər əvvəllər islahatçılar qanadında təmsil olunublar. Bu da mühafizəkarların qarşısına əlavə problemlər çıxarır. Məsələn, keçmiş dövlət başçısı, mühafizəkar qanadda təmsil olunan Bəni Sədr prezident seçildikdən sonra Ayətullah Xomeyniyə qarşı çıxmışdı. Mahmud Əhmədinejad da ikinci dönəm prezidentliyində dini liderlə problemlər yaşamışdı. Buna görə də dini rəhbərlik keçmiş uğursuz sınaqları nəzərə alaraq, sırf mühafizəkar qanadda yetişmiş şəxsə üstünlük verməyə çalışacaq. Bu baxımdan dini lider keçmiş islahatçı, indiki mühafizəkar namizədlərin qarşısına İmam Rza Məqbərəsinin imamı İbrahim Rəisini çıxara bilər. İranda seçicilər ölkədə mütləq güc olan dini liderin seçdiyi namizədləri dəstəkləyirlər. Buna görə də seçicilər dini liderdən uzaqda duran namizədləri dəstəkləməyəcəklər. Dini lider kimi dəstəkləyəcəksə, prezident də həmin şəxs seçiləcək. Yəni, mühafizəkar qanad özlərinə real səs və dəstəkçi toplaması məsələsində islahatçılardan daha şanslıdır, bu da xarici siyasətdə sərtliyi dəstəkləyən dindar qanadın üstünlüyünü artırır. “Mühafizəkarlar Əhmədinejadı oyuna qoşa bilərlər” Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad seçkilərdə namizəd olmaq üçün öz sənədlərini verib. Ekspert qeyd edib ki, Əhmədinejadın prezidentliyi dövründə vitse-prezident olmuş Hadi Bakayi və Əhmədinejadın dəftərxnanasının müdiri olmuş Rəhim Məşayi də namizədliklərini irəli sürüblər: “Son məlumata görə 197 nəfər namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib, bunlardan 8-i qadındır. Qeydiyyat hələ başa çatmayıb. Hələ hansı namizədin hansı qanadda qalacağı məlum deyil. Amma ehtimal var ki, Əhmədinejad prezident seçkisi uğrunda yarışlara qatılacaq. 2003-cü il seçkisində Mahmud Əhmədinejad Haşimi Rəfsancani ilə mübarizə aparmışdı. İkinci turda Əhmədinejad onu uddu. O, mühafizəkar xəttin təmsilçisi sayılırdı. Ola bilsin ki, oyunu maraqlı göstərmək üçün Mahmud Əhmədinejadı oyuna qatsınlar”. Sədrəddin Soltanın sözlərinə görə bu dəfə də islahatçı xəttin nümayəndəsi kimi Həsən Ruhani mühafizəkar Əhmədinejadla mübarizə apara bilər: “Amma bu mübarizədə qalib Həsən Ruhani ola bilər. Çünki Əhmədinejadın ali dini lider Xamneyi ilə münasibətlərinin doğru olmadığı deyilir. Bir sıra mənbələrə görə isə Əhmədinejad özünün müctəhidi kimi indiki dini ekspertlər şurasının sədri Məhəmmədtağı Misbahiyyədini hesab edir. Hakimiyyəti dönəmində Xamneyi ilə Əhmədinejad arasında fikir toqquşması baş vermişdi. Bu baxımdan Əhmədinejadı siyasi səhnədən tamamilə silmək üçün namizədliyini qeydiyyata ala, Ruhani ilə oyuna qoşa bilərlər. Vaxtilə Rəfsancanini də bu yolla yerində oturtmuşdular. Çünki Həsən Ruhani özünü daha çox Xamneyinin adamı kimi təqdim edir, bütün məsələləri onunla məsləhətləşdiyini deyir. Bu baxımdan Ruhani ilə Əhmədinejadın seçki oyunu keçirilə bilər”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları