Yuxarı

Suriya əvəzində Qarabağ

Suriya əvəzində Qarabağ

Azərbaycan seçim qarşısında Elçin Mirzəbəyli: “Razılığa gəlsələr, Azərbaycan da buna uyğun hərəkət edə bilər” ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta rəsmi Bakının Suriya ilə bağlı tutmalı olduğu mövqeyindən danışıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Suriyada dinc təşəbbüslərə dəstək verməlidir. “Bizim gözləntimiz bundan ibarətdir. Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi mənfur siyasətinin qarşısının alınmasında Azərbaycan da köməklik etsin”, - deyə Sekuta qeyd edib. Azərbaycan Əsədə qarşı çıxa bilər? Amerikalı səfirin gözlənilmədən Azərbaycanın Suriya ilə bağlı tutmalı olduğu mövqedən danışmasını, ABŞ-ın gözləntisi kimi də hesab etmək olar. Bunu konkret olaraq Ağ Evin Azərbaycan hakimiyyətinin Suriya ilə bağlı qərarının nə olduğunu bilmək istəyi də, xarici siyasətdə konkret seçim etmək çağırışı da ola bilər. İkinci ehtimal daha ağılabatandır. Şübhəsiz ki, ABŞ da Rusiya kimi rəsmi Bakının balans siyasətindən narazıdır. ABŞ-a görə Bakı bütün siyasi resurlarını Qərbə çevirməli və Rusiyadan uzaqlaşan xətt götürməlidir. Bu baxımdan Azərbaycanı Suriya məsələsində seçim etməyə sövq etməklə bu işi böyük ölçüdə həll edə bilər. Nəzərə alsaq ki, Rusiya Suriya proseslərində Əsədi dəstəkləyən mövqedə dayanıb, bu baxımdan Azərbaycan Amerikanı dəstəkləyən mövqe nümayiş etdirəcəksə, Şimaldan gələn təhlükəni də nəzərə alacaq. Yəni, İran və Rusiya baxımından Azərbaycanın anti Əsəd mövqeyi sərgiləməsi məqsədəuyğun deyil. Ən az ABŞ-la müqayisədə İran və Rusiyanın bu məsələdən istifadə edərək Azərbaycanı qarışdırması ehtimalı daha yüksəkdir. Lakin Azərbaycan Amerikaya istədiyi cavabı versə, bununla Dağlıq Qarabağ münaqişəsi baxımından Ağ Evdən dəstək almaq mümkündür. Amma bu, yenə də Rusiyanı real və açıq düşmən mövqeyinə çəkəcək. Təbii ki, ağır seçim qarşısında qalan rəsmi Bakı konkret mövqe tutmadan bunun ortaya çıxaracağı sonrakı nəticələri də nəzərə alır. Buna görə də analitiklər hesab edirlər ki, belə bir vəziyyətdə balans siyasəti Azərbaycanın təhlükəsizliyi üçün daha ideal variant kimi qabağa çıxır. Rəsmi Bakının Suriya susqunluğunun arxasında bu məsələnin dayandığına şübhə yeri yoxdur. “Azərbaycan üçün ən adekvat yanaşma budur” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə bildirib ki, Robert Sekutanın açıqlamasının arxasında öz ölkəsinin maraqları var. E.Mirzəbəylinin sözlərinə görə ABŞ üçün bu prosesdə öz mövqeyini dəstəkləyəcək ölkələrin sayının çox olması vacibdir: “Xüsusilə, müsəlman ölkələrinin bu məsələdə Amerikanı dəstəkləməsi daha əhəmiyyətlidir. Sekutanın açıqlaması bu baxımdan təbii qəbul olunmalıdır. Əlbəttə, Azərbaycanın Suriya və digər regionlarda baş verən proseslərə öz müstəqil münasibəti var. Bu günədək bu kimi hadisələrə beynəlxalq hüquq çərçivəsindən yanaşmışıq, bu problemlərin həllində BMT qətnamələrini əsas tutmuşuq. ABŞ BMT Təhlükəsiz Şurasının daimi üzvüdür, eyni zamanda onunla mübarizə aparan və Azərbaycanın qonşusu olan Rusiya da bu qurumun üzvüdür. Əgər Rusiya və ABŞ bu məsələdə razılığa gəlib, konkret qətnamə qəbul etsələr Azərbaycan da buna uyğun hərəkət edə bilər. Azərbaycan üçün adekvat yanaşma budur ki, tərəflər ilk növbədə öz aralarında razılığa gəlsinlər”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları