Yuxarı

Güney Azərbaycan Ağ Evin masasında

Güney Azərbaycan Ağ Evin masasında

ABŞ prezidenti Donald Tramp növbəti dəfə İrana qarşı təzyiqlərin artırılacağından danışıb. İranın nüvə başlıqları daşımaq gücündə olan ballistik raket istehsalı sənayesini genişləndirməsi və bu silahları sınaqdan keçirməsinin dünyanı təhdid etdiyini deyən Tramp, buna qarşı ABŞ-ın atacağı alternativ addımları sadalayıb. Cebhe.info xəbər verir ki, Ağ Ev rəhbəri dolayı yolla rəsmi Tehranın təhlükəli manevrlərdən imtina etməyəcəyi halda İrana qarşı silahlı müdaxilə variantını da istisna etməyib. “İran nüvə müqaviləsinin ruhuna uyğun rəftar etmir. Bu cür rəftar etməyə məcburdur, amma etmir. İmzalanan müqavilə ilə bağlı çox böyük pislik edirlər. Bərbad bir müqavilədir. Əsla imzalanmamalı idi. Müzakirə edildiyi formada müzakirə edilməməliydi. Mən bütün müqavilələrin tərəfdarıyam, amma bu çox pis müqavilədir, gördüyüm imzalanmış ən pis müqavilədir. Onlar müqavilənin ruhuna uyğun hərəkət etmirlər. Biz məsələni çox ciddi bir şəkildə təhlil edirik və yaxın zamanda bu məsələ ilə bağlı sözümüz olacaq”, - Tramp bildirib. Güney məsələsi masada Ekspertlər hesab edirlər ki, ABŞ-ın İrana qarşı təzyiqləri Güney Azərbaycan probleminin həlli üçün fürsət yaradır. İrana qarşı təzyiq vasitəsi kimi Güneylə bağlı hələ bir neçə il əvvəl hazırlanmış siyasi layihənin yenidən Konqresin gündəliyinə salınacağı istisna olunmur. “Tarixi fürsət yaranıb” Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili Cebhe.info-ya bildirib ki, İran hakimiyyəti Güney Azərbaycanda davam edən Milli Azadlıq Hərəkatına qarşı təzyiqləri gücləndirib. M.Mehdili ABŞ-ın İrana qarşı təzyiqlərinin artırmasının bu baxımdan Güney Azərbaycanın gələcək müqəddaratının həlli üçün fürsət yaratdığını istisna etməyib: “Güneyin gələcəyi ilə bağlı nəzərə almalı olduğumuz bir neçə ciddi fakt var. ABŞ-ın yenidən təzyiqləri artırması, İranın regionda apardığı məzhəbçi siyasətin bumeranq effekti ilə özünə geri qayıtması, ölkənin mütləq güc sahibi Xamneyinin ağır xəstəliyi və ölüm ehtimalı, prezident seçkilərindən əvvəl müşahidə olunan gərginlik və hökumətin ayrı-ayrı qanadları arasındakı qarşıdurma molla rejiminin zəiflədir. İranın dini-siyasi rəhbərliyinin zəifləməsi Güney Azərbaycana öz müqəddaratını təyin etmək üçün tarixi fürsət yaradır. Lakin bu fürsətin hansı formada istifadə olunacağını əvvəldən demək çətindir”. GAMAC yetkilisi qeyd edib ki, İranda yaşayan Azərbaycan türkləri, kürdlər, digər etnik qruplar, həmçinin sünnilər molla rejiminin yürütdüyü siyasətdən narazıdır: “Əlbəttə, bölgədə kürdləri təmsil edən silahlı qruplaşmalara Avropa və ABŞ-dan gizli dəstək verilir. Həmin qruplaşmalar eyni zamanda Güney Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər. Hesab edirəm ki, yaxın vaxtlarda Güney məsələsi böyük problemlərlə qarşı-qarşıya qalan kompleks məsələyə çevriləcək. Əgər Tehran problemləri danışıqlar yolu və yumşaq dillə həll etməyə çalışsa, İran məsələnin içindən zərərsiz çıxa biləcək, əks halda daha ağır problemlərin ortaya çıxacağı istisna deyil, lakin bu, molla rejimi üçün asan olmayacaq. Güney Azərbaycan Milli Hərəkatı da situasiyaya uyğun addımlar atacaq. Əgər İran hakimiyyəti yumşalmasa, daxildə müxtəlif etnik və dini qrupların iştirak etdiyi silahlı qarşıdurmanın baş verəcəyi labüd olacaq ki, mən buna qarşıyam. İran təhlükə qarşısındadır. Amma bütün hallarda Güney Azərbaycan Milli Hərəkatı öz mədəni fəaliyyətini davam etirməkdə maraqlıdır, biz heç vaxt radikallıq və aqressivliyi dəstəkləməmişik. Bu, gələcək üçün böyük hazırlıqdır”. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları