Yuxarı

İŞİD-ə axan milyardlar

İŞİD-ə axan milyardlar

Terrorçu təşkilatı kim maliyyələşdirir?

İŞİD terror təşkilatının sahib olduğu nəhəng sərvət və maliyyə vəsaitlərinin qaynaqları haqda müxtəlif fikirlər var. Həmin fikirlər öz faktoloji təsdiqini tapmasa da "İslam Dövləti"nin tükənməz gücü bir sıra iddiaları ortaya çıxarır. Suriya və İraq rejimlərinə görə, təşkilat Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Suriya müxalifəti Bəşər Əsəd, İran Səudiyyə, Səudiyyə Ərəbistanı İran, Misir Türkiyə və Qətərin maliyyələşdirdiyinə inanır. Misir sələfi hərəkatı "Mədahilər"ə görə, İŞİD İran tərəfindən yaradılıb və bu ölkə tərəfindən müdafiə olunur, məqsəd şiəliyin yayılmasına münbit şərait yaratmaqdır.

Dünyanın ən zəngin terror təşkilatı

Dünyanın "ən zəngin terror təşkilatı" hesab olunan İŞİD 2014-cü ildə Mosulu işğal edərkən İraq Mərkəzi Bankı bu quruma 500 milyard İraq tüməni (420 milyon dollar) ayırmışdı. Büdcəsinin 3 milyard dollardan çox olduğu bildirilən İŞİD-ə maliyyə vəsaitləri verən mənbələrin sayının da kifayət qədər çox və şaxəli olduğu heç kəsə sirr deyil. İraq hökuməti Səudiyyə Ərəbistanını bu terror təşkilatını dəstəkləməkdə ittiham edir. Almaniyanın Mayntz Universitetinin "Ərəb Dünyası" Araşdırmalar Mərkəzinin direktoru Günter Meyer Səudiyyə Ərəbistanı başda olmaqla Qətər, Küveyt və digər Körfəz dövlətlərinin İŞİD-i maliyyələşdirdiklərini deyir. Meyer hesab edir ki, Suriyanın Şimal və İraqın bir sıra bölgələrində ələ keçirdiyi zəngin neft və qaz yataqları da İŞİD-in əsas pul qaynaqlarından biridir. Digər yandan terror təşkilatının nəzarət etdiyi bölgələrdə iş adamları, banklar və maliyyə fondlarını, həmçinin yerli sakinlərin pullarını qəsb etdiyi də iddia olunur. Almaniyanın iqtisadiyyat naziri Herd Müller isə İŞİD-in əsas maliyyə mənbəyinin Qətər olduğunu bildirir.

BMT yardımı

İngiltərədə nəşr olunan "Independent" qəzeti Böyük Britaniya və digər Qərb dövlətlərindən Suriyaya göndərilən humanitar və hərbi yardımın İŞİD-in nəzarətində olan bölgələrə getdiyini iddia edir. Mənbə bu yardımın Türkiyənin Reyhanlı və Kilis sərhəd məntəqələrindən İŞİD-ə təhvil verildiyinə diqqət çəkir. Yardımın içində tibbi avadanlıqlar, dərman, qida və hərbi texniki vasitələrin olduğu deyilir. Qəzetin iddiasına görə, İŞİD-in nəzarətində olan regionlara yardım edən təşkilatlar arasında BMT-nin "Dünya Humanitar Yardım Proqramı" da var. Həmçinin İngiltərənin "Mercy Corps International" təşkilatı da İŞİD-ə yardım ayıran qurumlar arasındadır. Təşkilatın "İslam Dövləti"nə ayırdığı son yardımın həcmi 30 milyon funt-sterlinqə yaxındır.

Peşəkar ordu, "stabil iqtisadiyyat"

"M-16" silahları, tankları, peşəkar döyüş avtomatları, ağır artilleriya, iriçaplı silahları, zirehli maşınlar, kamufilyaj formaları və peşəkar təchizatı ilə İŞİD-in nizami ordusu var. Komandanları Avropa və region dövlətlərindən olan terror təşkilatının arxasında ABŞ, İngiltərə, İsrail kimi siyasi güclərin dayandığı iddia olunur. Bütün bunlara baxmayaraq, İŞİD daha böyük əraziləri ələ keçirəcək formada təchiz edilib. Əlbəttə, bu qaynaqların başında ələ keçirilən neft bölgələrindən əldə olununan enerji resurslarının digər dövlətlərə ucuz qiymətlərə satılması gəlir. Avropa və region dövlətləri İŞİD-in satdığı neftin əsas alıcılarıdır. Təsadüfi deyil ki, iqtisadçılar son bir neçə ildə dünya bazarlarına "qara qızıl"ın sürətlə ucuzlaşmasının səbəblərindən biri kimi bunu göstərirlər. Ehtimallara görə, İŞİD neft satışlarından gündə 1 milyon dollara yaxın gəlir əldə edir. Amerika xəzinədarlığının hesabatına görə, 2015-ci ildən bu günədək İŞİD-in neftdən 500 milyondan çox qazancı olub.

İnsan alveri, tarixi eksponatlar ticarəti

Tarixi abidələrin və maddi-mədəniyyət nümunələrinin satışından da gəlirləri kifayət qədərdir. "İslam Dövləti"nin bu qaçaq malının əsas alıcısı İngiltərə və digər Qərbi Avropa dövlətləridir. Həmin tarixi eksponatların qiyməti 1 milyon və 500 min dollar arasında dəyişir. Mosulun işğalından sonra bu regionda yerləşən bütün banklardakı pullar terror təşkilatı tərəfindən müsadirə olunub. Mosuldan İŞİD-in 1.5 milyard dollar gəlir əldə etdiyi bildirilir. Həmçinin nəzarət etdiyi bölgələrdə insanları vergilərə cəlb edərək stabil gəlir gətirən "iqtisadiyyat" qura bilib.

Təşkilatın nəzarətində olan regionlarda 8 milyon insan yaşayır və bu əhalidən ayda təxminən 60-70 milyon dollar gəlir əldə etdiyi iddia olunur. Vergilərin buraya daxil olmadığı da iddialar arasındadır. Həmçinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və digər Körfəz dövlətlərinin hər birindən ildə 10-50 milyon dollar yardım aldığı deyilir. Digər yandan əsirləri azad etmək qarşılığında da pul alır.

Hər il təxminən bu "biznes"indən orta hesabla 20 milyon dollar qazanır. İnsan alverindən təxminən ildə 25 milyon dollar əldə edir. Terror təşkilatı bir sıra ərəb ölkələrinə qadın satır. Ümumilikdə İŞİD-in büdcəsində stabil 3 milyard dollara (2.4) yaxın maddi vəsaitin olduğu bildirilir.

Mənsur





Həftənin ən çox oxunanları