Yuxarı

Vasitəçilər Bakıya, şirkətləri Qarabağa

Vasitəçilər Bakıya, şirkətləri Qarabağa

Akif Nağı: "Azərbaycan o ölkələrə təzyiq etməlidir”

Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərir. Bəzi statistik məlumatlara görə ATƏT-in Minsk qrupu ölkələri - ABŞ, Fransa və Rusiyadan olan şirkətlər Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərirlər. Bundan əlavə digər beynəlxalq şirkətlərin də Dağlıq Qarabağda fəaliyyəti davam edir. Zaman-zaman Azərbaycan tərəfi bununla bağlı ölkələrə sərt xəbərdarlıq göndərib, müəyyən addımlar atıb. Amma nəticə yoxdur. Dağlıq Qarabağda şirkət quran ölkələr öz işlərindədir. 

Bu günlərdə Britaniya şirkətinin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətinin qarşısı alınıb. İqtisadiyyat Nazirliyi mərkəzi ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən "Grand Thronton” beynəlxalq şirkətinin törəməsi - "Grand Thronton” Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi ilə bağlı araşdırma aparıb. Apaşdırma zamanı "Grand Thronton Ermənistan” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib.

Bununla əlaqədar, "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi nazirliyə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, "Hayastan” Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq məlumat verilməsi diqqətə çatdırılıb. 

Şirkətin mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan hökuməti yalnız xəbərdarlıqla kifayətlənməməlidir: "Azərbaycandan onunla bağlı heç icazəyə də ehtiyac yoxdu. Orada separatçı qondarma qurum var. Ona görə də orada hansısa iş aparılması qeyri-qanunidir. Azərbaycan həmin ölkələrlə münasibətlərinə yenidən baxmalıdır. Ölkəmizin istənilən ölkələrlə iqtisadi münasibətləri var. Azərbaycan o ölkələrə hökm  və təzyiq etməlidir. Bir sözlə, bu məsələ ilə bağlı sərt addımlar atılmalıdır. Bu işi elə-belə, boşuna buraxmaq olmaz. Çünki bu Ermənistanın siyasətidir. Əslində Ermənistanın hansısa ölkə ilə iqtisadi iş birliyinə maraqları da yoxdu. Sadəcə olaraq, Ermənistan lobbisinin təkidi ilə orada iş qururlar ki, qondarma qurumu təbliğ eləsinlər.

Bu da Ermənistanın siyasətinin bir hissəsidir. Bu gün Amerikanın prezidentləri vaxtaşırı sərəncamlar və fərmanlar verirlər, hətta Amerikanın özəl şirkətlərinə də qadağa qoyurlar ki, Şimali Koreyada və yaxud hansısa digər demokratiyanın olmadığı ölkədə iş qurmağı qadağan etsinlər. Təkcə dövlət qurumlarını deyil, özəl şirkətlərə də imkan vermirlər ki, onlarla əlaqə qursunlar. Azərbaycan da bu məsələdə hər bir ölkənin qarşısında konkret tələb qoymalıdır”.

QAT sədri deyib ki, bu cür fəaliyyət beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə ziddir: "Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Bunun özü beynəlxalq hüquqa ziddir. Orada kimsə iş qurursa, deməli, Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Bu da beynəlxalq hüquq normalarına ziddir”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları