Yuxarı

Rusiyadan Azərbaycana təhdid: Yeni ssenari

Rusiyadan Azərbaycana təhdid: Yeni ssenari

Sərdar Cəlaloğlu: "Kreml 2013-cü ildə etdiyi hərəkətləri yenidən təkrarlayır”

Qabil Hüseynli: "Moskva  Ermənistan vasitəsilə cəbhə xəttində müəyyən təxribatlara əl ata bilər”

Rusiya Federasiyasının Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiqləyib. "Cümhuriyət” qəzeti xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı "ədalətsiz” adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyini pozduğunu iddia edib. Rusiya Ədliyyə Nazirliyi "İctimai təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

2018 hazırlığı, yoxsa...

Rusiyanın bu qərarı Azərbaycana qarşı təzyiq vasitəsi hesab edilir. Ehtimal olunur ki, gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Kremldən təzyiqlər daha da sərtləşəcək. 2013-cü il seçkilərində olduğu kimi Rusiyanın bu dəfə də prosesə öz namizədi və maliyyələşdirdiyi bloku ilə qatılacağı da istisna deyil. Yeni İbrahimbəyovunun kim olması hələ ki, ehtimal olunmasa da Kremlin yenə də Rusiyada yaşayan azərbaycanlı oliqarx və milyarderlərdən istifadə edəcəyinə şübhə yoxdur.

"Kreml 2013-cü il ssenarisini təkrarlayır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə bildirib ki, konqresin ləğv edilməsi, Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqidir. ADP sədri də Kremlin bu və digər qərarlarını gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığı kimi qiymətləndirib: 

"Məsələnin bundan başqa adı yoxdur. Eyni zamanda İŞİD-lə mübarizə adı altında Ermənistanda baza yaratmaq planı, eləcə də son günlər aşkarlanmış xəyanətkar dəstə də göstərir ki, Kreml Azərbaycana qarşı açıq formada təzyiq etməyə davam edir. İndən sonra da Rusiyadan başqa formada Azərbaycana qarşı addımlar gözləməliyik. 

Bu, 2013-cü il seçkiləri ərəfəsində Rusiyanın Milyarderlər İttifaqı yaratması və Milli Şuraya açıq dəstək verməsinin yeni dönəmdə təzahürüdür. Kreml 2013-cü ildə etdiyi hərəkətləri yenidən təkrarlayır”.

S.Cəlaloğlunun sözlərinə görə, Rusiya ya bu təzyiqlərlə Azərbaycan hakimiyyətini öz şərtlərini yerinə yetirməyə məcbur edəcək, ya da öz namizədi ilə seçkilərə qatılacaq.

"Rusiya Azərbaycan siyasətini dəyişir”

Politoloq Qabil Hüseynli də "Cümhuriyət” qəzetinə bunun Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq vasitəsi olduğunu deyib. Politoloq vurğulayıb ki, Kreml belə vasitələrlə Azərbaycanı öz tərəfinə çəkməyə cəhd edir: "Bu, Rusiyanın həm Azərbaycana təzyiqidir, həm də ermənipərəst rusiyalı diplomatların bizə qarşı növbəti zərbəsidir. Hesab etmək olar ki, Rusiya Azərbaycan siyasətini dəyişir və anti-Azərbaycan xəttini seçir. Amma Azərbaycan əvvəlki Azərbaycan deyil. Rusiya ancaq, Ermənistan vasitəsilə cəbhə xəttində müəyyən təxribatlara əl ata bilər, Azərbaycan daxilində isə başqa təxribatlara əl atacağı və istəyinə nail olacağı inandırıcı deyil. Rusiyanın buna gücü çatmaz”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları