Yuxarı

Berlində gizli "İncirlik” sövdələşməsi

Berlində gizli

Fərrux Məmmədov: "Rusiya bu prosesdən  məharətlə istifadə edə bilər”

Almaniyanın Türkiyənin "İncirlik” hərbi hava bazasındakı silahlı qüvvələrini çıxardacağı barədə xəbər öz təsdiqini tapdı. Xatırladaq ki, hələ mart ayında alman mediası "İncirlik”ə alternativ olaraq, yeni aviabazalar axtardığı barədə məlumat yaymışdı. Mayın 15-də isə Almaniyanın federal kansleri Angela Merkel "İncirlik”dəki hərbi hava qüvvələrini İordaniyaya köçürəcəklərini istisna etməyib. Bundan başqa hökumət başçısı Küveytdə və Kiprdəki hərbi hava bazalarının da nəzərdən keçirildiyini deyib. Rəsmi Berlinin belə qərar qəbul etməsi Türkiyənin bir qrup alman deputatının "İncirliy”ə daxil olmasına icazə verməməsi ilə izah edilir. Almaniya Hərbi Hava Qüvvələrinin (Bundesver) nümayəndələrinin İordaniyadakı aviabazaya baxış keçirərək obyektdən istifadəyə dair razılıq əldə etdikləri bildirilir. 

Qeyd edək ki, hazırda "İncirlik”də Almaniyanın 260 nəfərlik hərbi kontingenti var. Türkiyə Almaniya ilə artmaqda olan siyasi gərginliyi ötən il Bundestaqın qondarma erməni soyqırımını tanıması ilə əlaqələndirir. 2016-cı ilin iyun ayında Almaniya parlamentinin 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri erməni soyqırımı kimi tanınmasına etiraz olaraq Türkiyə iyulun 13-də bir qrup Bundestaq üzvünün "İncirlik”də xidmət edən hərbçilərlə görüşünə icazə verməmişdi. 

Ancaq iki ölkə arasında yaşanan "İncirlik” qalmaqalının daha üstüörtülü məqamlardan qaynaqlandığına dair xəbərlər ortaya çıxmaqdadır. Təbii ki, rəsmi Ankaranın Bundestaqın üzvlərini hərbi bazaya buraxmaması ilk növbədə, 2017-ci ilin mart ayında türk nazirlərin referendumqabağı Almaniyada təbliğat-təşviqat kampaniyası aparmasına qoyulan qadağaya cavabdır. Ancaq iki ölkə arasında davam edən siyasi gərginlik bununla bitmir. Belə ki, ötən il 15 iyul dövlət çevrilişindən əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) "Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənin Almaniyada yaşayan 4500 nəfər tərəfdarının siyahısını bu ölkənin xüsusi xidmət orqanlarına göndərib. Siyahıda adları çəkilən gülənçilərin yaşadığı ünvanlar, üzv olduğu dərnəklər, gəlir mənbələri, əlaqədə olduğu şəxslər haqqında kəşfiyyat məlumatları yer alıb. Rəsmi Ankara gülənçilərin həbs edilərək Türkiyəyə təhvil verilməsini istəyib. Lakin Almaniya hökuməti həmin şəxslərin hamısına Türkiyə kəşfiyyatı tərəfindən izlənildikləri və ehtiyatlı olmaları barədə xəbərdarlıq göndərib. Almaniyanın bu davranışı iki ölkə arasında soyuq olan münasibətləri daha da pisləşdirib. Artıq rəsmi Ankara bu məlumatı gizlətmir və açıq etiraf edir. Almaniya isə FETÖ-çüləri saxlayıb Türkiyəyə ekstradisiya etmək istəyində görünmür. 

NATO daxilində çat

Digər məlumatlara görə, rəsmi Ankara Almaniya HHQ-ə məxsus "Tornado” təyyarələrinin əldə etdiyi kəşfiyyat məlumatlarına giriş əldə etmək istəyir. Əks təqdirdə, Berlini "İncirlik”in "Tornado”ların yerləşdiyi ərazisində lazımi tikinti işləri aparmağa qadağa qoymaqla təhdid edir. İndi isə Almaniya Türkiyəyə təzyiq vasitəsi kimi "İncirlik”in istifadəsindən imtina məsələsini gündəmə gətirib. Almaniyanın "İncirlik” hərbi hava bazasından imtina etməsi Türkiyə və NATO üçün problemlərin meydana çıxması ilə müşahidə oluna bilər. Almaniyanın "İncirlik”i tərk etməsi sonrakı mərhələdə Türkiyə ilə hazırda münasibətləri soyuq olan digər Qərb dövlətlərini də analoji addım atmağa sövq edə bilər. Bu da öz növbəsində, NATO daxilindəki münasibətlərin pozulması anlamına gəlir. Türkiyənin NATO-nun Avrasiya məkanında əsas dayaq nöqtəsi olduğunu nəzərə alsaq, Alyansın bu regionda mövqeyinin zəifləməsi Rusiyanın və İranın Yaxın Şərqdə rolunu artıra bilər. İkincisi, Türkiyə ilə münasibətlərin pozulması NATO-nun son illər şərqi Avropada və qara dəniz regionunda güclənməkdə olan mövqeyinin zəifləməsi deməkdir. 

Türk miqrantlara təhlükə

Digər tərəfdən, Almaniya Avropada Türkiyə ilə ən yaxın münasibətlərə malik dövlət sayılır. Bu ölkədə 4 milyon türk yaşayır. Yəni Avropada ən böyük türk icması Almaniyadadır. İkitərəfli münasibətlərin pisləşməsi Almaniyada yaşayan və işləyən türk miqrantların geriyə qaytarılması təhlükəsini gündəmə gətirib. Ərdoğan iqtidarı ilə xanım Merkel siyasi kompromissə gələ bilməməsi yaxın perspektivdə münasibətlərin yumşalacağını istisna edir. Əgər Türkiyə ölüm hökmünü bərpa etmək üçün referendum keçirmək qərarına gəlsə, Almaniya ilə münasibətlərin daha da gərginləşəcəyi gözlənilir. Çünki rəsmi Berlin ölüm hökmünün bərpası ilə bağlı türkiyəli siyasətçilərin Almaniya ərazisində təbliğat kampaniyası aparmasına icazə verməyəcəyini bəri başdan bəyan edib. 

Onu da qeyd edək ki, sentyabr ayında Almaniyada növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı Partiyasının qalib gəlmək ehtimalı böyükdür. Amma yeni parlamentin və hökumətin Türkiyə ilə münasibətləri bərpa etməyə çalışacağı istisna olunmur. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, hazırda dünyanın geosiyasi mənzərəsi qarışıq olduğundan müttəfiq dövlətlər də öz aralarında anlaşma əldə etməkdə çətinlik çəkir. Siyasi ekspertin fikrincə, bir il öncə Almaniya Bundestaqının uydurma erməni soyqırımını qəbul etməsi adları çəkilən dövlətlər arasındakı münasibətlərin pozulmasına ciddi təsir göstərib. 

Bu da Türkiyənin Almaniyaya qarşı siyasətinin kökündən dəyişməsinə səbəb olub: 

"Əslində, Türkiyənin belə addım atması özünün təbii haqqıdır. Çünki hər bir dövlət özünün suverenliyini, ərazi bütövlüyünü, hüquqi mənafeqyini qorumaq üçün həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə müəyyən üsullardan istifadə edir. Türkiyənin də əl atdığı üsullar düzgündür. Almaniyaya gəlincə, bu ölkə NATO-da sözü keçən, Alyansı ayaqlar üstündə tutan üç dövlətdən biridir. Məlum olduğu kimi bu ölkələr ABŞ, Almaniya və Türkiyədir. Lakin Türkiyə ilə münasibətlərin pisləşməsi gələcəkdə NATO-nun özünü təhlükəli prosesə sürükləyə bilər. Bu, NATO-ya üzv olan dövlətlərin təhlükəsizlik sisteminə və inamına zərbədir. Almaniya hazırda Türkiyə ilə münasibətlərdə yanlış qərarlara imza atır. Türkiyə də Almaniya ilə əlaqələrə yenidən baxmaq məcburiyyətindədir. Çünki Almaniya hər prosesdə Türkiyə ilə bağlı səhv mövqe tutur. Bunun da səbəbi var. Almaniya Yaxın Şərq siyasətində strateji tərəfdaş olmadan hərəkət etmək istəyir. Türkiyə isə strateji tərəfdaşı olmayan ölkələrin siyasətinin fiaskoya uğrayacağını bəyan edir və bunu öz addımları ilə göstərir. Almaniyanın "İncirlik” hərbi hava bazasından çıxması və alternativ olaraq İordaniyanı seçməsi isə normal qərardır. Bu məsələ bir neçə ay öncə İordaniya kralı II Abdullanın Almaniyaya səfəri zamanı imzalanmış gizli protokolllarda var. Bu, yalnız Türkiyəyə qarşı olan məsələ deyil. Məqsəd NATO-nun genişlənməsi ilə bağlıdır. İordaniyada açılacaq hərbi baza NATO-nun Yaxın Şərqə və Afrikaya yayılması deməkdir. Bu da gələcəkdə geosiyasi prosesin və güclər balansının dəyişməsindən xəbər verir. Türkiyə ilə Almaniya arasında davam edən ziddiyyət böhranlı mərhələyə daxil olacaq. Çünki Almaniyada qarşıdan seçki prosesi gəlir. Görünən odur ki, kansler Angela Merkel seçkilərdə bir daha qalib gələcək. Merkelin qələbəsi Avropa Birliyinin daha güclü bir müstəviyə keçməsi deməkdir. Çünki Fransadakı seçkilərin nəticəsi və Almaniyadakı seçkilər Britaniyadakı "Breksit”dən sonra Avropanın lokomativinə çevirdi. Ona görə də bu proseslər olduqca həssas məsələdir. Lakin Almaniya hərbi hava qüvvələrinin "İncirlik”i tərk etməsi olduqca böyük prosesdir. Yəni, bunu bir neçə gün ərzində həyata keçirmək mümkün deyil və ən azı iki il davam edə bilər. Əslində, "İncirlik”dən imtina etmək Almaniyanın təbii hüququdur. "İncirlik” dünyada mövcud olan ən güclü hərbi bazalardan biridir. Lakin İordaniyada və ya Kiprdə açılacaq aviabaza "İncirlik” səviyyəsində olmasa da strateji əhəmiyyətə malik olacaq. Düşünürəm ki, bu güclər balansını dəyişməyə hesablanmış bir addımdır. Türkiyənin də atdığı addımlar normaldır. Səbəb isə Almaniyanın "erməni soyqırımı”nı tanımaq kimi yanlış bir addım atmasıdır. Bu, Almaniya üçün geriyə dönüşü olmayan bir yoldur. Tarixçilərin qəbul edəcəyi bir qərarı parlamentin qəbul etməsi Almaniyanın Türkiyə üzərindən Yaxın Şərqə və ərəb coğrafiyasına çıxışına maneə yaratdı. Ona görə də Almaniya yəqin ki, alternativ hərbi baza axtarmaq məcburiyyətində qalıb”. 

Fərrux Məmmədovun sözlərinə görə, NATO-nu Türkiyənin iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Türkiyə NATO daxilində həm hərbi potensialına, həm də geostrateji mövqeyinə görə, mühüm əhəmiyyət daşıyır. Ekspert hesab edir ki, NATO Almaniya-Türkiyə münasibətlərinin nizamlanmasında vasitəçi rolunu oynaya bilər. 
Əks təqdirdə, bu siyasi prosesdən Rusiya məharətlə istifadə edə bilər: 

"Rusiya yaxşı anlayır ki, NATO Türkiyəsiz mümkün deyil. Rusiya NATO daxilindəki ziddiyyətlərdən yararlanaraq Türkiyə ilə yaxınlaşmaq siyasətini güdür. Çünki Rusiya Yaxın Şərqdə deyil, yalnız Suriyada mövcuddur. Türkiyə isə ərəb dövlətləri ilə həmsərhəddir. Burada həm regional, həm də din amili var. Rusiyada bu faktordan istifadə edir. 

Bəlkə bu Qərbin Türkiyə ilə Rusiyaya qarşı bir oyunu da ola bilər. Rusiya isə Suriyada mövcudluğunu qoruyub saxlamağa çalışır. Rusiya Suriyadan çıxarsa Yaxın Şərqə və ərəb dünyasına qayıtması yüz illər sürə bilər. Bu isə Rusiya üçün fəlakət deməkdir. Türkiyə-Almaniya münasibətlərində yaranmış gərginliyin Almaniyada yaşayan türklərə mənfi təsir edəcəyinə inanmıram. Almaniya qanun ölkəsidir. Burada yaşayan türklərin çoxunun yaşamaq icazəsi var. Almaniyada türkləri buradan qaytara biləcək hüquqi prosedur mövcud deyil. Qanunda da belə bir hal yoxdur. İşləyən və vergisini ödəyən hər bir türk burada qala bilər. Lakin qondarma erməni soyqırımının tanınması gələcəkdə Almaniyada çox böyük problemlərə gətirib çıxaracaq. Uydurma soyqırım iddiası dərsliklərə salınacaq və bu da Almaniyada türk uşaqlarının təhsil aldığı məktəblərdə çaxnaşmalara gətirib çıxaracaq. Bu da siyasi qarşıdurmalara səbəb olacaq”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları