Yuxarı

ABŞ-dan sonra Rusiya

ABŞ-dan sonra Rusiya

Zəlimxan Məmmədli: "Zəif, idarə olunan Türkiyə Rusiyanın və  Qərbin maraqlarına uyğundur”

Dünya gücləri hər zaman Türkiyəyə qarşı "kürd kartı”ndan təzyiq vasitəsi kimi istifadə edib. Xüsusilə, Amerika Birləşmiş Ştatları (ABŞ) bu istiqamətdə fəallığı ilə seçilir. Ancaq PKK-ya və onun Suriya qolu hesab olunan PYD/YPG güclərinə dəstək verən təkcə ABŞ deyil. Rusiya da bölgədəki maraqlarını təmin etmək üçün "kürd kartı”ndan istifadə etməyə səy göstərir. Rusiya prezidenti Vladimir Putin mayın 15-də Çində keçirilən "Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə toxunub. 

Rusiya prezidenti bildirib ki, "Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”.  Rusiya lideri terrorçu YPG ilə əməkdaşlıda Türkiyənin narahatlığına səbəb görmədiyini də vurğulayıb. Ancaq məlumdur ki, bölgədə yaranan kürd güclərini Türkiyə özü üçün böyük təhlükə hesab edir. Dünya gücləri də "kürd kartı”ndan məhz Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Rusiyanın da Türkiyəni bu məsələdə qarşısını alması münasibətlərdə yeni çatların yaranacağı anlamına gəlir. Nəzərə alsaq ki, Rusiya-Türkiyə münasibətləri son dövrlər yaxşılaşmaq üzrə inkişaf edir. Rusiya prezidentinin səsləndirdiyi fikirlər yeni bərpa olunan münasibətlərə kölgə sala bilər. Putinin kürdlərə dəstək verəcəyini açıqlaması Rusiya-Türkiyə münasibətlərinə hansı yöndə təsir göstərəcək?

Məsələyə münasibət bildirən siyasi şərhçi Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Türkiyə Putinin bu bəyanatına adekvat cavab verəcək. Z.Məmmədli hesab edir ki, bu bəyanatdan Rusiyaya güclü Türkiyənin lazım olmadığı məlum olur: "Zəif, idarə olunan Türkiyə Rusiyanın və eləcə də Qərbin maraqlarına uyğundur. Türkiyəni bölmək istəyən PKK-nın qurucusu də Rusiyadır. PKK və onun Suriya qolu olan YPG/PYD-nin də dəstəkçisi məhz Moskvadır. Bu faktın artıq gündəmə gəlməsi, təbii ki, Türkiyənin siyasətində korrektələr aparmasına zərurət yaradacaq. Bu məsələdə Rusiya və ABŞ-ın Türkiyəyə qarşı maraqları eyni görünür. ABŞ da öz maraqlarını təmin etmək üçün NATO üzrə müttəfiqi olan Türkiyəyə qarşı "kürd kartı”ndan təhdid vasitəsi kimi istifadə edir. Rusiyadan Türkiyənin, Azərbaycanın ərazi bütövlüyü üçün hansısa bir ciddi addım atmasını gözləmək yersizdir. Amma Putinin bu bəyanatından sonra Türkiyə Rusiyaya bu ağırlıqda cavab verməlidir. Hesab edirəm ki, bu cavab yaxın günlərdə veriləcək. Əks halda, bu Türkiyənin milli maraqları üçün ciddi təhlükə deməkdir. Bu da təbii ki, Türkiyəni daxili savaşa çəkə bilər.  Bu gün xarici təzyiqlər türk toplumunu birləşdirir. Türkiyədə bu birlik artan xətt üzrə davam edəcəksə və Azərbaycan da bu platformada iştirak edəcəksə, bu proses türk dünyasının milli maraqları çərçivəsində sonuçlana bilər. Əks halda ciddi itkilərin baş verməsi labüddür, qaçılmazdır”.

Sonda politoloq vurğulayıb ki, Türkiyə Putinin bəyanatından sonra rəsmi Moskvadan açıqlama tələb edə bilər: "Putin konfransda bu fikri açıq şəkildə bəyan etdiyi üçün Türkiyənin özünə rəsmi şəkildə də mövqeyini ifadə etməlidir. Türkiyənin də rəsmi açıqlamaya uyğun addım atması daha doğru olacaq. Moskva rəsmi şəkildə bəyan etsə ki, PKK, YPG/PYD Rusiyanın tərəfdaşıdır, bu birmənalı olaraq Türkiyəyə təhdid deməkdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları