Yuxarı

ABŞ Türkiyəni iç savaşa sürükləyir

ABŞ Türkiyəni iç savaşa sürükləyir

Zəlimxan Məmmədli: "İddialı, güclü, layihədə payçı olan Türkiyə böyük güclərin maraqlarına cavab vermir”

Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyə arasında gərginlik artan templə davam edir. ABŞ-ın PKK-nın Suriya qolu olan PYD/YPG güclərinə dəstək verməsi Türkiyənin təhlükəsizliyini təhdid edən amil kimi qiymətləndirilir. Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı da bu məsələ iki prezident arasında müzakirə olunduğu ehtimal olunur. Ərdoğan ABŞ-da olduğu zaman mühafizəçiləri ilə PKK tərəfdarları arasında baş verən dava isə məsələni daha da qabarıq hala gətirdi. 

ABŞ-ın dövlət katibi Reks Tillersonun Vaşinqtonda PKK tərəfdarları ilə Ərdoğanın mühafizəçiləri arasında baş verən dava ilə ilə bağlı verdiyi açıqlama isə Ankaranın etirazına səbəb olub. Belə ki, rəsmi Ankara Tillersonun baş verənləri "türk şiddəti" kimi qələmə verməsinin qəbuledilməz olduğunu açıqlayıb. Ankara buna etiraz olaraq ABŞ səfirini Türkiyə Xarici İşlər Nazirliyinə çağırıb, ona nota verib. Maraqlıdır, ABŞ NATO üzrə müttəfiqi olan Türkiyəni qarşısına alaraq PKK və onun Suriya qolları olan PYD/YPG güclərini niyə dəstəkləyir?

Politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu gün böyük güclər güclü Türkiyə görmək istəmir. Politoloq hesab edir ki, ABŞ-ın timsalında böyük güclər Türkiyənin əleyhinə olan terror təşkilatlarını dəstəkləyir:

"Türkiyə Amerika Birləşmiş Ştatlarının NATO üzrə müttəfiqidir. Təbii ki, Türkiyənin ərazi bütövlüyü təhdid olunur. PKK Türkiyəni çökdürmək istəyən güclərin əlində alətə çevrilib. ABŞ-ın PKK-nı dəstəkləməsinin kökündə duran məsələ isə "Böyük Orta Doğu” layihəsidir. Strateji olaraq ərəb dünyası yenidən qurulur. Ərəb dünyasında əsas neft emal edən ərazilərə nəzarət etmək uğrunda mübarizə gedir. Bu layihənin içində isə güclü Türkiyəni görmək istəmirlər. İddialı, güclü, layihədə payçı olan Türkiyə böyük güclərin maraqlarına cavab vermir. Bu baxımdan Türkiyəni zəiflətmək həm ABŞ, həm İran, həm də Rusiyanın maraqlarına cavab verir. Böyük güclər hesab edir ki, Türkiyənin bu bölgüdə iştirakı gələcəkdə yeni, böyük güc mərkəzinin yaranmasına səbəb olacaq. Bu isə bölgədəki düzəni  ciddi şəkildə dəyişəcək. Bu baxımdan Türkiyənin iddialı, güclü, dayanıqlı olması yolverilməzdir.

Siyasi araşdırmalar göstərir ki, Suriya münaqişəsində söz sahibi olan dövlətlərin strateji maraqları baxımından Türkiyə onlara sərf etmir. Çünki ABŞ-ın gələcəkdə daha güclü, söz sahibi olan İsrail layihəsi də gündəmdə var. Bu baxımdan ərəb dünyasına İsraili verməklə enerji resurslarına nəzarət imkanlarına sahib olmaq istəyirlər. Etiraf etmək lazımdır ki, dünya yenidən şəkillənir, sərhədlər yenidən cızılır. Bu prosesin nəticəsi olaraq bir sıra yeni dövlətlər yarana, bir sıra mövcud dövlətlər tarixin arxivinə gedə bilər. Hal-hazırda biz bu dönəmi yaşayırıq. Bu baxımdan türk etnosunun böyük bir problemi var ki, dünya gücləri onların üzərinə gəlməkdədir.

Buna görə də Türkiyə yeni güc mərkəzinin yaradılması haqqında düşünməli və heç bir halda iddialarından geri çəkilməməlidir. Türkiyənin iddialarında geri çəkildiyi an iç savaşa sürükləyəcəklər. Müəyyən fikir ayrılıqlarından, siyasi mövqe fərqliliklərindən istifadə edərək bu prosesə start verəcəklər. Bu baxımdan Türkiyənin vahid güc şəklində birləşməsi alternativsiz həll variantıdır. Təbii ki, türk dövlətləri ilə də mümkün olan əməkdaşlıqlar etmək vacibdir”.

Z.Məmmədli əlavə edib ki, bu gün Türkiyəyə təzyiq layihəsi kürdlərin üzərində qurulub. Politoloq hesab edir ki, Türkiyə bu mübarizədən güclü şəkildə çıxacaq:

"Əsrin əvvəlində türk düşmənçiliyini ermənilər edirdi və kürdlər də onlara dəstək verirdilər. İndi isə rollar dəyişib. Bu prosesi kürdlərin üzərindən aparırlar və ona görə də "kürd kartı” ön plana çıxıb. Hesab edirəm ki, PKK təhlükəsi Azərbaycan üçün də ciddi təhdid etiva edir. Türkiyənin güclü olması, siyasi sistemdə bütövlüyü bu gün onun əlində olan ən böyük silahdır. Təəssüflər olsun ki, Azərbaycanın bu sahədə ciddi problemləri var. Siyasi sistem təmərküzləşməli, cəmiyyət bütövləşməlidir.

"Yurdda sülh, cahanda sülh” siyasəti bu gün də aktualdır. Daxildə həmrəy olmaq, düşmənə qarşı  isə dirəniş göstərmək üçün bu yolu tutmaq lazımdır. Türkiyədə son referendumda bu birliyi MHP-AKP timsalında gördük. CHP ilə müəyyən problemlər yaşansa da hesab etmirəm ki, Atatürkün təməlini qoyduğu partiya Türkiyənin təhlükəsizliyini təhdid edən hansısa addım atsın. Bu baxımdan Türkiyənin gələcəyinə ümidlə baxmaq olar. Hesab edirəm ki, Türkiyə böyük güclərin təzyiqindən güclü olaraq çıxacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları