Yuxarı

Rusiya işğalçını silahlandırır

Rusiya işğalçını silahlandırır

Üzeyir Cəfərov: "Rusiya Ermənistanın maraqlarını ön plana çıxaracaq”

Azər Həsrət: "Ermənistanı çıxmaq şərti ilə digər KTMT ölkələrinin silahlara o qədər də ehtiyacları yoxdur”

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  ölkələrinə yeni silah sistemləri, o cümlədən helikopter və hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə "Sputnik” agentliyinə açıqlamasında Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib. O deyib ki, çatdırılma Ermənistan, Belarus və Qazaxıstanla hərbi əməkdaşlıq sahəsində müqavilələrə uyğun olaraq həyata keçiriləcək: "Söhbət, ilk növbədə aviasiya texnikası, xüsusilə helikopter, hava hücumundan müdafiə sistemləri və BTR-lərdən gedir”.

Bundan əlavə, KTMT-nin baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, KTMT yaxın illərdə çevik qüvvələrin pulsuz silahla təmin edilməsi planını nəzərdən keçirir.

Rusiya hansı ölkələri silahlandıracaq?

Rusiya KİV-lərində yayılan məlumatlara görə, rəsmi Moskva layihə çərçivəsində əsasən münaqişələrin mövcud olduğu və terror təşkilatlarının fəal olduğu ölkələrə üstünlük verəcək. Ekspertlər hesab edirlər ki, bu baxımdan Rusiya daha çox Ermənistan və Qırğızıstana üstünlük verə bilər. Qırğızıstan və Ermənistanın seçilməsi təsadüfi hesab olunmur. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dalana dirənib, bu baxımdan porensial müharibə vəziyyətini nəzərə alan Rusiya "silah satışı” adı altında bu ölkədəki hərbi arsenalını gücləndirə bilər. 

Yəni, silahlar Ermənistana satılmayacaq, düşmən ölkəyə göndəriləcək hərbi texnikalar Rusiyanın buradakı hərbi bazalarının genişləndirilməsinə yönəldiləcək. Rusiyanın hərbi-siyasi dairələrindən KİV-lərə verilən məlumatlarda da bu, istisna olunmayıb.

Qırğızıstana gəlincə, Rusiyanın bu ölkədə də hərbi bazası var. Digər yandan Qırğızıstan son zamanlarda Orta Asiyada öz şəbəkəsini genişləndirən İŞİD terror təşkilatının bölgədəki mərkəzlərindən birinə çevrilir. Başqa, sözlə Rusiyanın silah tədarükü layihəsi, əslində bu ölkələrdəki hərbi bazalarının gücləndirilməsinə, yaxud genişləndirilməsinə xidmət edəcək. Yəni, söhbət silahların satılmasından getmir. 

"Ermənistanın maraqları ön plana çəkiləcək”

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə Rusiyanın bu plan çərçivəsində Ermənistanı silahlandıracağını bildirib. Ekspert hesab edir ki, bu, Azərbaycan üçün o qədər də xoşagələn hal deyil:

"Rusiya müdafiə sənayesinin rəsmilərindən Şuqayevin açıqlamasıyla tanış oldum. Həmin açıqlamadan çıxan məntiq budur ki, söhbət Ermənistanın silahlandırılmasından gedir. Digər ölkələrin adları çəkilir, amma Rusiya əsasən Ermənistanı silahlandıracaq. Ermənistan KİV-ləri də fəxrlə bu məlumatı işıqlandırdılar ki, Rusiya Ermənistan döyüş helikopterləri, müdafiə təyinatlı avadanlıqlar verəcək. Ümumiyyətlə, Rusiya və ABŞ öz müttəfiqlərini silahlandırmaq yarışına girib.

Rusiya və ABŞ daha çox münaqişə olan ölkələrə silah satmaqda maraqlıdır. Buna görə də düşünürəm ki, Rusiya Ermənistanın maraqlarını ön plana çıxaracaq. Silahların bir hissəsi güzəştli qiymətə, bir hissəsi də pulsuz verilə bilər. Əlbəttə bu, Azərbaycan üçün xoşagələn hadisə deyil. Çünki uzun müddətdir bu ölkə Azərbaycana qarşı ərazi iddiaları ilə müharibə aparır. Münaqişənin həll prosesinin dalana dirəndiyi vaxt düşmənə bu qədər silah-sursatınb verilməsi yaxşı hal deyil. Bu, hər birimizi narahat edir”.

"Rusiya üçün Azərbaycan daha ciddi bazardır”

"Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı, analitik Azər Həsrət "Cümhuriyət” qəzetinə Rusiyanın bu plan çərçivəsində Ermənistana silah satacağını istisna etməyib. Amma A.Həsrət düşmən ölkənin bu silahları almaq gücündə olmadığını deyib:

"Əgər Rusiya konkret KTMT ölkələrini nəzərdə tutubsa, bu zaman Ermənistana silahların satılacağı inandırıcı görünmür. Əlbəttə satılacaq, amma Ermənistanın bu silahları almağa o qədər də maddi imkanları yoxdur. 

Düşünürəm ki, Ermənistan bu baxımdan bu bazarda o qədər də aktiv ola bilməyəcək. Silahları əsasən buna ehtiyacı olanlar alacaqlar. Əslində KTMT ölkələrinin silahlara o qədər də ehtiyacları yoxdur. Bu bazar Rusiya üçün ciddi bazar sayıla bilməz. Həmin bazar KTMT-nin xaricindədir. Məsələn, Yaxın Şərq və Azərbaycan kimi ölkələr Rusiyanın əsas müştəriləridir. Bu bazar Rusiya üçün daha ciddir. Ermənistanı çıxmaq şərti ilə digər KTMT ölkələrinin silahlara o qədər də ehtiyacları yoxdur. Həmin qurumda yalnız Ermənistan münaqişə vəziyyətindədir. Təbii ki, münaqişə olmayan dövlətlərin silahlara da ehtiyacları yoxdur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları