Yuxarı

"Ərəb baharı”nın növbəti dalğası gəlir

Arzu Nağıyev: "Bu silahlar Səudiyyəyə Böyük Yaxın Şərq layihəsini reallaşdırmaq üçün satılır”

Məhəmməd Əsədullazadə: "Əsas məqsəd  İranın neytrallaşdırılmasıdır”

ABŞ prezidenti Donald Tramp İsrailə səfər edib. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Təl-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən Tramp jurnalistlərə açıqlama verib. O, İranın region ölkələrinə qarşı təhdidindən və Qərblə ("Altılıq”) rəsmi Tehran arasında əldə edilən nüvə sazişindən danışıb. Ağ Ev rəhbəri "Altılıq”la İran arasında imzalanmış nüvə sazişindən danışarkən deyib ki, bu razılaşma ən pis sazişdir: 

"Təəssüf ki, bu saziş hazırda İranı çökməkdən qurtaran xilasediciyə çevrilib. Hesab edirəm ki, Amerika bu sazişi qəbul etməməli, ona qol çəkməməli idi. Həmçinin İran bölgədə yürütdüyü təxribat xarakterli siyasəti ilə Yaxın Şərqi təhlükə qarşısında qoyub: "İran İŞİD-lə yanaşı, bölgənin sülh və sabitliyinə qarşı ciddi təhdiddir. Bölgənin hər yerində İranın ayaq izlərini görmək mümkündür. İran bölgədə münaqişə baş verən yerlərə pul və silah, eləcə də öz hərbçilərini göndərməklə məntəqəyə açıq-aşkar müdaxilə edir və bu siyasətini hələ də davam etdirir. Elə buna görə də hesab edirəm ki, İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır”.

İrana qarşı savaş hazırlıqları

Trampın regiona (İsrail və Səudiyyə Ərəbistanı) səfəri və burada İranla bağlı səsləndirdiyi fikirlərini şərh edən Amerika KİV-ləri tərəflər arasında müharibə ehtimalının 2012-2013-cü ildən də yüksək həddə olduğunu bildirirlər. Mənbələr eyni zamanda Ağ Ev rəhbərinin bölgəyə gedişi ilə gündəmə gələn "İslam NATO-su”, yaxud "İrana qarşı Sünni Koalisiyası” adlı hərbi blokun qurulmasının gündəmə gəlməsini savaş hazırlığının tərkib hissəsi ilə əlaqələndirirlər. Ehtimallara görə, ABŞ bu dəfə də İranı məzhəb qarşıdurmasında olduğu ərəb dövlətləri ilə vurmağa çalışacaq. "Sünni Koalisiyası”nın da bu məqsədə xidmət edəcəyi və bu yöndə atılmış ilk addım olduğu bildirilir.

Qərb mediasında Donald Trampın regiona və Səudiyyə Ərəbistanına səfərinin uğurlu olduğunu bildirirlər. İlk növbədə Tramp Ər-Riyadda nəhəng silah anlaşmasını imzaladı. Həmin anlaşmaya görə, ABŞ 10 il ərzində Səudiyyə Ərəbistanına astronomik məbləğdə - 350 milyard dollar civarında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Bu anlaşma Səudiyyə Ərəbistanının hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində İrana qarşı əsas gücə çevrilməsinə şərait yaradacaq. Başqa sözlə, "İslam NATO-su” rəsmən elan olunmamışdan əvvəl ABŞ İrana qarşı region dövlətlərini silahlandırmağa başlayıb.

"ABŞ "məzhəb kartı”ndan istifadə edir”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə burada İranın ABŞ üçün səbəb yox, bəhanə olduğunu deyib. Politoloqun sözlərinə görə, Trampın regiona səfəri seçkiqabağı kampaniyada verdiyi vədlərlə bağlıdır: "Bu, həmçinin xarici terrorizmlə mübarizənin tərkib hissəsidir. Yəni, terrorizmin mənbəyini İran və ərəb dövlətləri hesab edən ABŞ rəhbərləri İsrail və Səudiyyə Ərəbistanına strateji tərəfdaş olduqlarını dünyaya göstərməyə çalışırlar. Məhz buna görə də Tramp ilk səfərini Səudiyyə Ərəbistanına, ikinci səfərini də İsrailə etdi. Bu çərçivədə də İranın nüvə məsələsini qabardaraq, Səudiyyə Ərəbistanına milyardlarla dollar dəyərində silah satmaq şəratini yaradır. Həmin silahların da İrana qarşı yönəldiləcəyi təsəvvürünü yaradırlar. ABŞ Səudiyyə Ərəbistanı və İran arasındakı məzhəb fərqliliyindən istifadə edə bilər. Hesab edirəm ki, bu silahlar Səudiyyə Ərəbistanı və digər region dövlətlərinə növbəti "Ərəb baharı”nı həyata keçirmək, yaxud Böyük Yaxın Şərq layihəsini reallaşdırmaq üçün satılır. Əlbəttə, burada müəyyən mənada İran məsələsi də var”.

Arzu Nağıyev qeyd edib ki, ABŞ Suriya böhranından istifadə edərək həm kürdləri, həm də digər qruplaşmaları silahlandırmaq üçün belə addımlar atır:

"İkincisi, ABŞ regiondakı balansı pozmağa çalışır. Çünki Rusiya son vaxtlar Suriyadakı bazalarını gücləndirməyə çalışır və bölgəyə nəzarəti tamamilə ələ keçirərək nüfuz sahibi olmaq istəyir. ABŞ da bunun qarşısını almaq üçün müvafiq addımlar atır. Amma bu o demək deyil ki, İrana qarşı müharibəyə başlaya bilər”. 

"İrana qarşı yeni plan hazırlanır”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, Trampın Səudiyyə Ərəbistanı və İsrailə səfərində əsas məqsədlərindən birinin İranın neytrallaşdırılmasıyla bağlı yeni planıyla əlaqədardır. O, qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-Yaxın Şərqdə İsraildən sonra ən etibarlı müttəfiqi və körfəz ölkələrini nəzarətdə saxlamaq üçün əsas verdiyi ölkədir:

"Trampın Ərəb - İslam - Amerika konfransında iştirakı, Yaxın Şərqin yenidən qurulacağından xəbər verir. Qeyd edim ki, Obama dövründə ərəb dünyası ilə münasibətlər soyumuşdu, İranla isə vəziyyət normal idi. Baş verənlər ərəb ölkələrini və İsraili narahat edirdi. Trampın Səudiyyə Ərəbistanı ilə 110 milyardlıq dollar silah anlaşması və sammitdə İrana qarşı sərt ismarıcları və bunu İsraildə təkrarlaması ondan xəbər verir ki, İrana qarşı yeni koalisiyanın qurulmasına başlanılıb. ABŞ-ın İrana qarşı sanksiyaları və "İslam NATO-su” İranın sıxışdırılmasına hesablanıb. Bu birlikdə qeyri-ərəb ölkələri yer almayacaq”. 

Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ İrana qarşı yürütdüyü siyasəti sərtləşdirir:

"Çünki İranın İraq, Suriya, Yəmən və Livanda, həmçinin Fələstin və Bəhreyndə hərbi-siyasi dayaqları var. Lakin ABŞ və ərəb dövlətləri İranın bu ölkələrə təzyiqlərini xeyri dərəcədə zəiflədə bilib. İranı öz daxili problemlərinə çəkəcək yeni plan hazırlayırlar. İrana qarşı hərbi müdaxilə masa üzərində olsa da bu, regionda böyük müharibəyə səbəb ola bilər. İran da belə bir savaşdan çəkinməyə çalışır. İran regionda təklənib və izolyasiyası davam edəcək. Hərbi müdaxilə yaxın perspektivdə mümkün deyil. Əvvəlcə İranla nüvə anlaşması ləğv edilməlidir, yeni sanksiyaların tətbiqi reallaşmalıdır. Hələ ki, bunlar baş vermir, amma bütün hallarda gələcəkdə yeni hərbi qarşıdurma riski qaçılmazdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları