Yuxarı

İŞİD Avropada "boy göstərir”

İŞİD Avropada

Köhnə qitə terror təşkilatının hədəfində

Suriya və İraqda ağır məğlubiyyətə uğrayan İŞİD terror təşkilatı nəzarətində olan əraziləri itirməyə başlayıb.Son döyüşlərdən ağır itkilərlə geri çəkilən İŞİD meydanını rəqiblərinə verir.ABŞ liderliyindəki koalisiya qüvvələri, Bəşər Əsəd və Rusiya orduları terror təşkilatının mövqelərinə qarşı hücumlarının saylarını artırıblar.Qeyd edək ki, bu əməliyyatlar nəticəsində İŞİD peşəkar hərbçilərinin və ərazilərinin xeyli hissəsini itirib.Təşkilatın sıraları və nəzarətində olan əraziləri keçən illə müqayisədə iki dəfə azalıb.

Digər yandan bir çox strateji əhəmiyyətli şəhərdən çıxmaq məcburiyyətində qalıb.İŞİD-in iqtisadi, hərbi və maliyyə bazaları məhv edilib.Təşkilatın Dabık şəhərindəki son döyüşü də baş tutmadı.Terrorçular bu döyüşü "Qiyamət müharibəsi” adlandırırdılar.Lakin Türkiyə ordusu bir neçə gün içində Dabıkı İŞİD-dən azad edib, təşkilatın buradakı mövqelərini darmadağın etdi.

İŞİD Avropada

İngiltərə və Almaniya KİV-ləri isə Yaxın Şərqdə (Suriya və İraq) sıxışdırılan İŞİD haqqında sensasion iddia ilə çıxış ediblər.İngilis və alman mənbələrin iddialarına görə, Yaxın Şərqdən çıxmağa başlayan İŞİD-in növbəti məskunlaşma yeri Avropa olacaq.Təşkilatın Avropada genişmiqyaslı terror aktları hazırladığı bildirilir.Hesab olunur ki, kansler seçkilərinə hazırlaşan Almaniya təhlükə ilə üz-üzə qalıb.Qeyd edək ki, İngiltərənin Mançester şəhərində törədilmiş terror aktı Britaniyada cəmi iki həftədən sonra baş tutacaq seçkilər ərəfəsinə düşür.Ehtimala görə Böyük Britaniyada seçkilər sona çatandan sonra terrorçuların əsas hədəfi Almaniya olacaq.

Amerikalı analitik İvan Yakovin "Current Time TV”-yə şərhində Yaxın Şərqdə məğlub olan İŞİD-in Avropaya üz tutduğunu və qitə dövlətləri üçün təhlükənin artdığını iddia edib. Ekspert hesab edir ki, son məğlubiyyətlərdən sonra İŞİD-in Avropa ilə yanaşı dünyanın digər bölgələrində fəallığı artacaq: "Artıq terror təşkilatının Avropadan olan üzvləri öz ölkələrinə geri qayıtmağa başlayıblar. Avropada terror təhlükəsi artıb.Bir sıra siyasi qüvvələr Avropa ölkələrində ultrasağçı partiya və təşkilatları hakimiyyətə gətirməyə çalışırlar.Müsəlmanları da bunun üçün özlərinə cəlb edirlər.Nəticədə Avropada terrorçuların və cihadçıların sayı artacaq”.

Fransada gərgin dönəm

Artıq Böyük Britaniya və Almaniya ilə yanaşı Fransa da artan terror təhlükəsinə qarşı ciddi tədbirlər görməyə başlayıb.Makron hökuməti Mençester terrorundan sonra İŞİD-in növbəti hədəfinin Fransa olacağını bildirib.Hökumət hazırda davam edən fövqəladə vəziyyət rejiminin noyabr ayına kimi uzadılması üçün parlamentə müraciət edəcəyini açıqlayıb.Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci ilin 14 noyabrında Saint-Denis və Parisdə baş vermiş terraktla əlaqədar elan edilib.Hücumlar nəticəsində 100-dən çox insan ölmüş, 400 nəfər yaralanmışdı."Fransa prezidenti iyulun 15-də başa çatacaq fövqəladə vəziyyət rejiminin noyabrın birinə kimi uzadılması ilə bağlı parlamentə müraciət etməyi qərara alıb”, - məlumatda deyilir. Prezident Emmanuel Makron eyni zamanda terror təhdidlərinə qarşı təhlükəsizliyi gücləndirmək üçün qanunun hazırlanmasını istəyib: "Dövlət başçısı hökumətdən fövqəladə vəziyyətdən kənar təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsini istəyib. Qanunun mətni gələn həftələrdə hazırlanacaq”.

Hollandiya kəşfiyyatından ilginc iddia

Mançester aktından bir müddət əvvəl Hollandiyanın Milli Təhlükəsizlik və Terrorizmlə Mübarizə İdarəsinin koordinatoru Dik Şkuf İŞİD-in Avropaya qarşı "Drone” adlanan Pilotsuz Uçan Aparatlarla (PUA) hücuma keçəcəyini açıqlayıb. Şkuf qeyd edib ki, artıq İŞİD Suriya və İraqda PUA-lardan istifadə etməyə başlayıb: "Bu, bizə narahat olmağa əsas verir. Avropaya üz tutmağa başlayan cihadçılar və İŞİD-çilər Avropadakı fəaliyyətlərini genişləndirmək üçün daha təhlükəli variantlara əl ata bilərlər.İŞİD-in Avropadakı qruplaşmaları qitədə genişmiqyaslı hücumlara başlaya bilərlər.Həmin birliklər kənardan əmr alırlar. Keçən il Avropada baş verən 22 terror aktının hamısını İŞİD öz üzərinə götürüb, bu, terror təşkilatının bu il də sakit dayanmayacağını göstərir. Ən böyük təhlükə isə budur ki, Avropadan Yaxın Şərqə cihada gedənlər artıq geri qayıtmağa başlayıblar”.

Avropa İttifaqında "qanlı bahar”

Avropa Polis Təşkilatı ("Europol”) da Suriya və İraqda nəzarət ertdiyi bölgələri itirən İŞİD-in Avropada qanlı aksiyaları start verəcəyini açıqlamışdı. "Europol”-a görə, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Belçika "İslam Dövləti”nin hədəf aldığı ölkələrdir. Qurumun Terrorizmlə Mübarizə Mərkəzinin son hesabatına görə, İraq və Suriyada ağır itkilər verən terror təşkilatı bundan sonrakı fəaliyyətini Avropaya yönəldə bilər.İŞİD-lə mübarizə məqsədilə qurulmuş və ABŞ liderliyindəki koalisiyada iştirak edən Avropa İttifaqı dövlətləri ilk hədəflərdir.Hazırda Avropada yüzlərlə İŞİD üzvünün və simpatizanın olduğunun vurğulandığı hesabatda hücumların terror təşkilatına bağlı qruplaşmalarla yanaşı, kamikadzelər tərəfindən də reallaşdırılması ehtimalının yüksək olduğu diqqətə çatdırılır.Hesab olunur ki, İŞİD iz azdırmaq üçün terror aksiyalarına plansız və kortəbii şəkildə başlaya bilər.

"Europol”-a görə, İŞİD Avropadakı planlarında əsasən Suriyadan bura gələn qaçqınlar və miqrantlardan istifadə edir.Qeyd olunur ki, saxta sənədlərlə Avropaya üz tutan bu şəxslər terror təşkilatının planları ilə əlaqədar buradakı qaçqın düşərgələrində təbliğat işləri aparırlar.Hesabatda qeyd olunur ki, İŞİD silah almaq, saxta pasport və digər sənədlər almaq üçün Avropada bir sıra təşkilatlarla birlikdə çalışır. "Europol” həmçinin İŞİD-lə yanaşı, "əl-Qaidə” və "əl-Nüsra”nın da Avropa İttifaqı ölkələri və Qərb üçün təhlükə olduğunu bildirir. Ehtimallara görə, hər üçü terror təşkilatı gözlənilmədən Avropaya hücuma keçə bilər.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları