Yuxarı

Rusiyanın NATO-nu çökdürmək planı

Rusiyanın NATO-nu çökdürmək planı

ABŞ-la Avropa dövlətləri arasında ziddiyyətlər dərinləşir

Elxan Şahioğlu: "Proses Amerikanın hegemonluğununazalmasınagətirib çıxara bilər”

Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko alyansın hərbi xərcləri artırması planlarını pisləyib, Avropa ölkələri daha çox silah aldıqca, bundan ABŞ müdafiə sənayesinin faydalanacağını bildirib. "Cümhuriyət” qəzeti xəbər verir ki, Qruşko avropalıların ABŞ-ın tələbini qəbul edərək ÜDM-lərinin 2 faizini müdafiəyə xərcləməyə razılaşdıqları halda ümumi xərcləmənin 370 milyard avroya çatacağını deyib və qeyd edib ki, bu, nəhəng məbləğdir. Səfirin sözlərinə görə, onlar bu məbləğin 20 faizini silah alışına xərcləyəcəklər ki, bu da ilə 70 milyard avro edir: "Aydındır ki, bu pulun böyük hissəsi Amerika silahlarının alınmasına gedəcək. ABŞ müdafiə sektoru qazanacaq”.

Rusiyanın Xarici İşlər Nazirliyi "Rusiya-NATO münasibətlərinin "soyuq müharibə” bitəndən bu yana ən böhranlı dövrünü yaşadığını bildirib. Avropa KİV-ləri isə Rusiyanın NATO və ABŞ-a müqavimət göstərmək üçün plan hazırladığını iddia edib. Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Rusiyanın NATO-nun Avropada yayılmasının qarşısını almaq üçün ölkələrin daxili işlərinə qarışdığını iddia edib. O, həmçinin Rusiyanı aktiv şəkildə ölkəsinin də daxili işlərinə qarışmaqda ittiham edib: "Rusiya Monteneqronun NATO-ya qoşulmasına mane olmağa çalışır. Rəsmi Podqoritsa Moskvanın bu addımını pisləyir”.

Merkeldən Avropanı ABŞ-a inanmamağa çağırış

Monteneqrolu nazirdən fərqli olaraq, Almaniyanın kansleri Angela Merkel Rusiyanı "Avropanın dostu” adlandırıb, ölkələri isə Donald Trampın idarə etdiyi ABŞ-a inanmamağa çağırıb. Kansler Trampın yanlış yolda olduğunu diqqətə çatdırıb: "Biz İngiltərə, ABŞ və Rusiya ilə dostluq münasibətlərimizi davam etdiririk. Lakin avropalılar ölkələrinin gələcək talelərini özləri müəyyən etməlidirlər.Heç bir dövlətə güvənmək olmaz, xüsusilə də Donald Trampın idarə etdiyi ABŞ-a.Son zamanlar baş verənlər də bunu sübut edir”.

Rusiya NATO-ya qarşı dirəniş göstərə biləcəkmi?

Avropa KİV-ləri hesab edirlər ki, qitə dövlətlərinin, xüsusilə də Avropa İttifaqının aparıcı üzvləri - Fransa və Almaniyanın Trampa olan soyuq münasibətindən istifadə edən Rusiya NATO və ABŞ-ın regionda genişlənmə siyasətinin qarşısına keçə bilər. Son zamanlarda Fransa, Almaniya, Skandinaviya dövlətləri və digər ölkələrdən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsi çağırışları da artıb.Hesab etmək olar ki, Rusiya Avropanın antiTramp mövqeyini ön planda tutaraq, bir sıra addımlar ata bilər. Nəzərə alsaq ki, Rusiyanın Krımda nüvə silahları yerləşdirməsi barədə məlumatlar yayılıb, digər yandan Kalininqradda və Baltikyanı regionla sərhədlərində "İsgəndər M” və qitələrarası zenit-raket kompleksləri yerləşdirib, bu da Avropa dövlətlərini ehtiyatlı qərarlar verməyə məcbur edə bilər. Mümkündür ki, Rusiyanın hərbi-siyasi təzyiqləri qarşısında Avropanın aparıcı gücləri ABŞ-ın öz əzəli rəqibi qızışdıran addımlarına qarşı çıxacaq tədbirlər görsünlər.

Fransa və Almaniya hesab edə bilər ki, əgər Rusiya ABŞ və NATO-nun genişlənmə və müharibə riskini artıran addımlarına adekvat qərarlar qəbul etsə, bu savaşa yol aça bilər.Belə bir vəziyyətdə də Avropa növbəti dəfə dünya müharibəsi poliqonuna çevrilə bilər ki, ABŞ-ın buradan zərərləri o qədər də çox olmayacaq.Başqa sözlə, Avropa ABŞ-ın Rusiya ilə müharibə planlarının tətbiqi meydanına çevrilmək istəmir.Donald Tramp və Pentaqonun NATO-nun Avropada genişlənməsilə bağlı qəbul etdiyi strategiya Rusiyanı qızışdırır.Rusiya özünümüdafiə məqsədilə Ukrayna, Polşa, Finlandiya və Baltikaynı dövlətlərə hərbi müdaxilələr edə bilər.İsveç hökuməti də Rusiyanın potensial hərbi müdaxiləsinə qarşı təhlükəsizlik və müdafiə tədbirlərini gücləndirdiyini açıqlayıb.Beləliklə, ABŞ-ın NATO və Rusiya arasındakı geosiyasi qarşıdurmanı qızışdıracaq tədbirlər planı Avropadakı müttəfiqləri tərəfindən bəyənilmir.Rusiya məhz bu nöqtədə müttəfiqlərinin Trampın idarəçiliyində olan Amerikaya qarşı soyuyan münasibətlərindən istifadə etməyə çalışır.Hesab etmək olar ki, Angela Merkel dolayı yolla bunu dilə gətirmək istəyirdi.

Pentaqondan təcili qərar

ABŞ isə Avropa dövlətlərinin nə düşünməsindən asılı olmayaraq, Rusiya ilə müharibə ehtimallarına görə, Avropaya təcili göndərməli olduğu hərbi qüvvələrin sayını artırmağı planlaşdırır. Keçən il Pentaqondan olunan təklif yenidən gündəmə gəlib. Təklif olunur ki, Amerika qoşunları Almaniya, Fransa və Baltikyanı regionda briqadaları tanklar və BMP-lərlə, sursatla təchiz etməyə imkan verən xüsusi texnika yerləşdirməlidir.Hesab olunur ki, bu texnika ABŞ-ın Avropada maksimal sürətlə qüvvə cəmləşdirməsinə imkan verəcək.Pentaqondan artıq Avropaya əlavə hərbi qüvvə göndərməyə hazır olduqları bildirilib.Digər yandan Rusiyanın təzyiqləri nəzərə alınaraq, keçən ildən Avropada ABŞ-ın nüvə başlıqlı raketlərinin yerləşdirilməsinə dair danışıqlar aparılır. Qərarların özünə qarşı çevrildiyini nəzərə alan Rusiya da öz növbəsində ABŞ-ın hava sərhədləri yaxınlığında tez-tez nüvə raketləri daşıyan strateji bombardmançılarla reydlər keçirir. NATO ölkələrinin hüdudları yaxınlığında hərbi manevrlər edir və ölkənin Qərb sərhədlərinə əlavə qoşunlar cəmləşdirir.

"...Rusiya boşluğu dolduracaq”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya Avropa dövlətlərinin daxili işlərinə qarışa bilər, amma bu yolla qitədə nüfuz qazana bilməz. Merkelin sözlərinə gəlincə, politoloq qeyd edib ki, Almaniya hakimiyyəti Trampın xarici siyasətindən narazıdır:

"Bir sıra Avropa dövlətləri də Almaniyanın bu mövqeyini dəstəkləyir. Buna görə də qeyd edirlər ki, ABŞ-ın Avropada nüfuzu aşağı düşür.Əslində bu riskli sözlərdir.Çünki İkinci Dünya Müharibəsindən sonra Almaniya bir müddət Amerikanın nəzarətində oldu.Merkelin açıqlaması isə o deməkdir ki, Almaniya artıq özünü müstəqil hiss etməyə başlayıb, artıq özünü Amerikadan asılı kimi göstərmək istəmir.Merkellə yanaşı Almaniyanın xarici işlər və müdafiə nazirləri də Amerikanı sərt tənqid etdilər.

Çünki Trampın özü də Almaniyanın yürütdüyü siyasətdən narazılığını dilə gətirir.Heç Tramp Ağ Evdə Merkelin əlini sıxmaq istəmirdi.Jurnalistlərin təkidinə baxmayaraq, kanslerin əlini sıxmadı.Çünki Amerika prezidenti həmişə deyir ki, Almaniya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Almaniya Amerika bazarlarına öz avtomobillərini çıxarsa da ABŞ alman bazarlarına məhdud məhsullarla girə bilir:

"Digər yandan digər ölkələr NATO-ya üzvlük haqlarını vaxtında versələr də Almaniya bu üzvlük haqqını gecikdirir. Tramp deyir ki, Almaniya öz iqtisadiyyatını inkişaf etdirir, amma öz təhlükəsizliyini Amerikanın hesabına təmin etmək istəyir. Bu cür tənqidlər də Almaniya hökumətində narazılıq yaradır.Düşünürəm ki, bu gedişat Tramp dönəmində Avropa - ABŞ münasibətlərini soyudacaq.Bu, həmçinin Amerikanın hegemonluğunun azalmasına gətirib çıxara bilər.

Amma bu o demək deyil ki, yaranacaq boşluğu Rusiya dolduracaq. Avropanın Rusiyaya qarşı sanksiyaları var. Əgər Rusiya Krımı işğal etməsəydi, hazırda bu ölkənin Avropadakı nüfuzu daha geniş ola bilərdi. Amma Rusiyanın etdiyi böyük səhvlər - Krımı işğal etməsi, Donbasda separatçılara, Suriyada isə Bəşər Əsədə verdiyi dəstək Rusiyanın Amerikanın Avropadakı yerini doldurmağa imkan vermir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları