Yuxarı

Şimaldan müharibə anonsu

Şimaldan müharibə anonsu

Arzu Nağıyev: "Dağlıq Qarabağda vəziyyət kritikdir”

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ kritik vəziyyətdədir. Artıq Qarabağda müharibə başlayacağı haqda xəbərlər dolaşır. Dünyanın diqqət mərkəzində olan Qarabağ problemini danışıqlar masasında həll etmək mümkün olmur. Artıq münaqişə ocağında müharibənin qaçılmaz olduğu bildirilir. Bu günlərdə rusiyalı hərbi ekspert  Pavel Felqenqauer Qarabağda müharibə anonsunu verib. Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin başlayacağı haqda hesabatına şərh verən ekspert bildirib ki, çoxdandır ki, Qarabağın üzərində buludlar qatılaşır və müharibə qaçılmazdır.

Onun sözlərinə görə, itkilər təkcə təmas xəttində yox, Azərbaycan və Ermənistan sərhədində də olur. Onun sözlərinə görə Dağlıq Qarabağ problemində hər-hansı irəliləyiş yoxdur, tərəflər faktiki olaraq müharibə hazırlığındadır: "Məsələ ondadır ki, Qarabağ münaqişəsi sanki "yetim müharibə”dir. Heç kəs bu haqda düşünmür, heç kəs onunla məşğul olmur. Rusiyada mənə deyirlər ki, Ukraynada müharibə başlayır, mən deyirəm ki, "Qarabağ indi partlayacaq”. Müharibə Rusiyaya sərf etməsə də, bu, mütləq baş verəcək”, -deyə o bildirib.

P.Felqenqauer Qarabağ münaqişəsində Rusiyanın çıxılmaz vəziyyətdə qalacağını bildirib. O, deyib ki, Ermənistan Rusiyanın müttəfiqi olsa da Moskva Azərbaycana da xüsusi önəm verir:

"Buna görə də Moskva Qarabağa görə Azərbaycanla qarşıdurmaya getməyəcək. Buna görə də Ermənistana dəstək verməyə bilər. Rusiya tərəflərə atəşi dayandırmaq haqda müraciət edəcək, lakin görünən budur ki, tərəflər buna qulaq asmaya bilər. Bu isə daha böyük yanğına səbəb olacaq”.

Politoloq Arzu Nağıyev Dağlıq Qarabağ münaqişəsində gözləntilərlə bağlı "Cümhuriyət” qəzetinə deyib ki, rusiyalı politoloqlar əslində belə çıxışlarla münaqişədə iştirakını ortaya qoymaq istəyir:

"Rusiyanın ekspertləri son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlar verməyə çalışırlar. Yəni, bu gün Rusiya ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir. Düşünürəm ki, xarici işlər səviyyəsində əgər münaqişə ilə bağlı həmsədrlər bəyanat vermirsə, demək ki, ekspertlərin də verdikləri bəyanatlar inandırıcı görünmür. Məlum məsələdir ki, Dağlıq Qarabağda vəziyyət bu gün kulminasiya nöqtəsinə çatıb. Azərbaycan tərəfi öz təkliflərini verib. Artıq söz Ermənistan tərəfinindir. Onlar da heç cür danışığa gəlmək istəmir, status-kvonu saxlamağa çalışırlar. Bu da təbii ki, Azərbaycanı heç cür razı sala bilməz. Rusiyalı ekspertlər məhz bu məqsədlərdən belə açıqlamalar verirlər. Bildirirlər ki, müharibə qaçılmazdır, silahlanmaq lazımdır. Əslində isə həm Azərbaycan, həm də Ermənistan tərəfini silahlandırmağla məşğuldurlar. Rusiyalı rəsmilərin verdiyi açıqlamaların hər biri o demək deyil ki, onlar problemin mahiyyətini anlayıb bunu deyirlər”.

Politoloqun sözlərinə görə birmənalı olaraq bu gün Dağlıq Qarabağda vəziyyət kritikdir:

"Məhz bu səbəbdən ATƏT-in Minsk Qrupu həmsədrləri bu günlərdə regiona səfər edəcəklər və müəyyən görüşlər keçirəcəklər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları