Yuxarı

Kreml açıq təhdidə keçdi

Kreml açıq təhdidə keçdi

Erkin Qədirli:""Rusdilli əhali” Moskvanın geosiyasi maraqlarına və iddialarına xidmət edən anlayışdır”

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə Moskvadan Azərbaycana qarşı başladılan siyasi təzyiqlər davam edir.Artıq Rusiya öz geosiyasi layihələrinə cəlb etmək istəyən Azərbaycana qarşı müxtəlif istiqamətlərdən diplomatik hücumlara keçib və tam gücüylə basqıları artırır.Kremlin siyasi elitasının rəsmi Bakıya qarşı istifadə etdiyi əsas təzyiq vasitəsi "Qarabağ kartı” olsa da, bu basqılar özünü digər istiqamətlərdə də göstərməyə başlayıb.

Hesab etmək olar ki, gələn il Azərbaycanda keçiriləcək seçkilər yaxınlaşdıqca, bu hücumların sayı artacaq və kəskinləşəcək. Artıq Rusiya KİV-lərində Kremlin seçkilərə öz namizədi ilə qatılacağından danışılır.

Kiril əlifbası

Rusiyanın təhsil naziri Olqa Vasliyevanın Azərbaycanla yanaşı, MDB-nin digər ölkələrində vahid kirill əlifbasına keçməyə çağırışı Kremlin ənənəvi siyasətində "yeni silah”ı sayıla bilər. O, hesab edir ki, SSRİ-nin dağılmasından sonra keçmiş müttəfiq respublikaların ərəb ( ərəb əlifbasına hansı ölkə keçib ki?! - müəllif) və latın əlifbalarına keçidi yanlış idi və bunun qarşısı alınmalıydı: "Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya-kirill əlifbasına keçməliyik”.

Keçmiş SSRİ vətəndaşları

Təxminən 1 ay əvvəl Rusiya prezidenti Vladimir Putin keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığına qəbul olunmasıyla bağlı açıqlama verdi. 

O, hökumət və Dövlət Dumasına müraciət edərək, həmin şəxslərə Rusiya vətəndaşlığının verilməsi prosedurunu sadələşdirməyi tələb etdi. Kreml başçısının tələbi rəsmiləşdirilməsə də, bunun Rusiyanın keçmiş Sovet respublikalarına, o cümlədən, Azərbaycana qarşı yeni diplomatik hücumu olduğuna şübhə yoxdur.Keçmiş 14 Sovet respublikasında keçmiş zamanda SSRİ vətəndaşı olmuş milyonlarla insanın yaşadığını nəzərə alsaq, bu halda Rusiya prezidentinin bu çağırışı ilə hansı həcmdə axının olacağını əvvəldən bilmək o qədər də çətin deyil.

"Qarabağ kartı”

Rusiyanın Azərbaycana təzyiq vasitələri arasında Dağlıq Qarabağ münaqişəsi öncül yerini qoruyur.Bakı - Moskva münasibətlərində gərginlik olan kimi Kreml münaqişəni qızışdıracaq addımlar atır.Yaxud Azərbaycan Qərbə meyillənən kimi ya cəbhə xəttində vəziyyəti gərginləşdirərək, ya da öz maraqlarının üstün olduğu həll variantlarını gündəmə gətirərək tərəflər arasındakı məsafəni uzatmağa cəhd edir.Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Qrupuna "mənasız danışıqlara son qoyun” xəbərdarlığından sonra ölkəmizdə həmsədrlik missiyasından imtina məsələsi yenidən gündəmə gəlib.Rusiya baxımından bu, Azərbaycanın savaş hazırlığıdır və bu, özünün Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamasında da göstərir.

Moskva təhdid edir

Rusiyalı diplomat Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar yoluyla həll edilə biləcəyini və müharibə variantının müzakirə olmadığını bildirib: "Münaqişənin danışıqlardan başqa həll yolu yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yarandı.Danışıqlar zamanı müəyyən prinsiplərin hazırlanmasına baxmayaraq, hələ bir çox mürəkkəb detallar razılaşdırılmalıdır.Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq”.

İstisna deyil ki, Sergey Lavrov Kreml tərəfindən hazırlanmış yeni həll planından danışır."Xırda, lakin ciddi detallar araşdırılır”, deyəndə məhz bunu nəzərdə tuturdu.Hesab etmək olar ki, Rusiya yenidən Azərbaycanı silaha əl atmaqdan çəkindirməyə cəhd edir və müharibə olacağı halda Azərbaycanın hansı vəziyyətlə üzləşəcəyini dilə gətirmək istəyir.Beləliklə, yeni həll variantı yoxdur, Rusiya sadəcə münaqişədə və regionda söz sahibi olduğunu xatırladaraq, Ermənistan və Azərbaycanın yalnız onun diktəsi ilə hərəkət edə biləcəklərini gündəmə gətirmək istəyir.

QHT sektorunda fəallaşma

Ermənistanda nəşr olunan "Haykakan Jamanak” qəzeti də Rusiyanın öz maraqlarını Müstəqil Dövlət Birliyi (MDB) respublikalarına diktə etmək üçün yeni təzyiq vasitələrinə əl atdığını gündəmə gətirib.Qəzet ABŞ prezidenti Donald Trampın Rusiya-Amerika münasibətlərinə dəstək arayışına çıxan rəsmi Moskvanın MDB məkanında maliyyələşdirdiyi QHT-lərdən istifadə edəcəyini yazır.Mənbə həmçinin QHT-lər vasitəsilə digər maraqlarına dəstək qazanmağa çalışacağını da istisna etməyib.

"Putin rejimi rus cəmiyyətindən qorxur”

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya Azərbaycan və digər qonşu dövlətlərə imperialist təzyiqlərini davam etdirir. O, bu təzyiqlərin müxtəlif istiqamətlərdən edildiyini diqqətə çatdırıb:

"Rusiyanın Azərbaycana təzyiq üsulları məhdudlaşıb. Lakin buna baxmayaraq, qonşu dövlətlərə qarşı özünün imperiya siyasətini davam etdirmək istəyir.Hərbi gücünə arxayındır.Rusiya daha güclü vasitələrlə təzyiq edə bilməz.Kreml bir sıra məsələləri gündəmə gətirməklə respublikaları özünə cəlb etmək istəyir.Bunlarla da həmçinin Azərbaycana ictimai rəyi yoxlamağa çalışır.Çünki Rusiyanın Azərbaycanda "5-ci kolon”u fəaliyyət göstərir.Həmin insanlar Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş satqınlardır.İstənilən vaxt aktivləşirlər.

Pərakəndə halda olsalar da bir mərkəzdən idarə olunurlar.Güman edirəm ki, Rusiyanın bu təzyiqləri istədiyi nəticəni verməyəcək.Rusiyanın Azərbaycan cəmiyyəti arasında da nüfuzu yüksək deyil.Kirill əlifbasıyla bağlı təklifə gəlincə, güman etmirəm ki, cəmiyyət bunu dəstəkləyəcək.Hesab edirəm ki, Azərbaycan dövləti də buna getməyəcək.Latın əlifbası türk dövlətlərinin ortaq dilidir. Hətta, Rusiyanın özündə təklif verilir ki, latın əlifbasına keçilsin. Bu halda Rusiyanın Avropaya inteqrasiyası baş verə bilərdi.Hesab edirəm ki, Putin rejimi daha çox rus cəmiyyətindən qorxur.Kreml qorxur ki, rus cəmiyyətində demokratiya yönündə aktivləşmə baş verə bilər”.

Azərbaycanın rusdilli vətəndaşlarından Putinə məktub

"Cümhuriyət” qəzeti xəbər verir ki, REAL Hərəkatı Ali Məclisinin sədri Erkin Qədirli Rusiyanın Azərbaycan daxilində olan təzyiq vasitələrini işə saldığını bildirib. REAL yetkilisi Azərbaycanın rusdilli vətəndaşlarının Rusiya prezidentinə məktububunun bu vasitələrdən biri olduğunu diqqətə çatdırıb:

"Mətbuatdan oxudum ki, Azərbaycanın rusdilli əhalisi Rusiya prezidentinə məktub yazıb. Məktubla tanış oldum, bu, başdan-ayağa yanlışdır. Azərbaycanın rusköklü vətəndaşları ola bilər, bu problem deyil, onlar rusdur və rus dili onların doğma dilidir. Bəs "Azərbaycan"ın rusdilli əhalisi” kimdir? Birincisi, "rusdilli əhali” anlayışı Moskvanın geosiyasi maraqlarına və iddialarına xidmət edən anlayışdır.Bizimkilər niyə ondan istifadə edirlər? Bu, adi məsələ deyil.Hər şeydə olduğu kimi, siyasətin də dil çərçivələri var. Dildən istifadə edərkən çox diqqətli olmaq lazımdır. "Azərbaycanın rusdilli əhalisi” ifadəsi ölkəmizin milli maraqlarına uyğun deyil”.

Erkin Qədirlinin sözlərinə görə, Azərbaycan vətəndaşı olan rusların yeni nəsli ölkəmizin rəsmi dilini öyrənir, bu dildə danışmağa başlayır:

"Bazar məcbur edir. Misallar çoxdur.Onları daha dərindən inteqrasiya etmək yerinə, "rusdilli əhali” anlayışı altına salmaq yanlışdır.Üçüncüsü və ən yanlışı, hətta təhlükəlisi budur ki, Azərbaycanda yaşayan rusdillilər məktubda özlərini "Rusiyanın həmvətənləri” adlandırırlar. Azərbaycan vətəndaşları, hətta rusdilli olanları, niyə Rusiya həmvətənləri sayılmalıdır?”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları