Yuxarı

İşğalı sonlandıracaq İkinci Qarabağ Savaşı

İşğalı sonlandıracaq İkinci Qarabağ Savaşı

Üzeyir Cəfərov: ”Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan ordusu çox qısa zamanda öz ərazi bütövlüyümüzü bərpa edə bilər”

Elçin Mirzəbəyli: "Bu savaş həm də erməni xalqının azad olması ilə nəticələnəcək”

Erməni silahlı birləşmələrinin Alxanlı (Füzuli rayonu) təxribatından sonra Ermənistan və Azərbaycan arasında növbəti müharibə ehtimalı artıb.Azərbaycan ordusunun təxribata sərt formada cavab verəcəyi qorxusunu yaşayan düşmən tərəf artıq bizi potensial müharibədən çəkindirmək üçün başqa vasitələrə əl atır.Növbəti savaşda Rusiyanın Ermənistana dəstək verməyəcəyini düşünən işğalçı tərəf Azərbaycanın müttəfiqi sayılan İsrailə silah üçün müraciət edib.Erməni KİV-ləri rəsmi Təl-Əvivə edilən bu müraciətin müsbət nəticə vermədiyini, İsrailin Ermənistana silah satmaqdan imtina etdiyini yazırlar.

Alxanlı hücumundan keçən bir neçə gün ərzində baş verən bir neçə silahlı qarşıdurmada Ermənistan ordusunun xeyli sayda canlı qüvvə və hərbi texnikası məhv edilib.Müharibə ehtimalının artıdığını görən işğal olunan ərazilərimizdə yaşayan ermənilərin artıq Ermənistan və qonşu dövlətlərə qaçmağa başladıqları da yayılan məlumatlar arasındadır.

Rusiyanın iştirak etməyəcəyi müharibə

Başvermə riski artan müharibədə Rusiya, yaxud, digər xarici güclərin iştirak etməyəcəyi Ermənistan KİV-lərində müzakirəyə çıxarılan əsas məsələdir.Xüsusilə, bir neçə gün əvvəl Rusiyadan Azərbaycan imzalanmış sazişə uyğun olaraq növbəti silah partiyasının gəlməsindən sonra bu narahatlıq daha da artıb.Erməni ekspertlərə görə, Rusiyanın iştirak etməyəcəyinin dəqiqləşməyə başladığı bu müharibədə Ermənistanın məğlubiyyəti qaçılmazdır.Düşmən mənbələri bunu Azərbaycanın Ermənistanla müqayisədə güclü hərbi arsenalının olmasıyla əlaqələndirirlər.Ermənistanın ictimai-siyasi gündəmində müzakirə olunan bu məsələ başqa - daha ilginc iddiaları da gündəmə gətirib.Erməni mətbuatında iddia olunur ki, Dağlıq Qarabağ və işğal altında olan digər rayonları azad edəcək Azərbaycan ordusu mübahisəli olan Zəngəzur, Göyçə, İrəvan, Mehri və digər əraziləri də geri qaytara bilər.

Əlbəttə, bütün ehtimallar Rusiyanın iştirak etməyəcəyi müharibə ehtimalı üzərində qurulub ki, erməni mütəxəssislər bu meydanda öz ölkələrinə heç bir şans vermirlər.Hesab olunur ki, Azərbaycan təkcə canlı qüvvələri hesabına yox, həm də silahları hesabına bütün tarixi ərazilərini geri qaytara bilər.

1990 - 2017

1990-cı illərdə Ermənistan Azərbaycan ərazilərini Rusiya və digər qonşu dövlətdən (İran) aldığı hərbi, texniki və maddi kömək hesabına işğal etdi. Beynəlxalq sənədlər üzərində Ermənistan işğalçı tərəf kimi tanınsa da, Rusiya bu prosesdə böyük pay sahibidir və bu, heç kəsə sirr deyil. Məlumdur ki, həmin zaman - işğaldan bir neçə ay əvvəl Rusiya tamamilə Ermənistan qarşısında Azərbaycanı silahsızlaşdırdı.Nəticədə Azərbaycan çox zəif və qeyri-peşəkar hərbi güclə düşmən qarşısına çıxdı.Məğlubiyyətin qaçılmaz olduğunu həmin dönəmdə hər kəs bilirdi. Lakin sonrakı dönəmdə dünyanın enerji bazarına açılan Azərbaycan ölkəyə axan milyardlarla neft pulları hesabına öz hərbi sənayesini qurdu, İsrail, Rusiya, Türkiyə, Pakistan, CAR və dünyanın inkişaf etmiş digər ölkələrindən ən güclü, modern silahları aldı. Ermənistan ordusunun arsenalındakı silahların hamısı Rusiyaya məxsusdur.İstənilən halda 1990-cı illərdə olduğu kimi Rusiya Ermənistanı silahsızlaşdıra bilər.Hazırda Ermənistanın arsenalına daxil olan ən güclü silah sayılan "İsgəndər M” raketlərini zərərsizləşdirəcək və dünyanın ən müsir sistemlərinə ("Künbəz” və "Lahad”) sahibdir.

"Azərbaycan heç kəsdən qorxmamalıdır”

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə bildirib ki, tarixi ərazilərimizlə bağlı səsləndirdiyimiz fikirləri düşmən bizim əleyhimizə istifadə edir. Ekspert hesab edir ki, hazırkı situasiyada yaxın tarixdə ermənilər tərəfindən işğal olunmuş ərazilərin azad olunması haqda danışmalı və bunun üçün çalışmalıyıq: 

"Beynəlxalq hüquq normalarını tapdalayaraq Azərbaycan ərazilərini işğal etmələrini qlobal formada gündəmə gətirmək lazımdır. Əlbəttə, Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan ordusu çox qısa zamanda öz ərazi bütövlüyünü bərpa edə bilər.Heç kəs də bunu Azərbaycana qadağan edə bilməz, bu, bizim təbii haqqımızdır.Bütün beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir.Azərbaycan bu gün hüquqi, iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclüdür.Əhalimizin sayı da düşmənlərin sayından 3 dəfə çoxdur, hərbi gücümüz də öz yerindədir.Nəhayət, arzu edirəm ki, Rusiya ağıllanacaq və Azərbaycan çox rahat şəkildə öz ərazi bütövlüyünü bərpa edəcək.Buna görə də heç bir narahatlıq yoxdur.Azərbaycanın çox güclü silahları var və silahlanma davam edir.Azərbaycan ordusunun şəxsi heyətinin sayı Ermənistanın canlı qüvvələrindən dəfələrlə çoxdur.Əgər vəziyyət belədirsə, Azərbaycan heç kəsdən qorxmamalıdır.Biz yalnız bu yöndə qətiyyətli addımlar atmalıyıq ki, öz məqsədimizə nail olaq”.

"Qarabağı Rusiya işğal edib, Ermənistan yox”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə Rusiyanın Azərbaycan ərazilərinin işğal olunmasında əsas pay sahibi olduğunu deyib. Politoloqun sözlərinə görə, Ermənistan bu gün də Rusiyaya arxalanaraq, işğal prosesini davam etdirir: 

"Bunu düşünməyə ehtiyac yoxdur. Əlbəttə, Rusiyanın iştirakı olmadığı müharibədə Ermənistan məğlubiyyətə məhkumdur.Ermənistan vaxtilə Rusiyanın dəstəyini almasaydı, Azərbaycan ərazilərini işğal edə bilməzdi.Azərbaycan ərazilərini Ermənistan yox, Rusiya işğal edib.Əgər Rusiyanın iştirakı olmayan qarşıdurma baş versə, bu savaş həm də erməni xalqının azad olması ilə nəticələnəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları