Yuxarı

Kürdüstan uğrunda böyük müharibə başlayır

Kürdüstan uğrunda böyük müharibə başlayır

Müstəqil kürd dövləti qaçılmaz prosesə çevrilir

Sədrəddin Soltan: "İŞİD-dən sonra bölgənin əsas silahlı qrupları PKK-nın qolları olacaq”

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi bu ölkənin gələcək siyasi taleyi ilə bağlı məsələni gündəmə gətirib. Siyasi müşahidəçilərin fikrincə, İŞİD terrorçularından azad edilən İraqı daha böyük bir təhlükə gözləyir. Bu təhlükə bütövlükdə İraqın bir dövlət olaraq xəritədən silinməsi ilə nəticələnə bilər. Söhbət İraqın parçalanmasından və həmin coğrafiyada müstəqil kürd dövlətinin yaradılmasından gedir. Ölkə ərazisi İŞİD-dən təmizləndikcə, onun yerini faktiki olaraq PKK terror təşkilatı və silahlı peşmərgələr tutacaq. İraq Kürd Muxtariyyəti isə sentyabr ayında müstəqilliyini elan etmək üçün referendum keçirəcəyini bəyan edib. 

İraqın baş naziri Heydər əl-Abadi sözügedən referendumun qanunsuz olduğunu və ölkənin ərazi bütövlüyünün bölünməsinə yol verilməyəcəyini bəyan edib. Analoji bəyanatlar rəsmi Ankaradan da gəlməkdədir. Ancaq ABŞ başda olmaqla Qərb dövlətləri Kürdüstan planı məsələsində Türkiyəyə güzəştə getmək niyyətində görünmür. Türkiyəli nazirlərin Avropa Birliyi ölkələrinə girişinə qoyulan qadağaların da arxasında məhz "Kürd planı”na görə Ərdoğan iqtidarına təzyiqlərin dayandığı güman edilir. ABŞ-ın dövlət katibi Reks Tillersonun iyulun 10-da İstanbula səfəri zamanı apardığı danışıqlar da ciddi nəticə verməyib. Qərb Yaxın Şərqdə İraqın, Suriyanın və Türkiyənin parçalanması hesabına müstəqil kürd dövlətinin yaradılmasında israrlı görünür. Bu təhlükə İranın da kürdlər yaşayan bölgəsinə sirayət edə bilər. Ona görə də İran ABŞ-ın sözügedən planına qarşı çıxır. Ancaq bu məsələdə İranın mövqeyini birmənalı hesab etmək olmaz. Çünki müstəqil kürd dövləti yaradılacağı təqdirdə əsasən İraq, Suriya və Türkiyənin ərazisi bölünmə riski ilə üzləşə bilər. İraqın şiə, sünni və kürd dövlətlərindən ibarət üç hissəyə parçalanması İranın yerləşdiyi bölgədə yeni geosiyasi şəraitin formalaşmasına səbəb ola bilər.

Siyasi müşahidəçilərin fikrincə, Kürdüstan dövlətinin yaradılması artıq qaçılmaz görünür. ABŞ-ın "Trumen planı”nı reallaşdırmağa çalışması bölgədə genişmiqyaslı qanlı müharibələrin də başlanmasına gətirib çıxara bilər. Türkiyə bu planın qarşısını almaq üçün Suriyanın Afrin, Təl-Rıfat və Menbic bölgələrində PYD terror təşkilatına qarşı "Fərat qalxanı” əməliyyatının ikinci mərhələsini həyata keçirməyə hazırlaşır. Kürd silahlılarının ABŞ-la müttəfiqliyindən narazı qalan və İdlib bölgəsindəki radikal islamçı təşkilatları Türkiyənin dəstəyi ilə azad etmək istəyən Rusiya Ankaranın keçirmək istədiyi əməliyyata razılıq verib. İran da Suriya ərazisində müstəqil kürd dövləti və ya muxtariyyətinin qurulmasına qarşı çıxır. Lakin İraqın bölünəcəyi halda İranın şiələr yaşayan cənub və cənub-şərq bölgələrinə iddiasını ortaya qoyacağı ehtimalı var. Yəni, müstəqil kürd və sünni dövlətlərinin yaradılması digər tərəfdən İranın maraqlarına uyğun gəlir. İran bununla iki əsas hədəfə çatmaq istəyindədir. 

Birincisi, İran Kərbəla şəhərinin yerləşdiyi bölgəni təsir zonasına daxil etmək və ya ilhaq etməyə çalışmaqla İslam dünyasının ikinci ən böyük dini-ideoloji mərkəzinə çevrilmək istəyir. Belə bir planın reallaşması həm də İranın Yaxın Şərqdə və ərəb dünyası üzərində geostrateji gücə çevrilməsi deməkdir. Ancaq ABŞ başda olmaqla Qərbin buna nə qədər imkan verəcəyi ciddi sual doğurur. 

İkincisi, İran İraqın şiələr yaşayan bölgəsini nüfuz dairəsinə daxil etməklə Səudiyyə Ərəbistanı, İsrail və kürd dövləti ilə öz arasında bufer zona yaratmış olar. 

Ancaq Qərb İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumunun nəticəsini tanımalı olarsa, Türkiyə, İraq, Suriya və İran kimi dövlətlər fakt qarşısında qala bilər. Halbuki, İraq Konstitusiyasına görə, referendum bütün ölkə əhalisi arasında keçirilməli olduğu halda əhalinin ancaq 5,5 milyon nəfərini təşkil edən kürdlər arasında keçirilməsi nəzərdə tutulub. Bu da qanunsuz olduğundan nəticələri legitim sayıla bilməz. Statistikaya görə, İraqın 25 milyon nəfər əhalisi arasında kürdlərin cəmi 10 faizi səsvermə hüququna malikdir. Bu da müstəqil kürd dövlətinin qurulması üçün ciddi hüquqi əsas yarada bilməz. Buna baxmayaraq, Belçika hökuməti referendum keçiriləcəyi təqdirdə nəticələri tanıyacağını bildirib. 

Mövcud situasiyanı təhlil edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, müstəqil kürd dövlətinin qurulması siyasi reallığa çevrilib. Həmin planın İraqda və Suriyada həyata keçirilməsi İŞİD-in məhv edilməsindən sonrakı dövr üçün nəzərdə tutulub: "Birinci varianta görə, İraq şiə, sünni və kürd bölgələrindən ibarət federal dövlətə çevrilə bilər. Suriya ərazisində də sünni, şiə və kürdlərdən ibarət parçalanmış və ya federativ dövlət yaradılır. İkinci varianta görə, İraqdakı kürdlər özləri üçün Kürdüstan adlı dövlət formalaşdırırlar. Sonra da həmin dövlətin vasitəsilə bölgəni zəbt eləməyə başlayırlar. Üçüncü varianta görə, İraq və Suriya dövlət olaraq mövcudluğunu saxlayır, kürdlər də həmin bölgələrdəki rejimlərə qarşı İŞİD-dən sonra öz mövcudluğunu davam etdirir. Hesablamalar belə aparılıb ki, İraq və Suriyadakı kürdlər ağır və müasir silahlarla silahlandırılır, İŞİD bölgəni tərk edəndən sonra bölgədəki dövlətlər üçün başağrısına çevrilir. Yəni, peşmərgələr və kürd terror təşkilatları perspektivdə regionun təhlükəli qüvvəsinə çevriləcək.

ABŞ PYD ilə birlikdə Raqqa şəhərini İŞİD-dən azad edəcəyini, sonra isə silahları geri alacağını bildirir. Amma heç kim heç bir silahı geri almayacaq. İŞİD bölgəni tərk etdikdən sonra Qərbin həmin bölgədə kürdlərdən ibarət bufer dövlət qurması uğrunda silahlı mübarizə başlayacaq. Bu mübarizə mərkəzi Bağdad hökumətinə, mərkəzi Dəməşq hökumətinə, Türkiyə və İrana qarşı aparılacaq. Qərbin müasir silahlarla təchiz etdiyi PKK, PYD, peşmərgə kimi dəstələr uzunmüddətli hərbi əməliyyatları davam etdirəcəklər. Suriyanın, İraqın gələcəyi silahlı müxalifət adlandırlan və ya terrorçu qrupların nəzarəti altında olacaq. İŞİD-dən sonra İraq və Suriyada müstəqil kürd dövləti yaranana qədər silahlı mübarizə davam edəcək”. 

Sədrəddin Soltanın sözlərinə görə, Qərb dövlətləri referendumun nəticələrini tanıdığını elan etsə, nə İraq, nə də Türkiyə ciddi alternativ addımlar ata biləcək: "Əgər Qərb Türkiyə ilə işləmək istəyirdisə, niyə görə Raqqanın azad edilməsində PYD və YPG-dən istifadə edirdilər? Nə üçün həmin terror təşkilatlarına maşınlarla silah, ağır tanklar və artilleriya verirdilər? Deməli, o bölgənin məsələsi Qərb üçün artıq həll olunub. Kürdüstan dövlətinin yaradılmasında Qərb nə İraqın, nə Suriyanın, nə də Türkiyənin icazəsini almaq fikrindədir. Deməli, onlar xəritəni cızıb. Türkiyə də, İran da sadəcə olaraq İraqın və Suriyanın şimalında yaradılmış kürd dövlətini tanımadıqlarını, onunla diplomatik əlaqələr qurmadıqlarını bəyan edəcəklər. Türkiyə və İranın ərazisi üçün təhdidlər olarsa, həmin ocaqlar bombalanacaq. 

Bir müddət sonra bölgədə Türkiyə və İranla müharibə edə biləcək səviyyədə Kürdüstan adında bir dövlət yaradılacaq. Dünyada İraqı və Türkiyəni sevməyən şəxsləri həmin proseslərə cəlb edəcəklər. Onlar kürd silahlılarını təlimatlandıracaq. Yəni, İŞİD-dən sonra bölgədəki əsas fəal hərbi qüvvə PKK-nın qolları olacaq. Türkiyə də İran da artıq onu gözləyən bu təhlükəyə qarşı kürd silahlı dəstələrinin düşərgələrini bombalayır”.

Rusiyanın mövqeyinə gəlincə, ekspet onu da vurğulayıb ki, Kreml kürd kartından istifadə edib Türkiyə və İranı özünə yaxınlaşdırmağa çalışır. Ərəb dövlətləri isə artıq siyasi xaos vəziyyətindədir və kürd probleminin qarşısını almaq gücündə deyil. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları