Yuxarı

Çevrilişdən sonrakı Türkiyə mənzərəsi

Çevrilişdən sonrakı Türkiyə mənzərəsi

Elşən Manafov: "Kürdüstan dövlətinin yaradılması planı daha da tezləşəcəkdi”

Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ terror təşkilatınınTürkiyədə çevrilişə cəhdindən 1 il ötür. Ötən il baş verən hadisə zamanı Türkiyə xalqının legitim hakimiyyətini dəstəkləməsi və demokratiyanın qorunması üçün küçələrdə günlərlə növbə tutması  FETÖ-nün bu cəhdini boşa çıxardı. Rəsmi məlumatlara görə çevriliş cəhdi zamanı Türkiyədə 250 nəfər terrorçu tərəfindən şəhid edilib. Ötən 1 il ərzində həm Türkiyəni, həm də dünyanı daha bir sual maraqlandırıb. Çevriliş cəhdi baş tutsaydı, Türkiyədə nə baş verəcəkdi? 

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında çevrilişin baş tutacağı təqdirdə Türkiyədə yaşana biləcək hadisələrdən danışıb. Politoloqun fikrincə, həm daxili, həm də xarici siyasətdə ciddi dəyişikliklərin baş verəcəyi şübhəsiz idi:

"Xarici siyasətdə təbii ki, ABŞ-ın və Avropa Birliyinin Türkiyədə olan mövqeləri güclənəcəkdi. Eyni zamanda Türkiyənin ABŞ-dan və NATO-dan asılılığının güclənməsinə səbəb olacaqdı. Digər tərəfdən çevriliş baş tutsaydı, bu, Türkiyənin Suriya məsələsi ilə bağlı mövqeyinə də təsir göstərəcəkdi. Həmçinin də Kürdüstan dövlətinin yaradılması planının reallaşması daha da tezləşəcəkdi. Çünki məhz Ərdoğan iqtidarının Rusiya ilə koordinasiya edilmiş siyasəti İŞİD və Qərbin xüsusi xidmət orqanlarının bölgə ilə bağlı planlarını alt-üst etdi. "Fərat-1” və "Fərat-2” əməliyyatlarının keçirilməsi də PKK və onun Suriya qollarının Kürdüstanla bağlı planlarının qarşısına müəyyən mənada sədd çəkmiş oldu. Təbii ki, Türkiyənin Almaniya və Avropa Birliyi ölkələri ilə münasibətlərində gərginlik yarandı. 

Çevriliş baş tutsaydı, əlbəttə ki, münasibətlərin gərginləşməsini görməyəcəkdik. Əgər  ABŞ və Avropa Birliyi ölkələri ilə həmfikir olan Cümhuriyət Xalq Partiyası hakimiyyətə gəlsəydi, daxili siyasətdə də ciddi dəyişikliklərin baş verəcəyi istisna deyildi. Bu, Beynəxalq Valyuta Fondu (BVF) və digər Qərb maliyyə institutlarının Türkiyədə mövqeyinin güclənməsinə səbəb olacaqdı. Şübhəsiz ki, bu fakt Türkiyənin maliyyə-bank sektoruna təsirsiz ötüşməyəcəkdi. Digər tərəfdən düşünürəm ki, Türkiyənin Rusiya ilə münasibətlərində də ciddi problemlər yaşanacaqdı. Ən azı Türkiyənin Rusiyadan enerji asılılığıına son qoymaq üçün Qərb var gücü ilə çalışacağdı. Eyni zamadan Qərb güclərinin Türkiyədə mövqelərinin güclənməsi Azərbaycan karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasında maraqlı olan transmilli şirkətlərə sərf edirdi. Bu TAP və TANAP layihələrinin izolə edilməsi üçün daha fərqli imkanlar yaradacaqdı. Ancaq biz indi görürük ki, bu layihələrin reallaşması üçün maneələr elə Avropa Birliyinə üzv dövlətlər, başda da İtaliya tərəfindən yaradılır. 

Şübhəsiz ki, Türkiyənin siyasi sistemində ciddi islahatlar aparılacaqdı. Ən azı son referendum keçirilməyəcəkdi və heç buna ehtiyac da olmayacaqdı. Bir sözlə, Türkiyənin daxilində və xaricində nurçuların mövqeyi əhəmiyyətli dərəcədə güclənəcəkdi. Bu da Qərbin Türkiyədəki maraqlarının reallaşmasına öz töhfəsini vermiş olacaqdı”.

Politoloq hesab edir ki, Qərb Türkiyədə maraqlarını təmin etmək üçün hələ də Fətullah Güləni dəstəkləyir:

"Ərdoğan iqtidarının israrlı tələblərinə baxmayaraq, ABŞ-ın Fətullah Güləni Türkiyəyə verməməsi və ya bu prosesi süni yollarla uzatması göstərir ki, Gülən ABŞ və onun xüsusi xidmət orqanlarına bağlı adamdır. Dəfələrlə "Cümhuriyət” qəzetinə müsahibəmdə demişəm ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi heç bir vəchlə Güləni Türkiyəyə sağ şəkildə verə bilməz. Çünki bu halda nəinki ABŞ-ın Türkiyə ilə bağlı, ümumiyyətlə, Yaxın Şərqlə bağlı planlarının üstü açılmış olacaq. Bu gün də Gülənin ABŞ-a sığınması və ABŞ xüsusi xidmət orqanlarının onu dəstəkləməsi belə deməyə əsas verir ki, "Gülənçi”lərin Türkiyədə hakimiyyətə gəlməsi paralel dövlət quruculuğunu daha rahat şəkildə reallığa çevirsin. Ötən il çevriliş cəhdinin baş tutmaması da məhz ABŞ-ın bu planlarını pozdu”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları