Yuxarı

Gülən Türkiyəyə sağ verilməyəcək

Gülən Türkiyəyə sağ verilməyəcək

FETÖ liderinin ekstradisiyası mümkün görünmür

Natiq Miri: "Başağrısı olacağı təqdirdə ABŞ çox asanlıqla Güləndən birdəfəlik qurtulacaq”

İyulun 15-də FETÖ tərəfindən Türkiyədə çevrilişə cəhdin 1 ili tamam olur. Türkiyə təhlükəsizlik qüvvələri və hökumətinin bu il ərzində çevrilişə cəhddə şübhəli bilinən FETÖ terror təşkilatına qarşı apardığı mübarizə müəyyən qədər effekt verdi. Ancaq Türkiyə hüquq-mühafizə orqanları bu gün də FETÖ-ya qarşı əməliyyatları davam etdirir və ötən gün daha 105 nəfər haqqında saxlanma qərarı verilib. Bütün bunlara rəğmən, FETÖ şəbəkəsinə rəhbərlik edən Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyasına nail olunmayıb. Türkiyə və ABŞ arasında ən yüksək səviyyədə gedən müzakirələr də səmərəsiz qalıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə bu məsələyə toxunaraq, FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqların davam etdiyini vurğulayıb. FETÖ lideri Fətullah Gülən isə "Reuters”ə verdiyi müsahibəsində "Əgər ABŞ məni verməyi münasib sayacaqsa, mən Türkiyəyə gedəcəyəm”,- deyib. 

Əgər Gülən Türkiyəyə qayıtmaqda heç bir problem görmürsə, ABŞ niyə Fətullah Güləni Türkiyəyə ekstradisiya etmir?

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında Gülənin dediklərini qeyri-səmimi adlandırıb. N.Mirinin fikrincə, Gülən bütün zamanlarda ABŞ tərəfindən idarə olunub: "Əvvəla Fətullah Gülən müstəqil şəxs deyil ki, istədiyi zaman əlini-qolunu sallayıb Türkiyəyə gələ bilsin. Çünki Gülən idarə olunan şəxsdir və onun üçün yaradılan qlobal şəbəkəyə rəhbərlik edir. Ona görə də ABŞ xüsusi xidmət orqanları, xüsusilə də Mərkəzi Kəşfiyyat İdarəsi istəməsə, Fətullah Gülən evindən belə çıxa bilməz. Digər tərəfdən Fətullah Gülənin bu cür açıqlama verməsi sadəcə olaraq ictimai rəy üçündür və səmimi deyil. Çünki Gülən təkcə Türkiyə üçün yaradılmış şəbəkənin rəhbəri deyil. Fətullah Gülənin rəhbərlik etdiyi məxfi şəbəkə dünyada bir çox coğrafi məkanlarda fəaliyyət göstərir ki, bu da ABŞ-ın geosiyasi maraqlarına xidmət edir.

Məhz həmin şəbəkə vasitəsilə kəşfiyyat informasiyası toplanır, həm də həmin ölkələrin "qan damarına”, idarəetmə sisteminə, güc orqanlarına sirayət etməklə bu ölkələri çox asanlıqla idarə edə və bütün maliyyə sistemlərinə çıxa bilirlər. Ona görə də Fətullah Gülən istəsə belə, artıq bu cür qalmaqaldan sonra öz iradəsi ilə Türkiyəyə gələ bilməz. Digər tərəfdən Gülənin "ABŞ məni qaytarsa, heç yerə qaçmayacağam və Türkiyəyə qayıdacağam” açıqlaması da doğru deyil. Çünki ABŞ qərar versə, təbii ki, Gülən onsuz da heç yerə qaça bilməz. Gülən bütün zamanlarda olduğu kimi bu gün də çox ciddi nəzarət altındadır. Ona görə də Gülənin bu açıqlamasını doğru və səmimi saymıram”.

Natiq Miri hesab edir ki, ABŞ Fətullah Güləni heç vaxt Türkiyəyə verməz. Onun sözlərinə görə, Gülənin Türkiyəyə sağ verilməsi ABŞ üçün ciddi təhlükədir: "Gülənin qaytarılması ABŞ üçün təhlükədən öncə, onun beynəlxalq imicinə zərbədir. Çünki Fətullah Gülən sıradan bir şəbəkənin rəhbəri deyil. Bu təkcə Türkiyədə deyil, bir çox strateji ölkələrdə fəaliyyət göstərən məxfi kəşfiyyat şəbəkəsidir. Ona görə də hesab edirəm ki, Gülənin bilgiləri ABŞ üçün çox böyük təhlükə yaradır. Əgər Gülən danışarsa, bu, ABŞ-ın dünyada formalaşan imicinə çox ciddi zərbə vurar.

Çünki bu kəşfiyyat fəaliyyətləri bir çox ölkələrdə olub və bu gün də var. Ona görə də bu cür məlumatlı bir şəxsin Türkiyənin xüsusi xidmət orqanlarına asanlıqla təhvil verilməsini düşünmək hesab edirəm ki, doğru deyil. Təbii ki, ABŞ bu məsələni uzadaraq sonsuza qədər müzakirə olunmasını təmin edəcək. Ancaq ABŞ müəyyən vədlər versə də Güləni Türkiyəyə verməyəcək. Onun üçün başağrısı olacağı təqdridə ABŞ çox asanlıqla Güləndən birdəfəlik qurtulacaq. Bu da müəyyən mənada inandırıcı olacaq. Çünki Gülən artıq 80 yaşındadır və sağlamlığında müəyyən problemlər var. O baxımdan Gülənin hər an ölməsi inandırıcı görünə bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları