Yuxarı

İşğalçıya verilmiş sonuncu şans

İşğalçıya verilmiş sonuncu şans

Sahib Alıyev: "Yenidən geniş hərbi əməliyyatlara start veriləcəyi təqdirdə Azərbaycan ordusu axıradək gedəcək” 

Əli Orucov: "Bu, "təbliğat müharibəsi”dir və düşmənə bir xəbərdarlıqdır”

Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış gərginlik tərəfləri müharibə meydanına çəkə bilər. Gərginliyin aktiv fazaya keçəcəyi ehtimalının artdığı ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydıqları təcili bəyanat və Azərbaycan müdafiə naziri Zakir Həsənovun Rusiyanın "Ria Novosti” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən də  məlum olur. 

Zakir Həsənov bildirib ki, Azərbaycan nəticəsiz danışıqların davam etməsinə uzun müddət dözmək fikrində deyil: "Biz ermənilərin nəyə ümid etdiyini bilirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, əgər heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik. Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir. Lakin bu, o demək deyil ki, danışıqlar sonsuza qədər davam edə bilər. Onlar çox uzandı. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Ətrafa diqqət yetirin, beynəlxalq qanunlar artıq işləmir, hamı güc amilinə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik”. Prezidenti İlham Əliyev də son çıxışında Azərbaycanın münaqişənin dinc yoll həllində maraqlı olduğunu, lakin bu müzakirələrin nəticə verməyəcəyi halda alternativ variantlardan istifadə olunacağını istisna etməyib: "Əgər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar doğrudan da mahiyyəti üzrə başlanacaqsa, bu, müsbət haldır”.

Müharibə gözləntisi

Dövlət başçısı və müdafiə nazirindən əvvəl Minsk qrupu həmsədrləri yeni həll planının olduğu ehtimalını yaradaraq gərginliyin aktiv fazaya keçməsinin qarşısını almağa cəhd etdilər. Baş verənlərdən yaranan ehtimal budur ki, Azərbaycan Alxanlı təxribatından sonra Ermənistan qarşısında "qırmızı xətt” çəkib, əgər işğalçı tərəf aktiv formada nəticəsi olan danışıqlar masasına oturmağa hazır olmasa, Azərbaycan müzakirələri dayandırıb müharibə variantını seçə bilər. Ekspertlər hesab edirlər ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabr ayına təyin edilmiş görüşü münaqişənin dinc yolla həlli üçün işğalçıya verilmiş sonuncu şans ola bilər və bundan sonra işğal başa çatanadək fəal hərbi əməliyyatlar başlaya bilər. 

Ermənilərə qarşı "Suriya taktikası”

"Cümhuriyət” qəzetinə açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev bildirib ki, Zakir Həsənovun müsahibədə səsləndirdiyi fikirlər həm aprel döyüşlərinin niyə dayandığını, həm də təzədən döyüşlər başlanarsa, Azərbaycanın hansı addımları atacağını bilmək baxımından maraqlıdır: "Cənab Həsənov deyir ki, döyüşlər zamanı Rusiyanın müdafiə naziri ona və həmin ölkənin baş qərargah rəisi Valeri Gerasimov da bizim baş qərargah rəisinə zəng edərək döyüşlərin dayandırlmasını istəyiblər. Fikirləşmirəm ki, döyüşlərin dayandırılmasıyla bağlı bizə ancaq adıçəkilən bu iki adam zəng edib. Çox ehtimal ki, zəng edənlərdən biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub. Ancaq döyüşlərin onun deyil, məhz adları çəkilən Şoyquyla Gerasimovun təkidli zənglərindən sonra dayandırılıb. Niyəsi aydındır. Nazirimizin dediklərindən o da aydın olur ki, Azərbaycan atəşı azacıq dayandıran kimi havadarlarını qabağa verən haylar bundan cəhbəyə yeni qüvvələr yeritmək üçün faydalanıblar”.

"Ordumuz axıradək gedəcək”

Sahib Alıyevin sözlərinə görə, həmin vaxt döyüşlər dayandırılmasaydı, əks halda ölkə böyük təhlükələrlə üz-üzə qalacaqdın və Zakir Həsənovun fikirlərindən də bu məntiq çıxır: "Həm də ona görə qalacaqdıq ki, Ermənistandakı "İsgəndər” raketləri də döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Bu fakt da ilk dəfədir açıqlanır. Haylar bunu öz təşəbbüsləri ilə etmişdilər? Zakir Həsənovun müsahibəsindən belə anlaşılır ki, yox. O da bəlli olur ki, o zaman bizim həmin raketləri məhv edəcək sistemimiz olmasa da indi var. Üstəlik, indi bizdə raketlərin sayı Ermənistandan 50 dəfə çoxdur. 50 dəfə çox olduğu üçün də Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər. Bunu da general Həsənov çəkinmədən dilə gətirir”.

Millət vəkilinin sözlərinə görə, müsahibədən anlaşılan başqa bir məsələ də yenidən geniş hərbi əməliyyatlara start veriləcəyi təqdirdə Azərbaycan ordusunun axıradək gedəcəyidir: "Hayların havadarlarının ötən ilin aprelində etdikləri zənglər bu dəfə təkrarlansa belə əvvəlki qədər effektli olmayacaq. "İsgəndər” raketini zərərsizləşdirə bilən kompleksin əldə edilməsi, İsrail, Türkiyə, Pakistan və bir çox başqa ölklərələ hərbi əməkdaşlığa daha çox diqqət yetirilməsi, elə müdafiə naziri Zakir Həsənovun bu açıq ismarıçlarla dolu müsahibəsinin özü də məhz bundan xəbər verir”.

"Başqa variant yoxdur”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə "Cümhuriyət” qəzetinə açıqlamasında indiki vəziyyətdə müharibənin olacağına inanmadığını deyib. Partiya yetkilisi qeyd edib ki, münaqişənin həlli üçün müharibə o qədər də asan variant deyil: "Müharibə ilə bağlı ritorik çıxışları biz indiyədək də eşitmişik. Bu, "təbliğat müharibəsi”dir və düşmənə bir xəbərdarlıqdır. Düşünmürəm ki, Ermənistan və Azərbaycan arasında bağlanmış atəşkəs sazişi pozulacaq. Baxmayaraq ki, kifayət qədər silahımız var. Müharibənin müsbət və mənfi tərəfləri də var. Müharibə böyük zəhmət və gərgin iş, risk və dağıntı tələb edir. Amma münaqişənin həlli yalnız hərbi yoldan keçir, bunun başqa variantı yoxdur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları