Yuxarı

Gürcüstan üzərində yeni erməni oyunu

Gürcüstan üzərində yeni erməni oyunu

Məhəmməd Əsədullazadə: "Moskva Ermənistanı müdafiə etməklə NATO-nun Qafqazda genişlənməsinin qarşısını alır”

Azər Həsrət: "Ermənistanın özünün də Rusiyaya ciddi ehtiyacı var”

İyulun 15-də Gürcüstanın Qori rayonunun Berşueti kəndinin yaxınlığında, separatçı Cənubi Osetiya bölgəsi ilə inzibati sərhəddə etiraz aksiyası keçirilib. "Cümhuriyət” qəzeti Gürcüstan KİV-lərinə istinadən xəbər berir ki, aksiyanın keçirilməsində məqsəd Rusiya hərbçilərinin Cənubi Osetiya sərhədlərini Gürcüstan ərazilərinin içərilərinə doğru 1 kilometrə yaxın çəkməsinə etiraz etmək olub. Gürcü mənbələrin iddialarına görə, Rusiya Gürcüstan üzərindən Ermənistana "dəhliz” açmağı planlaşdırır. Qori rayon administrasiyasının nümayəndəsi David Tservadze aksiyada çıxışı zamanı deyib ki, bu məqsədlə Rusiya hərbçiləri sərhədi ölkənin içərilərinə doğru 700 metr çəkiblər.

Gürcü KİV-ləri yazırlar ki, Rusiyanın Gürcüstan üzərindən Ermənistana quru dəhlizi açmaq planları yeni deyil. Bu məqsədlə Abxaziyadan keçən və Rusiyanı Ermənistanla birləşdirən dəmir yolunun açılması 2012-ci ildə Gürcüstanda "Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra bir neçə dəfə gündəmə gətirilib. Rusiya bu dəhlizi açmaq üçün Gürcüstana təzyiqlər göstərir. Gürcüstan tərəfi Abxaziya dəmiryolunun açılmasına dair bir neçə dəfə qeyri-rəsmi müzakirələr aparsa da rəsmi mövqe belədir ki, Abxaziyanın de-fakto işğalına son qoyulmadan bu, mümkün olmayacaq.

Ermənilər Gürcüstana qarşı hücumda

Aksiyadan bir neçə gün əvvəl gürcü KİV-lərində Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi məsələsi gündəmə gəlmişdi. Gürcüstan ərazilərinin ermənilər tərəfindən işğal edilməsinin tərəflər arasında ciddi qarşıdurmaya gətirəcəyi ehtimal olunur. Mənbələr yazırlar ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir. Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər. Qeyd olunur ki, 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil idi.  SSRİ dağılandan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək, monastrı və onun yerləşdiyi ərazini mənimsəyib. Gürcü mənbələr qeyd edirlər ki, hələ 1988-ci ildə Qarabağın işğalı prosesinə strat verən erməni millətçilər Gürcüstana qarşı da təcavüz siyasəti yürüdüb və bunun nəticəsi olaraq, Hucabi monastrı işğal edilib, görünür ki, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal edib. Gürcüstan KİV-ləri monastrın ermənilər tərəfindən işğal edilməsini, Rusiyanın bu ölkə üzərindən Ermənistana "dəhliz” açmaq planının tərkib hissəsi olduğunu istisna etmirlər.

Rusiya Ermənistanı niyə müdafiə edir?

Gürcü analitiklər Rusiyanın bu dəfə Ermənistandan Gürcüstana qarşı istifadə etməyə başladığını və bu məqsədlə sərhəddə yerləşən Samtsxe-Cavaxetiya bölgəsində yaşayan erməni separatçıları qızışdırdıqlarını bildirirlər. Hesab olunur ki, erməni separatçıları ərazi iddiaları ilə Gürcüstana qarşı qızışdıran Rusiya bölgədə yeni münaqişə ocağı yarada bilər. Rusiyanın qonşu dövlətə qarşı növbəti separatçı hücumunu bu ölkənin son zamanlarda NATO və Avropa İttifaqı ilə birlikdə həyata keçirdiyi ortaq layihələrlə əlaqələndirirlər. Gürcüstan ətrafında baş verənlərdən görünən budur ki, Rusiya Ermənistandan təkcə Azərbaycana qarşı yox, digər region dövləti Gürcüstana qarşı da istifadə etməyə çalışır. Həmçinin, Ermənistan - Türkiyə sərhədində (Gümrü) öz hərbi bazasını quran Rusiya "erməni kartı”ndan bu ölkəyə qarşı da istifadə etməyə cəhd edir. Zaman-zaman erməniləri Türkiyəyə qarşı ərazi iddiaları ilə ayağa qaldıran Rusiya eyni zamanda qondarma soyqırım məsələsində Ermənistanın ən yüksək tribunadan danışan "dilidir”.

"Türkiyə və Azərbaycana qarşı istifadə edir”

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, Cənubi Qafqaz Rusiyanın geosiyasi maraqlarına daxil olan əsas regionlardan biridir. Politoloq qeyd edib ki, bu bölgə Şərqlə Qərb arasında körpü rolunu oynayır, həmçinin Yaxın Şərqə yaxın olduğu üçün böyük dövlətlərin maraq dairəsindədir: 

"Regiona təsir rıçaqlarına malik olan Rusiya Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistana daha çox diqqət ayırır və hərbi-siyasi dəstək verir. Ermənistanın NATO üzvü olan Türkiyə ilə sərhəddə yerləşməsi, həmçinin Azərbaycanla düşmən vəziyyətində olması Rusiyanın maraqlarına cavab verir. Kreml həmişə Ermənistandan Türkiyə və Azərbaycana qarşı siyasi alət olaraq istifadə edib. Bu məqəsədlə də Ermənistandan dayaq nöqtəsi və hərbi baza kimi istifadə edir. 

Rusiyanın burada yerləşdirdiyi silahlar NATO və Azərbaycana qarşı yönəlib. Azərbaycan da müharibə vəziyyətində Rusiyanın bu silahlara əl atacağını istisna etmir. Başqa sözlə, Moskva Ermənistanı müdafiə etməklə, regionda öz varlığını təmin edir və NATO-nun Qafqazda genişlənməsinin qarşısını alır”. 

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində Ermənistanı müdafiə etməsə, problem tezliklə həll edilə bilər: 

"Lakin Rusiya bu münaqişədən öz imperiya maraqları üçün istifadə edir və prosesi uzadır. Ermənistan da Rusiyanın bu siyasətinin qurbanıdır və kənardan Rusiya daxilində muxtar respublika kimi görünür. Rusiyanın bu ölkədəki hərbi varlığı Ermənistanın müstəqilliyini əlindən alıb. Əlbəttə, Ermənistanın müstəqil olmasının yolu Qarabağ münaqişəsinin həllindən keçir”.

"Ermənistanın seçim imkanı yoxdur”

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı” Şəbəkəsinin (CASCFEN) sədri, siyasi analitik Azər Həsrət "Cümhuriyət” qəzetinə deyib ki, Rusiya Ermənistanı Cənubi Qafqazdakı maraqlarına görə müdafiə edir və buna görə də bölgədəki yeganə forpostuna hər cür dəstək verir. Analitik vurğulayıb ki, Ermənistanın özünün də Rusiyaya ciddi ehtiyacı var:

"Ermənistanın Rusiyadan başqa seçim imkanı yoxdur. Əlbəttə, bu yaxınlıq təkcə Azərbaycanla bağlı məsələ deyil. Cənubi Qafqazla yanaşı, Rusiya Türkiyəyə qarşı da Ermənistandan istifadə edir. Yəni, Rusiya bu ölkə üzərindən həm Türkiyə və Azərbaycana, həm də bütöv regiona təsir etmək və buradakı nüfuzunu qorumaq istəyir. Şübhəsiz ki, burada Ermənistan ikinci rolda çıxış edir. Çünki bu ölkənin Rusiyanın siyasətinə təsir etmək imkanları yoxdur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları