Yuxarı

Rusiya SSRİ-ni bərpa edir?

Rusiya SSRİ-ni bərpa edir?

Qabil Hüseynli: "Rusiya ABŞ prezidentinin zəifliyindən istifadə edir”

Ukraynanın şərqində separatçı "Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko mətbuat konfransı keçirərək "Malorossiya” adlı yeni konfederativ dövlət yaratdıqlarını elan edib. Zaxarçenko yeni dövlətə "Donetsk və Luqansk xalq respublikalarının” daxil olduğunu açıqlayıb. Hərçənd qondarma Luqansk xalq respublikasının rəhbəri İqor Plotnitski mətbuat konfransında gözə dəyməyib. Məntiqlə yeni konfederativ "dövlətin” subyektlərindən biri kimi "Luqansk xalq respublikası”nın rəhbəri də bəyanat verənlər arasında olmalı idi. 

Zaxarçaneko elan edib ki, "Malorossiya”nın paytaxtı Donetsk şəhəri olacaq. "Biz Ukraynanın keçmiş regionlarının nümayəndələri (Krım istisna olmaqla) Ukraynanın qanuni varisi olan yeni dövlətin təsis edildiyini bəyan edirik”-Zaxarçenko təntənəli şəkildə elan edib. "Biz yeni dövlətin "Malorossiya” adlandırılmasına razıyıq, çünki "Ukrayna” adı nüfuzdan düşüb”-deyə rusiyayönümlü separatçı bildirib.

Zaxarçenko elan edib ki, Kiyev paytaxt statusu olmadan "tarixi-mədəni mərkəz” kimi qalacaq. "Malorossiya”nın dövlət bayrağı isə Boqdan Xmelnitskinin bayrağı olacaq. "Biz bundan çıxış edirik ki, Donetk və Luqansk xalq respublikaları Ukraynada qanuni hakimiyyətin olduğu yeganə ərazidir”. Separatçıların rəhbəri "Malorossiya”nın ərazisində xaosdan qaçmaq üçün üç il ərzində fövqəladə vəziyyət elan olunacağını bildirib. Zaxarçenkonun müşaviri Aleksandr Kazakov isə deyib ki, "Malorossiya”nın konstitusiyasını hazırlamaq üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin rəhbərləri seçilib.

Qondarma "Donetsk respublikasının” gəlirlər və yığım "naziri”, Zaxarçenko ilə bilikdə rəyasətdə oturan Aleksandr Timofeyev isə elan edib ki, "Malorssiya”nın konstitusiyasında onun bloklara qoşulmamaq barədə statusu əks olunacaq. Eyni zamanda Rusiya ilə əlaqələrin bərpası kursu götürüləcək.

"Biz müstəqilliyi və suverenliyi saxlamaq şərtilə Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq kursu götürəcəyik, Avropa İttifaqı ilə razılaşma olsa vizasız gediş-gəlişi saxlayacağıq”- separatçıların nümayəndəsi belə deyib. Timofeyev "yeni dövlətin” MDB-nin də fəaliyyətində iştirak edəcəyini, "Malorossiya”-Rusiya-Avropa İttifaqı üçtərəfli danışıqlarının aparılmasını planlaşdırdıqlarını da bildirib.

Məsələyə münasibət bildirən İqor Plotnitski "Malorossiya”nın formalaşmasında iştirak etməməsini belə əsaslandırıb: "Bu məsələ bizimlə razılaşdırılmadığından Luqansk xalq respublikası öz nümayəndə heyətini Ukraynanın bölgələrindən olan nümayəndələrin yığıncağına göndərməyib”. 

İqor Plotnitskinin açıqlaması Ukraynadakı separatçılar arasında fikir ayrılığının olduğunu göstərir. "Malorossiya” planının Kremldə hazırlanması şübhə doğurmur. Ancaq bu məsələdə A.Zaxarçenkonun Donetskini "Malorossiya”nın mərkəzi elan etməsi narazılığın səlahiyyət bölgüsü üstündə olduğunu deməyə əsas verir. Qondarma DXR-in başçısı artıq özünü Ukraynanın tam işğalına hesablanmış bir uydurma konfederasiyanın rəhbəri elan etməklə Kremlin əsas təmçilsisi kimi təqdim etməyə çalışır. Ona görə də A.Zaxarçenkonun Luqansk separatçılarının adından qərar verməsi İqor Plotnitskini və tərəfdarlarını qane etməyib. Luqansk separatçıları görünür Donetskə tabe olmaq və A.Zaxarçenkonun idarəçiliyi altına keçmək istəmir. 

"Malorossiya” haqda bəyanatların səslənməsinə Moskvadan hələ reaksiya verilməyib. 

Gürcüstanda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko isə Zaxarçenkonun bəyanatlarına cavab olaraq Kiyevin Donbas üzərində suverenliyini bərpa edəcəyini bildirib. Onun sözlərini mətbuat katibi Svyatoslav Tseqolko Tvitter-də yayıb. Poroşenko bundan əvvəlki "Novorossiya” ideyasının dəfn olunduğunu da bildirib.

Qeyd edək ki, "Malorossiya” konfederasiyanın yaradılması barədə qərarın açıqlanması Ukraynada və digər post-Sovet ölkələrində separatizmin yenidən alovlanmasına səbəb ola bilər. Yəni "Malorossiya” adı altında şovinizm hərəkatının sonrakı mərhələdə Belarusa, Moldovadakı Dnestyanı bölgəyə, Gürcüstandakı Abxaziya, Cənubi Osetiya, Qazaxıstanın şimal-şərqində rus əhalinin kompakt yaşadığı bölgələrə yayılmaq təhlükəsi var. Bu proses Dağlıq Qarabağdakı separatçıların 1980-ci illərin sonlarında olduğu kimi Ermənistana birləşmək çağırışlarının yenidən artması üçün mənfi presedent yaradacaq. Rusiya Federasiyası Dövlət Dumasının sədri Vladimir Volodinin rus dilini ikinci dövlət dili kimi qəbul etmək barədə MDB ölkələrinə müraciəti də sözügedən planın tərkib hissəsidir. 

Moskvanın Donbasdakı separatçıların əli ilə şərqi Ukraynanı de-fakto Rusiya ərazisi elan etməsi 2015-ci ildə qəbul olunmuş Minsk sazişinin qüvvədən düşməsi deməkdir. Bu, Ukrayna cəbhəsində atəşkəsin pozulmasına və genişmiqyaslı müharibənin başlanmasına səbəb ola bilər. Ukrayna ordusu 2015-ci ildə Krımın ilhaqı və Donbasda baş verən döyüşlərdən sonra Qərbin hərbi dəstəyi hesabına xeyli güclənib. Eyni zamanda, NATO və ABŞ Ukraynanı müdafiə məqsədilə ağır və silahlarla təmin edib. Şərqi Ukrayna sərhədi boyunca isə Rusiyanın 60 mindən-80 min nəfərə qədər ordu birləşmələri və ağır texnikası cəmləşib. Böyük ehtimalla, Rusiyanın sözügedən hərəkəti ABŞ-ın və Avropa Birlyinin Ukrayna məsələsində heç bir güzəştə getməməsinə cavab mesajıdır. Xüsusilə də prezident Poroşenkonun Ağ Evdə amerikalı həmkarı Donald Tramp tərəfindən qəbul edilməsi, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Moskva daha sərt tədbirlərinə əl atmaqla Ukrayna münaqişəsinin həllində geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. 

Politoloq Qabil Hüseynli hesab edir ki, "Malorossiya” konfederasiyasının yaradılması barədə qərar Rusiyada millətçiliyin və "velikorus” şovinizminin ən pik nöqtəyə qalxması deməkdir: "Bu, SSRİ-ni köhnə ərazilər daxilində bərpa etmək planının işə salınmasıdır. Demək olar ki, ilk addımlardan biridir. Belə hesab etmək olar ki, Rusiya keçmiş SSRİ-nin sərhədlərini ələ keçirmək üçün böyük əzələ nümayişinə başlayıb. Bu, beynəlxalq hüquqa və formalaşmış dünya düzəninin pozulmasına yönəlmiş destruktiv bir addimdir. Güman edirəm ki, bu məsələ BMT və digər beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri tərəfindən ciddi qarşılanacaq, yaranmış təhlükənin qarşısının alınması üçün ciddi addımlar atılacaq. Əks təqdirdə, Rusiyanın bu addımı beynəlxalq sülhün və hüquqi normaların pozulmasına gətirib çıxara bilər”. 

Qabil Hüseynli onu da bildirdi ki, "Normand beşliyi” çərçivəsində qəbul edilmiş Minsk sazişinə əməl olunmadığına görə, həmin sənədi qüvvədən düşmüş adlandırmaq olar: "Rusiyanın bu addımı göstərdi ki, onun üçün beynəlxalq qanunlar yoxdur. Ona görə də dünya hansısa əməli tədbirlər görməlidir”.

Politoloq baş vermiş olayların ABŞ-ın xarici siyasətindəki səhvlərlə bağlı olduğunu da istisna etmir: "Rusiya ABŞ prezidentinin və xarici siyasətinin zəifliyindən istifadə edib dünyaya meydan oxuyur. Rusiya çox təhlükəli siyasət yürüdür və düşünürəm bunun cavabı veriləcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları